MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tütün

Zaqatalada tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi prioritet məsələlərdəndir

Tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı məsələlər Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı yanında şura iclasında geniş müzakirə olunub.

İclasda “İnter-Tobacco” MMC və “Şəki-İpək” ASC-nin nümayəndələri, yerli icra və bələdiyyə orqanlarının, fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər.

Şura iclasında qeyd olunub ki, tütünçülük və baramaçılıq vaxtilə rayonun iqtisadiyyatında aparıcı yerlərdən birini tutub. Sovetlər dönəmində Azərbaycanda istehsal olunan tütünün böyük bir hissəsi Zaqatalanın, eləcə də bu bölgənin digər rayonlarının payına düşüb. Həmin vaxtlar rayonun təsərrüfatlarında il ərzində 13 min tondan artıq quru tütün istehsal olunub. Təəssüf ki, bu göstərici ildən-ilə aşağı düşərək, 2000-ci ildə 4711 ton, 2015-ci ildə isə cəmi 1204 ton olub.

İclasda bildirilib ki, rayonda tütün istehsalının artırılması üçün bütün imkanlar mövcuddur. Tütün istehsalının və emalının genişləndirilməsinin dəstəklənməsi məqsədi ilə hazırda rayonda “İnter-Tobacco” MMC-nin müasir tütün qurutmaxanaları və illik emal gücü 3 min ton olan tütün emalı zavodu fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, Zaqatala rayonunda da zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, rayonda 600 hektar sahədə tütün əkilməsi üçün zəruri olan şitillik salınıb. Tütün sahələrinin hər hektarından 20-25 ton yaş tütün istehsal edilməsi proqnozlaşdırılır. Bu da il ərzində 12-15 min ton yaş və yaxud 1,2-1,5 min ton quru tütün deməkdir.

Tütünçülərin 2015-ci ildən qalan əməkhaqqı borclarının ödənilməsi məqsədi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə danışıqlar aparılıb və “İnter-Tobacco” MMC fermerlərə olan borcların qaytarılmasına başlayıb. Artıq şirkət tərəfindən məhsul istehsalçılarına 25 min manat məbləğində əməkhaqqı borcu ödənilib, eyni zamanda, qalan 34 min manat borcun tamamilə bağlanılması istiqamətində iş davam etdirilir. Şirkətlə müqavilə bağlayan fermerlər istixanaların qurulması üçün lazım olan avadanlıq və toxumla təmin olunub.

Şura iclasında, həmçinin baramaçılığın inkişafı ilə bağlı görüləcək işlərdən də bəhs olunub. Vurğulanıb ki, rayonda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də baramaçılıqdır. Diqqətə çatdırılıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində rayonun kümçüləri 600 tondan artıq barama istehsal ediblər. Lakin baramanın qiymətinin aşağı – 1 kiloqramının 3 manat olması bu gəlirli sahəyə marağı xeyli azaldıb.

Qeyd olunub ki, dövlətimizin başçısının regionlarda ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Şəki-İpək” ASC tərəfindən yetişmiş yaş baramanın 1 kiloqramının tədarük qiyməti artırılaraq 8 manata çatdırılıb. Bundan əlavə, səhmdar cəmiyyət tərəfindən fərdi barama istehsalçılarına əvəzsiz olaraq barama qurdu toxumu və kağız veriləcək.

İclasda rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərə və bələdiyyələrə rəhbərlik etdikləri kəndlərdə tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi, “İnter-Tobacco” MMC və Zaqatala Barama Toxumu Zavodu ilə əməkdaşlığın genişlənləndirilməsi tövsiyə olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top