MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azər Əmiraslanov

Respublika iqtisadiyyatının davamlı inkişafında kənd təsərrüfatının rolu böyükdür

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun üzvləri mayın 25-də günün ikinci yarısında Oğuz rayonunda olublar.

İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi əvvəlcə Xalxal kəndində və Oğuz şəhərinin ərazisində tütün əkini sahələrinə baxıb, fermerlərlə görüşüb, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.

Sonra rayon Mədəniyyət Mərkəzində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, təsərrüfat rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirəni rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq, rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verib.

Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Diqqətə çatdırılıb ki, işçi qrup tərəfindən indiyədək 22 rayonda belə görüş keçirilib. Məqsəd rayonların aqrar sahədə potensialını və imkanlarını öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır.

Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, əhalinin məşğulluq problemini həll etmək, həyat səviyyəsini yüksəltməkdir.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikamızda pambıqçılıqla yanaşı, tütünçülük və baramaçılığın inkişafı ilə bağlı konkret vəzifələr müəyyənləşdirildiyini deyən A.Əmiraslanov qeyd edib ki, bu sahələrin inkişaf etdirilməsi üçün rayonlarda böyük təcrübə, təsərrüfat vərdişləri var. Diqqətə çatdırılıb ki, 2015-ci ildə respublikada cəmi 1400 hektarda tütün əkilib, 3500 ton məhsul istehsal olunub, hər hektardan məhsuldarlıq 25 sentner təşkil edib. Ötən əsrin 70-80-ci illərində isə Azərbaycanda tütün əkini sahələri 18 min hektar, 1986-cı ildə məhsul istehsalı 65 min ton, məhsuldarlıq isə 39 sentner olub. Vaxtilə respublikamızda 6 min tona yaxın barama istehsal olunduğu halda, ötən il bu göstərici cəmi 236 kiloqram təşkil edib. Hazırda bu gəlirli sahələrin inkişaf etdirilməsi üçün dövlət tərəfindən bütün imkanlar səfərbər olunub.

Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına aşağı faizlə kreditlərin verilməsi, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükü və saxlanması üçün müasir anbar binalarının tikilməsi, Bucaq və Baş Daşağıl kəndlərinin əkin sahələrinin qrunt sularından təmizlənməsi üçün əvvəllər inşa edilmiş drenaj şəbəkəsinin yenidən bərpasına kömək göstərilməsi, heyvandarlıq sahəsində müasir texnologiyalara əsaslanan emal müəssisələrinin yaradılması və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top