Şərq-Qərb enerji dəhlizinin 20 illiyi qeyd olunmuşdur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şərq-Qərb enerji dəhlizinin 20 illiyi qeyd olunmuşdur

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi, energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Elşad Nəsirov və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyəti Şərq-Qərb enerji dəhlizinin 20 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün Gürcüstana səfər etmişdir.Səfər çərçivəsində Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə ikitərəfli görüşlər keçirilmişdir. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, Şərq-Qərb enerji dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri müzakirə olunmuşdur. Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandıran Georgi Marqvelaşvili ikitərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində maraqlı olduqlarını bildirmişdir. Baş nazir Artur Rasizadə Azərbaycan-Gürcüstan əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, enerji layihələrinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulamışdır. Azərbaycan Respublikasının nümayəndə heyəti Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə də görüşmüşdür.

Sonra Azərbaycan nümayəndə heyəti, Gürcüstan rəsmiləri, diplomatik korpusun və BP şirkətinin nümayəndələri Şərq-Qərb dəhlizinin 20 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirak etmişlər. Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze yubiley tədbirini açaraq regionda həyata keçirilən irimiqyaslı enerji layihələrinin, xüsusən də Şərq-Qərb enerji dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Gürcüstanın Baş naziri Georgi Kvirkaşvili çıxışında bildirmişdir ki, iyirmi il əvvəl Prezident Heydər Əliyev və Prezident Eduard Şeverdnadze tərəfindən əsası qoyulan Bakı-Supsa layihəsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı oldu, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın, enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan yaratdı. Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının əsasını təşkil edən məşhur “Əsrin kontraktı” çərçivəsində şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sistemi yaradılmışdır. Bakı-Supsa kəməri də həmin strategiyadan irəli gələn alternativ marşrutlardan biridir. Azərbaycanın energetika naziri Natiq Əliyev, BP-nin regional vitse-prezidenti Peter Mather də tədbirdə çıxış edərək, Bakı-Supsa kəmərinin, eləcə də digər enerji layihələrinin əhəmiyyətindən danışmışlar.

Qeyd olunmuşdur ki, 830 kilometr uzunluğunda olan Bakı-Supsa kəmərinin ötürücülük qabiliyyəti ildə 7 milyon ton, gündə 140 min barrelldir. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft bu kəmər vasitəsilə Gürcüstanın qərbinə, tutumu 120 min ton olan Supsa terminalına nəql edilir. Səngaçal terminalından kəmərə ilk neft 1998-ci ilin dekabrında vurulmuş, 1999-cu ilin yayında Supsadan ilk tankerə yüklənmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top