“Konserv zavodları xurma hesabına tam gücü ilə fəaliyyət göstərə bilərlər” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Konserv zavodları xurma hesabına tam gücü ilə fəaliyyət göstərə bilərlər”

Azərbaycan Texnologiya Universitetinin Qida Məhsullarının Texnologiyası Laboratoriyasının alimləri ölkədə bir sıra emal müəssisələrinin və konserv zavodlarının daha gəlirli sahəyə çevrilməsi, istehsal olunan məhsulların isə dünya bazarında kəskin rəqabət mühitində sərbəst satışını təmin etmək məqsədilə elmi nailiyyətlərini açıqlayıb və yeni təkliflərlə çıxış ediblər. Universitetdə illərlə aparılan elmi araşdırmaların nəticəsini ATU-nun Qida Məhsullarının Texnologiyası Laboratoriyasının elmi tədqiqatçısı Ulduz Babayeva açıqlayıb.

KONSERV ZAVODLARI TAM GÜCÜ İLƏ İŞLƏYƏ BİLMİR

Ulduz Babayeva bildirib ki, ölkədəki bəzi konserv zavodları tam gücü ilə işləyə bilmir. Elmi tədqiqatçı emal müəssisələrinin qeyri-rentabelli olmasının səbəbini istehsal çeşidliliyinin olmaması və payızın sonlarında, xüsusilə də qış aylarında ölkədə meyvənin yetişməməsi ilə əlaqələndirib.

ÇIXIŞ YOLU XURMA EMAL ETMƏKDİR

Ulduz Babayeva sahibkarların müəssisələrində xurma meyvəsinin emalına başlayacaqları halda daha böyük mənfəət götürə biləcəklərini qeyd edib. Çünki xurma meyvəsi əsasən payızın axırlarında yetişir. Onun istifadəyə yararlı olması üçün meyvəsinin tam yetişməsi lazımdır ki, bu da daha çox qış aylarına təsadüf edir. Həmin aylarda isə digər meyvələrin istehsalı, yaxud emalı ilə məşğul olunmur. Məhz qış aylarında konserv zavodları xurma meyvəsinin hesabına yenidən tam gücü ilə fəaliyyət göstərə bilər.

“YA QUŞLARIN YEMİNƏ ÇEVRİLİR, YA DA TAMAMİLƏ MƏHV OLUR”

Bəzi statistik göstəriciləri açıqlayan Ulduz Babayeva deyib ki, ötən il Azərbaycan üzrə ümumilikdə 840 min ton meyvə istehsal olunub. Ölkə üzrə toplanan meyvənin 140 min tonunu, Gəncə-Qazax bölgəsində isə 60 min tonunu xurma meyvəsi təşkil edib. Bu gün Qərb bölgəsində, xüsusilə də Gəncə şəhərində xurma ağacı olmayan həyət tapmaq çox çətindir. Uzun illər Rusiyanın müxtəlif şəhərlərində bazarlara çıxarılan və baha qiymətə satılan bu meyvə son illərdə qışın soyuğunda qarın altında qalaraq, ya quşların yeminə çevrilir, ya da tamamilə məhv olur.

UCUZ BAŞA GƏLƏN, TAM TƏBİİ MEYVƏ

Xurma elə meyvələr qrupuna aiddir ki, onun əkilməsində, becərilməsində və yetişdirilməsində heç bir kimyəvi dərman preparatından istifadə olunmur. Xurmanın becərilməsi və yetişdirilməsi zamanı hətta ən sadə qulluğa belə ehtiyac yoxdur. Bu isə o deməkdir ki, xurma meyvəsi həm çox ucuz başa gələn, həm də yetişdirilməsində kimyəvi və dərman preparatlarından istifadə edilmədiyi üçün ekoloji cəhətdən təmiz olan məhsullar qrupuna aiddir.

BU MƏHSULLAR İSTEHSAL OLUNA BİLƏR

ATU-nun Qida Məhsullarının Texnologiyası Laboratoriyası və kafedrasında uzun müddət xurma meyvəsi üzərində müxtəlif istiqamətdə tədqiqatlar aparılıb. Xurma meyvəsindən həm şirələr, həm də cem, pavidla istehsalında geniş istifadə olunaraq yüksək nəticələr əldə edildiyini açıqlayan Ulduz Babayeva bildirib ki, xurma bəhməzindən qida və konserv sənayesinin müxtəlif sahələrində şəkər əvəzedicisi kimi də istifadə etmək mümkündür. Şəkər əvəzinə xurma bəhməzi qatılmış istər sadə, istərsə də lətli və lətsiz şirələri, yaxud bəhməzdən hazırlanan cem və ya pavidlanı uzun zaman saxlamaq mümkündür.

Ulduz Babayeva sahibkarları ATU alimlərinin elmi tədqiqat işindən yararlanmağa çağırıb. Vurğulanıb ki, sahibkarlar elmi araşdırmaların nəticələrindən faydalanaraq, xurma bəhməzindən qida sənayesinin müxtəlif sahələrində şəkər əvəzedicisi kimi istifadə etməklə, tərkibi zəngin, ekoloji cəhətdən təmiz, uzun müddət saxlanmağa davamlı və ölkəyə valyuta gətirə bilən qiymətli məhsulun istehsalı ilə emal və qida sənayesinə böyük töhfə verə bilərlər.

Mənbə: Marja.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top