Azərbaycan-Polşa biznes forumu keçirilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan-Polşa biznes forumu keçirilib

Azərbaycan-Polşa biznes forumu keçirilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkənin sənaye, tikinti, maliyyə, qida və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Forumda çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev  təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımının artırılması istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib.

Biznes forumda çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev və Polşanın İqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin nümayəndəsi Matsey Falkovski ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətini vurğulayıb, işgüzar görüşlərin iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıblar.

PAIH-in İdarə Heyətinin üzvü Zdislav Sokal təmsil etdiyi qurumun fəaliyyəti, Polşanın investisiya mühiti və iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləriindən danışıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Biznes forumda Ələt azad iqtisadi zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının yaratdığı investisiya imkanları, Polşanın Qdansk limanının nümayəndəsi Mixail Stupak və “Bank Gospodarstwa Krajowego”nun nümayəndəsi Feliks Kobirski təmsil etdikləri qurumların fəaliyyəti ilə bağlı təqdimatla çıxış ediblər.

Forum çərçivəsində AZPROMO və PAIH arasında, həmçinin “Baku Steel Company” ilə Polşanın “Konstal”, “Zystal Marcin Zyska”, “Touye Group” və “Warstal” şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

BƏNZƏR MƏQALƏLƏR

Top