MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“İnsan Resursları funksiyalarının transformasiyası” birgə layihəsi üzrə təqdimat keçirilmişdir

ECONOMIC.AZ: Mayın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, vitse-prezidentlərinin, idarə, müəssisə, təşkilat və müştərək müəssisələrin, habelə “SAP MDB” şirkətinin və Azərbaycanda fəaliyyət göstərən bir sıra Qeyri-Hökumət Təşkilatları rəhbərlərinin iştirakı ilə SOCAR və SAP şirkətinin əməkdaşlığı çərçivəsində “İnsan Resursları funksiyalarının transformasiyası” layihəsinin təqdimatı keçirilmişdir.Tədbiri giriş sözü ilə açan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse prezidenti Xalik Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi tövsiyyəsi ilə əlaqədar şirkətdə insan resurslarının inkişafı ilə bağlı görülmüş işlərdən danışmış, bildirmişdir ki, 2008-ci ildən SAP-ın müxtəlif modulları ilə birlikdə “HR” modulu da tətbiq olunur. Bu fəaliyyətlərin davamlı şəkildə, beynəlxalq təcrübəyə əsaslanan idarəetmə prinsipləri nəzərə alınaraq daha effektiv icrası üçün “işə qəbul”, “xidməti fəaliyyətin qiymətləndirilməsi və karyera planlaması”, “biliklərinin test üsulu ilə yoxlanılması”, “təlimlərin təşkili”, “işçilərlə əlaqələr” üzrə beynəlxalq təcrübəyə əsaslanan metodoloji sənədlər və müvafiq standartlar hazırlanaraq tətbiq olunmağa başlanmışdır. İşə qəbul və namizədlərin biliklərinin yoxlanması proseslərinin tam avtomatlaşdırılmış formada tətbiqinə nail olunmuş, bu sahədə operativlik və şəffaflıq təmin edilmişdir. İnformasiya-telekommunikasiya texnologiyalarının intensiv istifadəsi namizədlər və işçilərlə daha effektiv ünsiyyət qurulmasına imkan yaratmışdır. İşçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi və karyera planlaması proqramı hazırlanmış, SOCAR-ın bir neçə müəssisəsində pilot layihə olaraq tətbiq edilmişdir. Qeyd olunmuşdur ki, rəqabətli qlobal mühitlə ayaqlaşmaq üçün SOCAR-da insan resurslarının idarə olunması üzrə tədbirlərin təkmilləşdirilməsi və vahid mərkəzdə inteqrasiyası zəruri əhəmiyyət kəsb edir. Bu məqsədlə tanınmış beynəlxalq şirkətlərdən olan SAP şirkəti ilə birlikdə “İnsan Resurslarının funksiyalarının transformasiyası” layihəsinin həyata keçirilməsinə başlanılmışdır.

“SAP-Azərbaycan”ın direktoru Rüfət Hacıəlibəyli layihənin məqsədindən söz açmış, başlıca prioritetlərin işçi heyətin idarə edilməsində effektivliyin yüksəldilməsi, peşəkar əməkdaşların inkişafı və saxlanılması üçün fundamental əsasın yaradılması, vəsait sərfinin şəffaflığının təmin edilməsi olduğunu söyləmişdir. “SAP-MDB”-nin direktoru Oleq Kornişev “İnsan Resursları funksiyalarının transformasiyası” layihəsinin təqdimatını keçirmiş, SOCAR-ın aidiyyəti struktur bölmələri və SAP şirkətinin əməkdaşlarından ibarət yaradılmış layihə qrupunun iş mexanizmindən bəhs etmişdir. Təqdimatdan sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Tədbirə yekun vuran SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, transmilli şirkətə çevrilmə yolunda rəqabət üstünlüyünə nail olmaq üçün SOCAR-ın ən vacib resursu insanlardır və bu resursların inkişafının təmin edilməsi daim diqqət mərkəzindədir. Korporativ strategiyaya uyğun olaraq bu sahədə ardıcıl və məqsədyönlü addımlar atılmış, neft və qaz sahəsində yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, gənclərin nüfuzlu universitetlərdə təhsilinin maliyələşdirilməsi və şirkətə cəlb edilməsi ilə bağlı işlər uğurla davam etdirilir. “İnsan Resursları funksiyalarının transformasiyası” layihəsi çərçivəsində personalın idarəetmə modelinin təkmilləşdirilməsi, istedadların üzə çıxarılması konsepsiyasının, müvafiq metodoloji sənədlərin işlənib hazırlanacağını, digər mühüm işlərin həyata keçiriləcəyini vurğulayan R. Abdullayev işçi qrupuna uğurlar arzulamış, əmin olduğunu bildirmişdir ki, Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın istiqamətləri ilə uzlaşan bu işlərin həyata keçirilməsi SOCAR-ın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə mühüm töhvə verəcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: