Formula1-ə yol neçəyə başa gəlir? - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Formula1-ə yol neçəyə başa gəlir?

Hazırda “Formula1 Azərbaycanda” (www.f-1.az) saytımızın mail ünvanına, eləcə də Facebook səhifəsinə çoxsaylı müraciətlər daxil olur. Bunların çoxu gələn il ölkəmizdə debüt edəcək Avropa Qran Prisində işləmək arzusu ilə bağlı olsa da, bəzən daha maraqlı müraciətlər olur.

Əlbəttə, yüksək sürətlə maşın idarə etməyi xoşlayan gənclərimizi Formula1 yarışında iştirak etmək maraqlandırır. Məsələn, oxucumuz Cavad Hüseynbəyli maraqlanır ki, “Bakıda Formula1 yarışında iştirak etmək üçün nə etmək lazımdır?”

Bütün bu müraciətləri nəzərə alaraq yazı hazırlamaq qərarına gəldim, baxaq görək Formula1-ə aparan yolda bizi nə gözləyir və bu yol neçəyə başa gəlir?

Bu ilin iyul ayında Mercedes Motorsport-un başçısı Toto Volff Racentour resursuna eyni mövzuda müsahibə vermişdi. Ona görə də həmin müsahibənin tərcüməsindən başlayaq…

Toto Volff: “Heç kimə sirr deyil ki, avtoidman bahalı və çətin bir məşğuliyyətdir. Formula1-ə düşmək üçün gənc sürücülər çoxsaylı gənclər seriyasından ibarət olan uzun bir yol keçməlidirlər. Çox yüksək rəqabət olan bu seriyalardan keçmək üçün gənc sürücüyə istedadı ilə yanaşı maliyyə vəsaitinin olması da vacibdir.

Beş yaşından valideynləri tərəfindən kartinq kurslarına gətirilən uşağın istedadını görən məşqçi onunla pulsuz məşğul olsa da, 14-15 yaşına qədər yeniyetmə, gənc və beynəlxalq kartinq turnirlərinə, çempionatlarına qatılması üçün ən azı bir milyon avro vəsait tələb olunur. Əgər istedadınız bu mərhələni uğurla keçməyə imkan versə, onda 350 min avro tapmaqla Formula4 və ya Renault Formulasına qoşula bilərsiniz. Əgər elə debüt ilində özünüzü göstərə bilsəniz, növbəti Formula3 çempionatına 650 min avro lazım olacaq. Beləliklə, 16 yaşımızda artıq 2 milyon avronu xərclədik.

Amma Formula3-də ilk dəfədən yaxşı nəticə göstərmək çox çətindir, ona görə də daha bir il bu çempionatda ləngimək lazımdır – bundan sonra isə GP2 və ya Dünya Renault Seriyası barədə düşünmək olar. Bu çempionatlarda iştirak isə ən azı 1.5 milyon avro tələb edir. Beləliklə, 18 yaşında yüksək istedadınız sayəsində Formula1-in astanasına 4.5-5.0 milyon avro xərcləməklə gəlib çıxdınız.

Amma F1-də debüt etməniz üçün əlavə 2-3 milyon avro lazımdır. Yəni 18 yaşında gənc sürücünün Böyük Yarışlara qatılmasına 7-8 milyon avro xərclənir.”

Özümdən əlavə edim ki, bütün bu xərclərdən sonra siz öz sözünüzü aşağı seriyalarda demiş bir sürücü olmalısınız ki, komanda sizdən əlavə xərc tələb etmədən sizinlə müqavilə bağlasın. Son illərdə Formula1-də görürürk ki, adi sürücülərin komandalara qatılması üçün böyük sponsor paketi tapması müşkülə çevrilir. Bəzi sürücülərdə bu paket, hətta 20 milyon Avronu aşır…

Yaxşı, tutaq ki, siz doğrudan da istedadlısınız və artıq 10 yaşınızda bu istedad özünü biruzə verir. Onda sizin başqa yolunuz da ola bilər. Yəni sizə öz çıxışlarınızla zavod komandalarını və ya müəyyən komandaların “Gənc sürücülər” proqramını maraqlandıra bilərsiniz. Əgər belə proqramlara düşsəniz, həm xərcləriniz azala bilər, həm də yol qısala bilər.

Məsələn, elə Mercedes şirkətinin “Gənc sürücülər” proqramı. Heç bilirsiniz ki, bu məktəbdən kimlər çıxıb? Cəmi iki adı demək kifayətdir – yeddiqat dünya çempionu Mixael Şumaxer və ikiqat dünya çempionu Mika Həkkinen. McLaren komandasının himayədarlığı nəticəsində Lyuis Həmilton çox erkən yaşlarında çempionatda debüt etdi və artıq üçqat dünya çempionudur.

Amma ən populyar məktəb Red Bull şirkətinin məktəbidir – şirkətin idman məsləhətçisi, keçmiş Formula1 sürücüsü Helmut Markonun rəhbərlik etdiyi məktəbin yetirmələri çox asanlıqla çempionata düşürlər, çünki şirkətin çempionatda iki komandası var – Red Bull Racing və Scuderia Toro Rosso. Dördqat dünya çempionu Sebastyan Fettel, Skott Spid, Sebastyen Buemi, Xayme Algersuari, Daniel Rikkardo, Jan Erik Vern, Daniil Kvyat, Karlos Sayns (oğul) və başqaları bu məktəbin yetirmələdirlər.

2015-ci ildə Formula1-də ən gənc fenomen debüt etdi – Maks Ferstappen, atası Yos vaxtılə F1 pilotu olub (şəkildə). Cəmi 17 yaşı olan bu sürücünün heç sürücülük vəsiqəsi belə yox idi. Amma aşağı seriyalarda özünü o qədər istedadlı göstərmişdi ki, Mercedes kimi çempion komanda onunla müqavilə bağlamaq istəmişdi. Maksın Toro Rosso komandası ilə müqaviləsindən sonra isə Beynəlxalq Avtomobil Federasiyası (FİA) gənc sürücülərin çempionatda debüt etməsi üçün müəyyən şərtlər irəli sürməli oldu. Bu şərtlərdən əsası isə sürücün ən azı 18 yaşının olması idi. Deməli, Maks Formula1 tarixinin ən gənc sürücüsü kimi hələ tarixdə uzun müddət qalacaq.

FİA gənc sürücülərin superlisenziya (yəni F1-də maşın sürməyə icazə verən vəsiqə, sürücülük vəsiqəsi) alması üçün aşağı seriyalarda çıxış etmələrini vacib bilərək, bu seriyalarda müəyyən qədər xal toplamağı reqlamentə salıb. Yəni hər bir çempionat çətinliyindən asılı olaraq tutduğu yekun yerə görə sürücüyə müəyyən qədər xal verir. Bütün şərtlər ödənildikdən sonra FİA-nın xüsusi komissiyası sürücüyə çempionatda iştirak etməyə icazə verir…

Əziz həmvətənlərim, hörmətli Cavad, yəqin ki, sən və sənin kimi yüzlərlə gənc gələn il Avropa Qran Prisində ölkəmizin şərəfini qoruya bilməyəcəksiniz. Amma mən ümid edirəm ki, çox tezliklə bizim ölkəmiz bu idmanda təmsil olunacaq, özü də ləyaqətlə təmsil olunacaq və biz podiumda həm ölkəmizin üçrəngli bayrağını görəcəyik, həm də ölkəmizin gözəl himnini eşidəcəyik…

Hörmətlə, Rəhim N.Əliyev
(“Formula1 Azərbaycanda”)

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top