Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı işə başlamışdır
İyunun 2-də Bakıda, “JW Marriott Absheron Baku” otelində 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı işə başlamışdır.Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group” şirkətinin baş müşaviri Ser Endrü Vud açmış və iştirakçıları salamlamışdır. “Avropanın enerji təchizatında Azərbaycanın rolu” adlı plenar sessiyada məruzə ilə çıxış edən Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev dövlətimizin həyata keçirdiyi enerji siyasətindən danışmış, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli neft-qaz layihələri barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Böyük Britaniya Baş nazirinin Azərbaycanda ticarət məsələləri üzrə xüsusi elçisi baronessa Emma Nikolson Xəzər Neft və Qaz Konfransının əhəmiyyətini vurğulamış, Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən layihələrin Avropanın enerji təchizatında oynadığı roldan danışmışdır.
“Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu” mövzusuna həsr olunan ikinci sessiyaya SOCAR-ın prezidenti Rövnəq Abdullayev sədrlik etmişdir. Sessiyada əsas məruzə ilə çıxış edən Rövnəq Abdullayev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışmış, yeni neft-qaz yataqları, şaxələndirilmiş ixrac boru kəmərləri sistemi, enerji sektoruna yatırılan sərmayələr, neft-qaz emalı və neft kimyası sahələrinin inkişafı və modernləşdirilməsi istiqamətində görülən işlər barədə geniş söz açmışdır. Azərbaycanın regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli mövqe tutduğunu vurğulayan SOCAR prezidenti Xəzər dənizində hasil olunan qazın Avropaya ötürülməsini təmin edəcək Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat vermiş, Avropanın ən böyük enerji və infrastruktur layihələrindən olan bu Dəhlizin reallaşdırılmasında ölkəmizin aparıcı rol oynadığını bildirmişdir. Məruzədə qeyd olunmuşdur ki, bu gün Azərbaycanın genişmiqyaslı sosial-iqtisadi yüksəlişinin önündə gedən SOCAR bundan sonra da ölkəmizin davamlı və sürətli inkişafına, regional və qlobal əməkdaşlığın genişlənməsinə, bütün dünyada enerji təhlükəsizliyinin möhkəmlənməsinə yönəlmiş missiyasını layiqincə davam etdirəcəkdir.
Sessiyada BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birelin “Şahdəniz: 20 illik uğurlu yol”, İtaliyanın “Snam” şirkətinin baş icraçı direktoru Marko Alveranın “Cənub Qaz Dəhlizi və Aİ-nın Vahid Avropa Bazarının səmərəli inkişaf etdirilməsində infrastruktur iştirakçısının rolu”, “Petronas Azərbaycan” şirkətinin regional prezidenti Zainal Abidin Zaynudinin ”Aşağı enerji qiymətləri mühitində, neft və qaz əməliyyatlarının inteqrasiya edilməsi sahəsində PETRONAS şirkətinin təcrübəsi”, Avrasiya Tərəfdaşlar Təşkilatının sədri, Böyük Britaniyanın sabiq energetika naziri və Böyük Britaniya Baş nazirinin Azərbaycanda xarici ticarət elçisi Çarlz Hendrinin ”Müştərək enerji problemlərinin həlli naminə beynəlxalq əməkdaşlıq” mövzularında məruzələri dinlənilmişdir. Sessiyada “General Electric” və “McDermott” şirkətlərinin təmsilçiləri də çıxış etmişlər.
Konfransın birinci günü “Şahdəniz – 20 illik uğur və gələcəyə baxış”, “İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi” mövzularına həsr olunmuş sessiyalar da keçirilmişdir. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımov bu sessiyalara sədrlik etmişlər. Məruzə və çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
İyunun 3-də konfrans işini davam etdirəcək və daha dörd sessiya keçiriləcəkdir. “Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi”, “Neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması”, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi”, “Azərbaycanda neft-kimya və neft emalı sahələrinə dair ümimi məlumat və inkişaf perspektivləri” mövzularını əhatə edəcək sessiyalarda SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə, emal üzrə vitse-prezident David Məmmədov sədrlik edəcəklər. Sessiyalarda SOCAR vitse-prezidentlərinin, eləcə də dünya neft-qaz sənayesinin aparıcı şirkət nümayəndələrinin, tanınmış ekspertlərin məruzələri dinləniləcək, mövzular ətrafında geniş müzakirələr aparılacaqdır.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]