
Azərbaycanda iyunun 1-dən yeni vergi güzəştləri tətbiq olunacaq
İyunun 1-dən dəmir yolu ilə nəql edilən yüklər Azərbaycandakı son dəmir yolu stansiyasından avtomobil vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa, yol vergisi və dövlət rüsumundan azad olunacaq.
Yük gömrükdən keçdikdən sonra ən yaxın dəmir yolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək. Bununla bağlı Prezident İlham Əliyev “Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bu dəyişiklik daşıma xərclərinin azalmasına səbəb olmaqla yanışı, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artıracaq.
Dəyişikliyə əsasən ölkə ərazisində fəaliyyət göstərən xarici yükdaşıma şirkətləri ölkə sərhədlərinə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər qət etdikləri məsafəyə görə yol vergisi və dövlət rüsumundan azad olacaqlar. Eyni qaydada Azərbaycan gömrük keçidindən ölkəyə yük gətirən avtomobillər ən yaxın dəmir yolu stansiyasına daşınmaya görə vergi və rüsum ödəməyəcək. Güzəşt müddətinin 3 ili əhatə etməsi nəzərdə tutulur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirir ki, yenilik Azərbaycanın yükdaşıma üçün cəlbedici ölkəyə çevirəcək.
Vergi Məcəlləsinə görə əvvəllər yükün daşınması zamanı yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayına əsasən müəyyən edilirdi. Belə olan halda İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri xeyli artırdı.
Dəyişikliklər eləcə də Naxçıvan Muxtar Respublikası üçün də əhəmiyyətli ola bilər. Naxçıvan ilə Türkiyə arasında dəmir yolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad edilə bilər.
ANS PRESS
BƏNZƏR MƏQALƏLƏR
-
Vergi borcları hansı hallarda silinə bilər?
Vergilər Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə […]
-
Gecikən bəyannamələrə 40 manat maliyyə sanksiyası tətbiq ediləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Economic.az verir ki, müraciətdə deyilir ki, […]
-
ƏDV – dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib
“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem […]