EHİM-in “Rəqəmsal icra hakimiyyəti” portalının təqdimat mərasimi keçirilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

EHİM-in “Rəqəmsal icra hakimiyyəti” portalının təqdimat mərasimi keçirilib

23 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalının təqdimat mərasimi keçirilib.

“Rəqəmsal icra hakimiyyəti” portalı yerli icra hakimiyyətlərində “ASAN standartları”nın tətbiq edilməsi çərçivəsində həyata keçirilir. Layihə “Rəqəmsal icra hakimiyyəti” portalı vasitəsilə yerli icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətlərin onlayn rejimdə təqdim edilməsi ilə yanaşı, yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlərin fiziki formatda “ASAN” standartlarına uyğun olaraq vətəndaşlara təqdim edilməsini əhatə edir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktoru Karin Hoerhan, beynəlxalq təşkilatların nümayəndələri, rayon, şəhər icra hakimiyyətlərinin başçıları və digər qonaqlar iştirak ediblər.

Qonaqlar bölgələrdə rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi istiqamətində görülən işlərin vacibliyini vurğulayıblar.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Rəqəmsal icra hakimiyyəti” portalının fəaliyyət istiqamətləri, o cümlədən vətəndaş qəbulu, elektron xidmətlər, E-iştirakçılıq, məlumatlandırma bölmələri haqqında ətraflı məlumat verib. Həmçinin, vətəndaş və icra hakimiyyəti işçilərinin şəxsi kabinetlərinin, habelə portalın hesabatlılıq modulunun iş prinsipi haqqında təqdimat edilib.

Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri ilə birgə həyata keçirilir.

Layihə ilkin mərhələdə sosial-iqtisadi aktiv 3 bölgə – Gəncə şəhəri, Masallı və Quba rayonlarında həyata keçirilir. Müvafiq icra hakimiyyətləri Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə seçilib.

Layihə çərçivəsində hər üç bölgədə “ASAN xidmət” mərkəzlərinin və icra hakimiyyətlərinin əməkdaşları, habelə ASAN könüllüləri üçün təlim və seminarlar keçirilib.

İlkin mərhələdə pilot layihə olaraq tətbiq edilən layihə növbəti mərhələdə digər icra hakimiyyətlərində də tətbiq ediləcək. Bu istiqamətdə təlimlərin, habelə təbliğat-təşviqat işlərinin aparılması nəzərdə tutulub. Bununla yanaşı regional elektron hökumət quruculuğu ilə bağlı digər layihələrin həyata keçirilməsi də planlaşdırılıb.

Layihə qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top