Sahibkarların ümid yeri – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sahibkarların ümid yeri

Qeyri-neft sektorunun inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində Sahibkarlığa Kömək Milli Fondunun rolu danılmazdır.

Sovetlər imperiyasının süqutundan, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizdə yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi kimi mühüm vəzifələrin həyata keçirilməsi prosesinə start verilib. Bu istiqamətdə mühüm addımlar atmaq üçün isə Azərbaycana əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılması zərurəti meydana çıxıb. Məhz buna görə də 12 oktyabr1992-ci ildə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Əsasnamə”sinin təsdiq edilməsi ilə sahibkarlığa, o cümlədən kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyulub. Nazirlər Kabinetinin 1997-ci il sentyabrın 29 sentyabr tarixli qərarı ilə “Dövlət büdcəsinin “Kiçik sahibkarlığa investisiya yardımı” maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə” təsdiq edilib. Lakin həmin vaxtlar SKMF fəaliyyət göstərsə də müəyyən səbəblərdən dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi üçün ayrılmış 13.2 milyon manat vəsaitin 2001-ci ilədək olan dövrdə yalnız 1.1 milyon manatı, başqa sözlə cəmi 8 faizi istifadə olunub.

İnvestisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi

Yaranmış vəziyyət SKMF-nin Əsasnaməsində və onun vəsaitinin istifadəsi qaydalarında əsaslı dəyişikliklər etməyi şərtləndirib. Ona görə də ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Fərmanı ilə “Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın yenilənmiş variantı təsdiq edilib. Beləliklə də SKMF-nin fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi olub. Bu Qaydaların tətbiqi güzəştli kreditlərin verilməsində olduqca əhəmiyyətli rol oynayıb. Sahibkarlıq subyektlərinə ən aşağı faizlə milli valyutada kreditlərin verilməsinə başlanılıb. Kreditlərin müddətinin ilk üçdə iki hissəsindək güzəşt dövrünün müəyyən edilməsi və kredit faizinin aşağı olması, sahibkarlıq subyektlərində bu kreditlərdən istifadəyə hədsiz marağın yaranmasına səbəb olub.

Regionların inkişafında müstəsna rol oynayan qurum

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov hesab edir ki, SKMF çox yaxşı işləyir və regionların inkişafında müstəsna əhəmiyyət kəsb edən addımlar atır. Deputatın sözlərinə görə, bu qurum təkcə Qubada deyil, bütün regionlarda son illər bir çox uğurlu layihələr həyata keçirib: “Kənd təsərrüfatının və bütövlükdə yerli sahibkarlığın inkişafında, kənd əhalisinin maddi durumunun yaxşılaşmasında bu fondun xidmətləri danılmazdır. Təklif edərdim ki, bu qurum daha iri layihələr həyata keçirilməsi üçün kreditlərin həcmini artırsın, xırda və nisbətən iri sahibkarlığın inkişafına yeni töhfələr versin. Eyni zamanda hesab edirəm ki, lazım gəlsə, yəni zərurət yaranarsa, bu vəsaitlərin qaytarılmasına nəzarət gücləndirilməli,müvafiq sığortalayıcı tədbirlər görülməlidir”.

Qeyri-neft sektorunun inkişafında prioritet sahələr

İqtisadçı ekspert Arzu Qafarlı Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafının bu gün ən aktual və vacib məsələlərdən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə sahibkarlığın rolunun böyük olduğunu vurğulayıb. Qeyd edib ki, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. İqtisadçı ekspert sadalanan sahələrin inkişaf etdirilməsində SKMF-in xüsusi rolunun olduğunu, əsasən də bu sahələri əhatə edən sahibkarlıq subyektlərinə, iş adamlarına güzəştli kreditlər ayırdığını dilə gətirib. Deyib ki, Fondun mütəmadi olaraq sahibkarlığın inkişafına dövlət dəstəyi məqsədilə tədbirlər keçirdiyini bütün mətbuat vastəsilə izləmək də mümkündür: “Həmin tədbirlərdə sahibkarlara güzəştli kreditlər verilir, maarifləndirici treninqlər təşkil olunur. Eyni zamanda sahibkarlara ayrılan kreditlərin daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılır. Amma bununla belə, bu sahənin inkişafını dahada effektli etmək üçün, işin gedişatında müəyyən dəyişikliklər aparmaq olar. Müşahidələrim əsasında deyə bilərəm ki, bəzi hallarda sahibkarlığın inkişafı üçün ayrılan kredit müsbət nəticə vermir. Çünki yeni işə başlamış, təcrübəsiz sahibkar düzgün, doğru addımlar atmadığından bəzi çətinliklərlə üzləşir və nəticədə biznesini yaxşı inkişaf etdirə bilmir”.

Sahibkarlar üçün maarifləndirici treninqlərin təşkili

A.Qafarlı təklif edib ki, SKMF sahibkarlara kredit ayırmadan öncə onun iş təcrübəsini nəzərə alsın. Onun fikrincə, Fondun daxilində bir maarifləndirmə şöbəsi və ya kurslar yaradılmalı, işə yeni başlayan şəxslər ilk öncə orada nəzəri və praktiki təcrübə qazanmalı və ya maarifləndirici treninqlərin sayı daha çox təşkil edilməlidir: “Bu treninqlər sahibkarlara kredit ayrılmamışdan öncə və sonra daim davam etdirilsə, nəticədə ayrılmış kreditlər öz bəhrəsini verəcəkdir.Bundan əlavə, ayrılan kreditlərə daha ciddi nəzarət mexanizmləri də tətbiq olunmalıdır. Hansısa bir ölkənin, özünü tam doğrultmuş kreditləşmə mexanizmlərindən istifadə etmək olar. Məsələn, sahibkar məşğul olacağı biznes haqqında aidiyyatı struktura müraciət etdikdə və bu işlərin bütün maliyyə proseslərini struktur aparsa, yəni ki, sahibkar ona ayrılan krediti ələ almasa, bu işin daha effektli olmasına gətirib çıxarda bilər. Ayrılan kreditin idarə olunmasında onu ayıran aidiyyatı struktur bilavasitə iştirak etməlidir. Manitorinqlər dahada güclənməli və surətli aparılmalıdır. Aparılan bu proseslər kreditdən istifadənin düzgünlüyünə və səmərəliliyinə nəzarəti də təmin etmiş olacaq.Bu gün görülən bu işlər daha da uğurlu aparılarsa, sahibkarlığın fəaliyyətinin bir qədər də genişlənməsinə, yeni müəssisələrin və iş yerlərinin yaranmasına, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə gətirib çıxaracaq ki, bu da əhalinin rifah halının daha da yaxşılaşdırılmasına və yoxsulluq səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır”.

Fondun fəaliyyətində əsas istiqamət

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə SKMF-nin əsas fəaliyyətinin ölkədəki sahibkarlarlıq subyektlərinə əsaslı dəstək göstərmək olduğunu vurğulayıb. Deyib ki, Fondun fəaliyyətində əsas istiqamət kənd təsərrüfatı sektorudur: “Sahibkarlığa yardım fondu tərəfindən ətlik və südlük istiqamətlicinsiribuynuzluheyvandarlıqkomplekslərinin, aqroparkların, müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, həmçinin yüngül, tikinti, kimya, maşınqayırma və sair sənaye müəssisələrinin yaradılması istiqamətində işlər aparılır. Təkcə 2015-ci il ərzində 5243 layihəyə 248 milyon manatdan çox vəsait ayrılıb. Müxtəlif sənaye məhsullarının istehsalı və emalına 35444.2 manat, kənd təsərrüfatı məhsullarının emalına 12291 manat, kənd təsərrüfatı məhsullarının istehsalına 158145.2 manat, xidmət sahələrinin inkişafına isə 42605 manat vəsait sərf olunub. Yuxarıda da qeyd etdiyimiz kimi ayrılan vəsaitlərin həcmində kənd təsərrüfatl məhsulların istehsalı əsas yer tutur ki, faizlə ifadə etsək 63.6 faiz yer tutur.Ayrılan kreditlərin həcminin statistikasına nəzər yetirsək, kiçik həcmli kreditlər daha çox pay tutur ki, 55 milyon manatla, 98 faizdir. Sahibkarlıqa yardım fondunun fəaliyyəti nəticəsində 2015-ci ildə 12587 iş yeri açılıb ki, bu da məşğulluq sahələrinin artması deməkdir”.

30 min sahibkara 2 milyard manat kredit…

Xatırladaq ki, indiyə qədər SKMF 30 mindən çox sahibkara 2 milyard manata yaxın güzəştli kredit verib, minlərlə yeni istehsal müəssisələrinin, təsərrüfatların yaradılmasına, on minlərlə yeni iş yerlərinin açılmasına səbəb olub. Yalnız cari ilin birinci rübündəSKMF tərəfindən 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Bütün bunlara görə də Fondun fəaliyyəti Azərbaycan cəmiyyəti, o cümlədən peşekar iqtisadçılar tərəfindən də yüksək qiymətləndirilir, təqdir olunur.

Anar KƏLBİYEV

az.azvision.az

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top