"Restoranımızın qonaqlarının 70-80%-i xanımlardır" - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Restoranımızın qonaqlarının 70-80%-i xanımlardır”

“Çox işləyəndə və ən əsası düzgün işləyəndə iş qurmaq çətin deyil”.

1992-ci ildən Azərbaycanda bizneslə məşğul olan iş adamı, Bakının ən gözəl mənzərələrindən birinə sahib olan “Panoramic” retoranının qurucusu və idarəçisi Ərcan Günalp ilə müsahibə

– Ərcan bəy, restoran biznesi ilə nə vaxtdan məşğul olursunuz?

– 1992-cı ildən Azərbaycana gəlmişəm və artıq 24 ildir ki, Azərbaycanda müxtəlif sahələrdə bizneslə məşğulam. Fəaliyyət göstərdiyim sahələrdə səhiyyə laboratoriyalarının qurulması, Türkiyədə ilk uniformalar tikən şirkətin burada təmsilçisiyəm.

– Uniformaların tikildiyi fabrik Azərbaycandadır?

– Xeyr, fabrik Türkiyədədir. Bununla yanaşı, inşaat işlərilə də məşğulam.

– Restoran biznesi fəaliyyət sahənizin bir istiqamətdir?

– Bəli, bu sadaladıqlarımla yanaşı, 24 ildir ki, eyni zamanda Bakı şəhəri məni restoranlar quran Ərcan Günalp kimi tanıyır.

– Qurduğunuz restoranlar haqqında bir qədər ətraflı danışardınız…

– Bakıda ilk fəaliyyətimizə 1992-ci ildə “Universal” restoranı ilə başladıq. Daha sonra sahilyanı parkda Azərbaycanın ən çox sevilən, hətta rəhmətlik Heydər Əliyevin də ən çox sevdiyi “Sinema klub” quruldu. Bundan başqa, “Bakı Əyləncə Mərkəzi”, şouları ilə məşhur olan, Azərin, İlqar Muradovun, Manananın səhnəyə çıxdığı “Avilla”, daha sonra Bakının simvollarından biri olan “İzmir” restoranı inşa edildi. Sadalanan məkanlar sırasına “Flover”, “Jaz club” və bu dəqiqə adlarını xatırlamadığın 20-yə yaxın məkan qurmuşam.

– Göstərici qənaətbəxşdir, necə düşünürsüz?

– Hə, 20 ildə 20 yer (gülür). “Malakan” bağı yanında ilk Ocaqbaşı, bundan başqa, siyahıda kiçik yerlər də var. Bu saydıqlarımdan anlaşılır ki, niyə Bakı məni restoran qurucusu kimi tanıyır (gülür). Çünki 1992-ci ildən bu yana şəhər sakinləri ilə bərabər yaşamışam, şad, əlamətdar günlərində onlarla bərabər olmuşam. Qonaqlarını bərabər qarşılamışıq. Fəxrlə deyə bilərəm ki, bu açdığım məkanlar, eyni zamanda məktəb olub.

– Nə mənada?

– Yəni, biz bu məkanlara Türkiyənin və dünyanın ən dəyərli aşbazlarını gətirdik, burada işləmələri üçün şərait yaratdıq. Burada işləyən aşbazlar, təbii ki, tələbələr yetişdirdi, dərslər verdilər. Nümunə oldular və menyularını inkişaf etdirdilər. Qurduğum restoranların sadəcə əyləncə, istirahət məkanı deyil, eyni zamanda həm də örnək olduğunu fəxrlə deyə bilərəm.

– İlklər sizə məxsus oldu, yəni?

– Bəli, ilk meyxananı mən qurdum, ilk “sinema” klubu mən qurdum, ilk musiqi şoularının nümayiş olunduğu restoranları mən qurdum. Bu restoranlarda Azərin, Faiq Ağayev, Manana, Azərin kimi Azərbaycanın tanınmış və sevilən ulduzları hər gün səhnəyə çıxıb,  Ağaxan Abdullayev kimi muğam ustasının çıxışlarını təşkil etmişəm.

– Ərcan bəy, “Panoramic” restoranının indiyə qədər qurduğunuz restoranlardan fərqi nədir?

– Mən bu restoranın əsasına indiyə qədər topladığım təcrübəmi qoydum. “Panoramic”  restoranı özünüz də gördüyünüz kimi, Bakının ən gözəl mənzərəsinə sahibdir. Burada uzun illər işləyən bir komanda çalışır. Bu gördüyünüz ofisantlar 20-22 ildir ki, mənimlə çalışırlar. Yəni, uzun illərin təcrübəsini bu restoranda tətbiq etdim.

“Panoramic” restoranı müxtəlif xidmət istiqamətləri olan restorandır. Burada milli və Avropa yeməkləri təqdim edilir. Amma axşam saatlarında burada, həm də ən gözəl müğənnilər çıxış edir.

Qonaqlarımız yalnız şəhər sakinlərinin deyil, həmçinin şəhərə qonaq gələn xaricilərin də sevimli məkanına çevrilib. Bildiyimiz kimi, başqa restoranlardan fəqrli olaraq bu restoran həm də “muzic hall” kimi fəaliyyət göstərir…

Əslində qurduğumuz restoranların hamısı “muzic hall”dur. Sadəcə bu sonuncusu və ən gözəlidir (gülür).

– Ən gözəlidir?

– Daha doğrusu, ən gözəllərindən biridir.

– Neçə ildir məhz bu restoranı idarə edirsiniz?

– Üç ildir artıq restoran mənim idarəçiliyim altında fəaliyyət göstərir və Bakıda çox sevilən rstoranlardan biri olduğunu deyə bilərəm. Bununla yanaşı, qeyd etmək istərdim ki, restoranımızın qonaqlarının 70-80%-i xanımlardır. Onların burada özlərini evlərindəki kimi hiss etmələri üçün hər bir şərait yaratmışıq və bu abu-havanın qorunması üçün çalışırıq.

– Təqdim etdiyiniz menyuda ən çox milli, ya Avropa mətbəxinin nümunələrinə üstünlük verilir?

– Yeməklərimizə gəldikdə, xarici qonaqlara daha çox milli yüməklərimizi təqdim etdiyimizi qeyd etmək istərdim. Məqsəd onlara Azərbaycan mətbəxini tanıtmaq, nümayiş etdirməkdir. Bununla yanaşı, Avropa mətbəxinin nümunələri də qonaqlara təqdim edilən təamlar sırasındadır.

– Burada müxtəlif səpkidə tədbirlər, təqdimatlar, ad günləri, müxtəlif əlamətdar günlər keçirilirmi?

– Təbii olur. Əsasən də otellə bərabər çalışmağımız bizə belə tədbirlərin keçirilməsi üçün daha böyük imkanlar verir. Çünki otelin təqdimat otağındakı rəsmi yığıncaqdan sonra qonaqlar yeməyə restorana keçir.

– Bu zal çox böyükdür. Bəs azsaylı qruplar üçün nəzərdə tutulan ayrı kiçik zallarınız varmı?

– Bəli, aşağı mərtəbədə 8 və 10 nəfərlik kiçik otaqlarımız var, onlar da dəniz mənzərəlidir. Mən İstanbulda da restoranlar qurmuşam. “Nilufər”, “Kayahan” kimi Türkiyə ulduzlarını səhnəyə çıxdıqları “Arnavud köy” restoranının, Şişlidəki “Altın saat” restoranın, orta köydəki indi “Anjelik” olan mənim zamanımda “Memos” adını daşıyan restoranın qurucusu və idarəçisiyəm.

– Ərcan bəy, çox yorucu işdir, amma işinizdən zövq alırsınız…

– Çox yorucu işdir, amma mən bundan insanı hobbidən aldığı qədər zövq alıram. Hər axşam dostlarla bir yerdə olduğum, insanların istirahətinə yardımçı olduğum üçün bu işdən yorulmuram. Çətin olmağına baxmayaraq, çox zövqlü bir işim var.

– İşə başlarkən qarşınıza qoyduğunuuz ilk məqsədiniz nə olur?

– Düzünü desəm, heç bir məqsədim olmur. Sadəcə məkanı qururam. Məsələn, “Jaz club”da caz dinləmişik, İzmirdə Azərbaycanın ulduzlarının çıxışını izləmişik. Flarmoniyada keçən zamanımız ayrı gözəlliyə sahib olub. İndi isə “Panoramic”də bu gözəlliklərin vəhdətini yaratmağa çalışırıq.

– Təcrübənizdə qurduğunuz məkanlarda darıxdığını müşahidə etdiyiniz qonağınız olub?

– Xeyr (gülür). Burada darıxan qonağımız olmayıb. Bura ilin dörd fəslində ayrı gözəlliyə sahibdir, qar yağanda bir ayrı, yağış yağanda bir ayrı, günəşli havada bir ayrı gözəl olur buranın mənzərəsi. Düzünü desəm, ən gözəl mənzərə axşama doğru olur. Çünki dənizlə səmanın rəngi eyniləşir. O zamanlar mən özümü İstanbulda hiss edirəm.

– Restoranda musiqi proqramı neçədə başlayır?

– Hər gün saat 8-də müştərilərimizə canlı musiqidən zövq almaq imkanı verilir. Axı restoran, sadəcə bədəni deyil, eyni zamanda ruhun da qidalandığı bir məkan olmalıdır. Ruhu qidalandırmaq üçün isə gözəl musiqi, füsunkar mənzərə və abu-hava gərəkdir.

– Bayram günlərində özəl proqramlar olur?

– Bəli olur, hətta mövsüm konsertləri belə olur. Yəni, mövsümlərin gəlişi qeyd edilir.

– Ərcan bəy gələcək planlarınız haqqında danışardınız…

– Gələcəkdə iki gözəl məkan qurmaq arzum var, bunlardan biri “Bakı Maksim” adındadır. Azərbaycanın həm estrada, həm də muğam sənət incilərinin, rəqslərin təqdim edildiyi bir məkan qurmaq istəyirəm. Burada Azərbaycan musiqiləri, rəqsləri ilə yanaşı, həm də yemək mədəniyyətini ölkəyə gələn sırf xarici qonaqlara tədqim etmək istəyirəm. Bu mənim xəyalımdır. İndiyə qədər qismət olmadı, amma çox istərdim ki, bu xəyalımı gerçəkləşdirim. Bir anlıq “Yallı”nın 5 nəfərin deyil, 40 nəfərin ifasında təsəvvür edin.

– Heyranedici bir mənzərə yaranacaq, fərqli effekt olacaq…

– Bəli. Effekt fərqli olacaq, həm də o insanın Azərbaycan haqqında təəssüratları daha unudulmaz olacaq. O, qonaq burdan gedəndən sonra bir il həmin gündən danışacaq.

– İndi dilə gətirdiyiniz plan uzun müddətli bir plandr. Bəs yaxın müddətdə həyata keçirmək istədiyiniz planınız hansıdır?

– Əsas “Panoramic”in işləməsidir. Tam gücü ilə işləməsi, gələn qonaqların istirahəti üçün mövcud potensialın və bazanın çalışdırılmasıdır. Buradan çox razıyam. Yaxın plan budur (gülür).

– Mili valyutanın devalvasiyası işlərinizə necə təsir etdi və bu çətin vəziyyətdə suyun üzündə qalmaq üçün hansı tədbirləri həyata keçirdiniz?

– Hər kəs kimi indi bizdə də işlər azalıb. Bu ümumi vəziyyətin fonundadır. Qiymətləri endirdik. Çünki istənilən işdə əsas amil müştəri məmnuniyyətidir.

– Ərcan bəy, çox adam Azərbaycanda biznes qurmanın çətin olduğundan gileylənir, bu fikirlə nə dərəcədə razısınız…

– Mənə də çox adam Azərbaycanda iş qurmağın çox çətin olduğunu deyir. Xeyr, çətin deyil. Çox işləyəndə və ən əsası düzgün işləyəndə, iş qurmaq çətin deyil.

– Maraqlı söhbət üçün təşəkkür edirəm.

Mənbə: Oxu.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top