Reklamsız bazar, xidmət sahəsində boşluqlar – MARKETOLOQ RƏYİ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Reklamsız bazar, xidmət sahəsində boşluqlar – MARKETOLOQ RƏYİ

“Daim öz üzərində işləyən mütəxəssis ixtisara düşmür”…

“Müştəri məmnuniyyətindən öncə, işçilərin məmnuniyyətinə diqqət yetirilməlidir”…

“İqtisadi böhran və ya satışın az olduğu vaxtda sahibkarlar daha çox reklam verməlidirlər”…

“Effektsiz reklam anlayışı yoxdur”…

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Arzu Qafarlı deyib.

Hazırda istənilən xidmət sahəsində böyük boşluqların olduğunu deyən Arzu Qafarlı əsasən satış və turizm sahəsində bu problemin daha qabarıq olduğunu bildirib: “Araşdırmalara görə, turizm sahəsində, ərzaq və qeyri-ərzaq satışı nöqtələrinin 80 faizindən çoxunda mütəxəssis çatışmazlığı var. Sahibkar adətən işə götürdüyü satıcını müştəri ilə üz-üzə buraxır, bu əlbəttə ki, doğru addım deyil. Sahibkar ucuz işçi qüvvəsinə qaçır. Bu isə gələcəkdə böyük problemlər əmələ gətirə bilər. Satıcı müştəri ilə ünsiyyətdə olmamışdan öncə hər hansı təcrübəli şəxsin yanında müəyyən müddətdə staj keçməlidir. Suallarımıza cavab tapmayanda adətən mağaza müdirinə müraciət edirik, əgər mağaza müdiri özü satış edəcəksə, bəs satıcını niyə işə götürüb? Əgər işə götürmə zamanı təcrübəli satıcıya üstünlük verilərsə, bu, biznesin daha da böyüməsinə səbəb olar. Dünyada və ölkəmizdə artıq ixtisarlar başlayıb. Əgər hər hansı mütəxəssis öz üzərində yaxşı işləyirsə, o heç vaxt ixtisara düşmür”.

Qonaq kadrların təkmilləşdirilməsi ilə bağlı da təkliflərini səsləndirib: “Kadr təkmilləşdirilməsinə ilk növbədə təhsil müəssisələrindən başlanmalıdır. Təəssüf ki, heç bir təhsil ocağında satış və turizm sektoru ilə bağlı fakültə və ixtisas yoxdur. Bu kimi xidmət sahələrinə ciddi diqqət yetirilməsə, gələcəkdə böyük problemlər yarada bilər. Hər hansı turist şəhərin gözəlliyinə görə gələ bilər, amma xidmətdən razı qalmazsa bir daha gəlməz. Təhsildən əlavə praktikaya da diqqət artırılmalıdır. Savadlı kadrın satış sahəsində kompleksi varsa, utancaqdırsa, bu da ona əngəl yaradar. Sahibkarlar özəl kurslara maliyyə ayılmalıdırlar, öz kadrlarının kurslarda iştirakını təmin etməlidirlər”.

Ekspertin fikrincə, marketinq mövzusunda ədəbiyyatın olmaması da bu sahənin inkişafını ləngidir: “Mütəxəssis xarici kitabları oxumağa məcburdur. Bizim tədris etdiyimiz kitablar arasında yeni ədəbiyyat yoxdur. Əgər qeyri-neft sektorunun inkişafından danışırıqsa, bizə güclü marketoloqlar lazımdır. Kursların keyfiyyəti qənaətbəxş deyil. Hazırda sosial şəbəkə, digital marketinqlə bağlı mütəxəssislər azdır. Bu da ondan irəli gəlir ki, bu sahədə dərsliklər yoxdur. Tələbə də məcburdur ki, internetdən, xarici ədəbiyyatdan istifadə etsin, tanınmış mütəxəssislərin əsərlərinə müraciət etsin”.

Arzu Qafarlı Azərbaycanda marketoloqların azlığının sahibkarlar üçün problem olduğunu deyib: “Yaxşı marketoloq dedikdə, ilk öncə yenilikçi, öz üzərində işləyən şəxs nəzərdə tutulur. O  yeni ideyalar gətirməli, planlar hazırlamalı, şirkətin şəbəkə xidmətini genişlənməsinə çalışmalıdır”.

Qonaq reklam bazarında da inkişafın qonşu dövlətlərə nisbətən ləng getdiyini deyib: “KİV-i reklamsız təsəvvür etmək olmaz, çünki onların qazancı reklam hesabına gəlir. Bizdə mətbuat bu baxımdan əziyyət çəkir. Araşdırma zamanı görürük ki, xaricdə  fərqlidir. Məsələn, Gürcüstan reklam sahəsində Qafqazda birinci yerdədir. Gürcüstanda reklam bizdən qat-qat bahadır, lakin KİV reklam baxımından əziyyət çəkmir. Sahibkarlar reklam verib xeyrin görməyəndə, ya da ki hər hansı böhran vəziyyətində reklamı kəsir, bu çox da doğru addım deyil. Şirkətlər gəlirin 10-15 faizini reklama xərcləməlidir. Ola bilməz ki, sahibkar reklam versin, onun effekti olmasın”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top