Lüks turizm təmsilçilərinin Bakıda növbəti görüşü keçirilib. FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Lüks turizm təmsilçilərinin Bakıda növbəti görüşü keçirilib. FOTO

Aprelin 14-də “Fairmont” hotelində lüks turizm təmsilçilərinin “B2B Luxury & MICE Workshop” çərçivəsində görüşü keçirildi. Economic.az Nazirliyin saytına istinadən xəbər verir ki, Böyük Britaniyanın “TMI Consultancy” şirkətinin azərbaycanlı tərəfdaşlarla birgə təşkil etdiyi tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə artıq 5-ci dəfə reallaşır.
Görüşdə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperator və turizm təşkilatlarının təmsilçiləri iştirak edirdi.
“B2B Luxury & MICE Workshop” kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanda turizm infrastrukturunun mövcud standartlara uyğunlaşdırılması və xarici turistlərin ölkəmizə axınının təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Tədbirdə əvvəlcə Sloveniya və Sinqapurun turizm potensialının təqdimatı keçirildi. Bu ölkələrdə turizmin müxtəlif növləri, sağlamlıq turizmi mərkəzləri, termal turizm haqqında geniş məlumat verildi.
“TMI Consultancy” şirkətinin meneceri Mariya Qorbaçova bildirdi ki, “B2B Luxury & MICE Workshop” artıq Bakıda 5-ci ildir təşkil edilir və iştirakçılarının sayı ildən-ilə artır. Bu isə onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq getdikcə artmaqdadır. “B2B Luxury & MICE Workshop”un Azərbaycanda mütamadi təşkil olunması lüks turizmin inkişafına da müsbət təsiri göstərəcək. Qeyd olundu ki, “B2B Luxury & MICE Workshop” növbəti tədbiri aprelin 12-də Qazaxıstanın Almatı şəhərində baş tutub. Ümumilikdə il ərzində dünyanın müxtəlif şəhərlərində belə tədbirlərin təşkil olunması nəzərdə tutulur.
Tədbir çərçivəsində yerli turizm şirkətləri ilə “B2B Luxury & MICE Workshop”da iştirak edən xarici ölkə hotelləri, sağlamlıq mərkəzləri, spa-kurortların təmsilçiləri və turizm şirkətlərinin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilib. Turist mübadilələrinin həyata keçirilməsi ilə bağlı cəlbedici təkliflər irəli sürülüb.
Qeyd edək ki, müxtəlif ölkələrdən olan 40-dan çox turizm şirkəti “B2B Luxury & MICE Workshop”da öz imkanlarını təqdim edir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradılmasıdır. Eyni zamanda qarşılıqlı turist səfərlərinin artmasında bu tipli görüşlər mühüm rol oynayır. Yerli turoperatorlar xarici həmkarları ilə əlaqələr qurur, həm onların məhsulları ilə tanış olur, həm də Azərbaycanın lüks turizm imkanlarını təqdim edirlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top