
KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ YENİ KREDİTLƏŞMƏ SİYASƏTİ HAZIRLANIR
Azərbaycanda kənd təsərrüfatı sahəsində kreditləşmənin keyfiyyətini yüksəltmək və beynəlxalq təcrübəyə uyğunlaşdırmaq üçün işə başlanılıb. Economic-in məlumatına görə, bu məqsədlə, Kənd Təsərrüfatı Nazırliyi Almaniyanın tanınmış “Frankfurt School of Finance and Management” şirkəti ilə müqavilə imzalayıb.
Şirkət mövcud kreditləşmə sistemini təhlil edərək təkmilləşmə üçün tövsiyələr hazırlamalı, kənd təsərrüfatı sahəsi üçün yeni müasir kredit məhsulları təklif etməlidir.
Məsləhətçi şirkətin tövsiyələrinə görə, kreditləşmə siyasəti 3 istiqamətdə həyata keçirilməlidir.
Aqrar sahədə maliyyələşdirmənin strukturunun yaxşılaşdırılmasını nəzərdə tutan birinci istiqamətdə görüləcək işlərə dövlət büdcəsinin və beynəlxalq maliyyə qurumlarının dəstəyini, eləcə də özəl investisiyaları bir-biri ilə uzlaşdırmaq aiddir. Struktur yaxşılaşdırmasında əsas məqsəd büdcə maliyyələşdirməsinin effektivliyini və səmərəliliyini artırmaqdır.
İkinci istiqamət aqrar sahədə istifadə olunan kredit mexanizmlərinin hazırlanmasını nəzərdə tutur. Bu zaman informasiya və tranzaksiya xərclərini azaltmaqla bərabər, maliyyə institutlarının risklərinin də azalması vacibdir. Məqsəd aqrar sahəyə kreditləri maliyyə institutları üçün cəlbedici etməkdir.
Üçüncü istiqamətdə həyata keçiriləcək kredit və lizinq məhsullarının yaxşılaşdırılması isə son borcalanın ehtiyaclarına və risk profilinə uyğun olmaqla, Azərbaycan kənd təsərrüfatının rəqabət qabiliyyətini yüksəltməlidir. Məqsəd kənd təsərrüfatı kreditlərini daha sosialyönümlü etməkdir.
“Frankfurt School of Finance and Management” şirkəti tövsiyələrini hazırlamaq üçün aqrar sahəyə cəlb olunmuş müxtəlif qruplar və qurumlar arasında araşdırmalar, müsahibələr aparmağı nəzərdə tutur.
Aqrar sahədə yeni kreditləşmə siyasətinin hazırlanması və “Frankfurt School of Finance and Management” şirkəti ilə əməkdaşlıq Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində həyata keçirilir.
economic.az
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]