İsmayıllı – əfsanələr diyarı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsmayıllı – əfsanələr diyarı

İsmayıllı rayonunun adı çəkiləndə çoxları haqlı olaraq o yerlərin füsunkar təbiətini xatırlayır. Dağlar, meşələr, şəlalələr, bulaqlar – bu sərvətlər İsmayıllıda çoxdur. İsmayıllı deyəndə bir də Lahıc – sənətkarlar şəhəri, açıq səma altında muzey yada düşür. Daha məlumatlı insanlar xatırlayacaqlar ki, kəlağayının vətəni sayılan Basqal kəndi də İsmayıllıdadır. Məşhur İvanovkanı da diqqətdən kənarda saxlamaq insafsızlıq olar.

Bilirsinizmi ki, rusların böyük knyazlarının və çarların əsas reqaliyası İsmayıllıda hazırlanıb? Hapıtların kim olduğunu bilirsinizmi? Məhəmməd Əmin Rəsulzadəni Lahıcla bağlayan əlaqələrin nədən ibarət olduğunu, İvanovka kəndinin əvvəlki adını bilirsinizmi?

Paxla hər şeydən üstündür və ya eşqi aşıb-daşan xanlar

İsmayıllı toponiminin mənşəyi barədə fərziyyələr çoxdur. Belə fərziyyələrdən biri daha romantikdir. Deyilənə görə bu diyarda bir-birini ürəkdən sevən iki gənc varmış. Günlərin birində qız yol üstündə dayanıb sevgilisini gözləyərkən oradan keçən bir kişi soruşur: “Sən burada kimi gözləyirsən?” Qız səmimi cavab verir: “İsmi Mayılı gözləyirəm”, yəni “Mayıl adlı gənci gözləyirəm”. Deyilənə görə o vaxtdan bu yerin adı “İsmi Mayılı” olub, zaman keçdikcə bu söz dəyişərək “İsmayıllı” şəklinə düşüb.

Məlumdur ki, İsmayıllı rayonunun güclü kənd təsərrüfatı var. Respublikada geniş yayılmış meyvə və tərəvəz növlərinin əksəriyyəti burada yetişdirilir. Üzüm plantasiyaları üçün xeyli sahə ayrılıb, lakin İsmayıllı sakinlərinin ən çox xoşladığı bitki paxladır. Burada ildə iki dəfə – yazda və payızda məhsul yığılıb. Paxladır müxtəlif yeməklər hazırlanır, onu sirkəyə qoyur, qurudub qış üçün saxlayırlar. İsmayıllı sakininin evinə getsəniz sizi hökmən ətirli lobya çığırtması, sulu paxla və ya lobyalı aşa qonaq edəcəklər.

Kim nə deyir desin, İsmayıllının təbiəti həqiqətən səxavətlidir. Rayonda meşələr və dağlarla yanaşı mənzərəli şəlalələr yaradan Girdimançay, Göyçay, Ax-Ox çay və başqa çaylar var. Qalacıq kəndinin yaxınlığında iki şəlalə var. “Ana şəlalə” meşədə qayadan süzülür, o biri şəlalənin isə məxsusi adı yoxdur. Hər ikisinin hündürlüyü 50 metrə yaxındır. Burovdal kəndində 50 metr, Çayqovuşanda 30 metr, İstisu və Müdrüsə kəndlərinin yaxınlığında isə hündürlüyü “cəmi-cümlətani” 25 metr olan şəlalələr var.

Təsadüfi deyil ki, alban hökmdarları öz iqamətgahlarını bu diyarda tikiblər. İndi Cavanşir qalası adlanan iqamətgah Mehranilər sülaləsindən olan görkəmli hökmdarın şərəfinə belə adlandırılıb. Bu sülalənin əsasını qoyduğu Girdiman knyazlığı müasir İsmayıllı rayonunun ərazisində yerləşib, sonradan onların hakimiyyəti bütün Albaniyanı əhatə edib. Cavanşir özü 638-670-ci illərdə Albaniya hökmdarı olub. 667-ci ildə o, Ərəb Xilafətinin vassalı olmasını etiraf edib. Bu hərəkət ölkəmizin tarixində dönüş nöqtəsi olub və islam dininin yayılmasına şərait yaradıb.

İsmayıllıda bir qədər başqa xassələrə malik olan ayrı bir qala da var. Xalq arasında “Haram” adlanan bu qala Sulut kəndinin yaxınlığında, son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlərin “Qırx otaq” və ya “Qırx qız qəsri” adlandırdığı bu tikilidə otaqların sayı əslində daha çoxdur. Rəvayətə görə Şirvan xanları bu qəsrin hər otağında bir gözəl xanım saxlayır və kefləri istəyəndə onların yanına gedirlərmiş. Elə buna görə də qalanı “Haram” adlandırmağa başlayıblar.

Lahıclı sənətkarlar və Monomaxın papağı

İsmayıllıda azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri – ləzgilər, tatlar, ruslar, habelə Qafqaz Albaniyası xalqlarından olan hapıtlar da yaşayır. Hapıtlar əsasən Mollaisaqlı kəndində yaşayırlar. Həmin kənddə arxeoloji qazıntılar zamanı çoxlu gil qab, tunc bəzək əşyaları, eramızdan əvvəl II-I əsrlərə aid qəbirlər aşkar edilib. Yeri gəlmişkən, dünyada tapılmış ən qədim kərə yağı nümunəsi (e.ə. III-I əsrlər) məhz burada tapılıb. Həmin yağın qida məhsulu kimi istifadə müddəti keçdiyinə görə indi onu İsmayıllı diyarşünaslıq muzeyində saxlayırlar.

İsmayıllıda yaşayan milliyyətləri sadalayarkən lahıclıların adını çəkməyi unutduq. Formal baxımdan bu milliyyət tatlara aid olsa da özlərini ayrıca etnik qrupa aid edirlər və xüsusi ləhcə ilə danışırlar. Lahıcın dəmirçiləri, misgərləri daha məşhur olsa da burada xalça toxuyur, suvenirlər hazırlayır, milli geyimlər tikirlər. Atlar üçün yəhər, yüyən, üzəngi və başqa ləvazimatlar hazırlayan ahıl yaşlı Azad Manafov bu kəndin fəxri sayılır. Burada bir faktı xüsusi qeyd etməliyik ki, sənətkar yeniyetmə dövründən görmə qabiliyyətini itirib, lakin bu onun usta kimi formalaşmasına mane olmayıb.

Belə bir ehtimal var ki, Rusiyada mütləqiyyət hakimiyyətinin rəmzlərindən biri sayılan Monomax papağını da lahıclı ustalar tikiblər. Bu fakt sənədlərlə təsdiqlənməyib, lakin bu diyarda yaşayan və çalışan insanların istedadını görəndə papaq məsələsinə də inanmalı olursan. Xüsusən ona görə ki, Moskva hökmdarlarının nəsildən-nəslə keçən bu reqaliyası Qızıl Orda hökmdarı Özbək xan tərəfindən öz himayədarı İvan Kalitaya hədiyyə edilib. Papaq onun sifarişi ilə Şərq ustaları tərəfindən və istisna deyil ki, elə Lahıcda tikilib.

Belə maraqlı məlumatlardan sonra Lahıcda VI əsrdə tikildiyi hesab edilən kanalizasiya sisteminin hələ də qalması barədə məlumata daha kim təəccüblənər?!

Daha bir maraqlı fakt. 1918-ci ildən 1920-ci ilədək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadə Qızıl Ordunun Bakıya gəlişindən sonra üç ay Lahıcda təqiblərdən gizlənib. Deyilənə görə, “qırmızı terrordan” əsla qorxmayan şəhər sakinləri AXC-nin liderinə böyük hörmət və ehtiramla yanaşıblar.

İsmayıllının digər kəndi İvanovkaya isə sovet hakimiyyəti, görünür, yalnız fayda gətirib. Hər halda uzaq 1936-cı ildə yaradılan kolxoz indi də fəaliyyət göstərir və uzun illər ona sədrlik etmiş əfsanəvi Nikitinin adını daşıyır. Burada hələ də kollektiv-ictimai əmək sistemi qüvvədədir, 2 min başdan çox qaramal, 7 min qoyun, habelə ev quşları saxlanılır. İvanovkanın xama, yağ, pendir kimi təbii məhsullarından heç danışmağa da dəyməz. Onlara olan tələbat təklifi çoxdan üstələyib.

Yeri gəlmişkən, İvanovkanın əzəli adı Həftərandır. Kəndin adı 1852-ci ildə molokanların bu yerlərə köçürülməsinə başçılıq etmiş Qriqori Nikiforoviç İvanovun şərəfinə dəyişdirilərək belə adlandırılıb.

İvanovkada qonaq olmaq istəyənlərin sayının çox olmasına baxmayaraq, kənddə mehmanxana yoxdur, amma mənzil kirayələmək olar. Belə gest-haus sahiblərindən biri Tatyana Sadıxovadır. Bu qadın ingilis əsilli həyat yoldaşı ilə birlikdə İvanovkada ev tikib. T.Sadıxova deyir ki, ailəvi qonaqları qəbul etmək üçün həyətdə bir neçə kottec tikiblər, amma əvvəlcə bu kottecləri icarəyə vermək barədə düşünməyiblər. Sonra tələbatın getdikcə artdığını görən ər-arvad boş qalan otaqları turistlərə kirayə verməyi qərara alıblar. Hazırda burada hər cür rahatlığı olan ikiotaqlı altı ev var. Həyətdə uşaq oyun meydançası və tam təchizatlı mətbəx yerləşir. Burada müsafirlər özləri biş-düş edə bilərlər.

Basqal Avropanı necə geridə qoydu, yaxud valehedici kəlağayılar

İsmayıllının daha bir məşhur kəndi Basqal bir çox cəhətdən qonşu Lahıcın şöhrətinə şərik çıxa bilər. Bu yaşayış məskəni o qədər qədimdir ki, hətta Makedoniyalı İsgəndərin yürüşünün şahidi olub. Hər halda burada elə hesab edirlər. Deyilənə görə, eramızdan əvvəl IV əsrdə böyük sərkərdə çoxsaylı qoşunu ilə Şirvana gəlib və Basqal yaxınlığındakı dağın ətəyində düşərgə salıb. Hökmdarın əmrlərini əsgərlərə və təbəələrə çatdırmazdan əvvəl carçılar dağa qalxıb qızıl şeypurlarla ətrafa haray salıblar. Yerli əhali bu dağı elə belə də adlandırıb: Fitdağ, yəni fit dağı.

Lahıcda olduğu kimi, Basqalın da kanalizasiya sistemi var. Kürəbənd adlanan kanalizasiya sistemi hələ orta əsrlərdə (XII əsrdə, bəlkə də xeyli əvvəl) inşa edilib. Yerin altından çəkilərək, daş tavalarla döşənmiş yolun altında gizlənən borular indiyə qədər şəhəri çirkab sularından təmizləyir. Sistem elə mükəmməl işləyir ki, insanlar hələ də bu suların hara axıb-getdiyini başa düşmür. Maraqlıdır ki, Azərbaycan şəhər infrastrukturunun təşkili baxımından qocaman Avropanı bir neçə əsr qabaqlayır. Avropada ilk döşənmiş yollar yalnız XIV əsrdə, kanalizasiya isə XIX əsrin ortalarında meydana gəlib.

Tatdilli Lahıcdan fərqli olaraq, Basqal əhalisi dialekti təbrizlilərin ləhcəsinə bənzəyən Azərbaycan dilində danışırlar. Türk mənşəli “Basqal” toponimi akademik Ziya Bünyadovun fikrincə, “bas” və “qal” sözlərinin birləşməsindən əmələ gəlib, “alınmaz qala”, “qala tik”, “qala ucalt” deməkdir. Bu toponim bəlkə də həmin yerlərin seysmodavamlılığının yüksək olması ilə bağlıdır. Hər halda indi də Basqalda evləri xüsusi texnologiya ilə tikirlər. Çay daşının hər beş-altı qatından sonra hörgü tirlərlə möhkəmləndirilir. Mütəxəssislər bunu tikililəri zəlzələyə davamlı edən “seysmik qurşaq” adlandırırlar. Basqal evlərinin daha bir fərqləndirici xüsusiyyəti budur ki, XVII əsrdən başlayaraq burada hamamları başqa kəndlərin çoxunda uzun müddət qəbul edildiyi kimi evin çölündə deyil, içində tikməyə başlayıblar.

Orta əsrlərdə Basqal sənətkarlıq və ipəkəyirmə mərkəzlərindən biri olub. Burada deyirlər ki, şəkililər ipəkəyirməni basqallılardan öyrəniblər. 1862-ci ildə Azərbaycan ipəyi ilk dəfə Londonda beynəlxalq sərgidə nümayiş etdirilib. Burada basqallı toxucu Nəsir Əbdüləziz zərif kəlağayı və qanovuz parçaya (çox nazik parlaq ipək parça) görə gümüş medala və diploma layiq görülüb. Azərbaycanlı xanımların ənənəvi yaylıqları olan ipək kəlağayılar Basqala xüsusi şöhrət qazandırıb. Altı-yeddi rəngdən ibarət kəlağayılar ən qiymətli kəlağayılar sayılır. Basqalda bu günə qədər məhz belələrini istehsal edirlər. Kənddə İpək Mərkəzi və kiçik Kəlağayı Muzeyi fəaliyyət göstərir. Yeri gəlmişkən, mərkəzdə sifarişlə kəlağayı hazırlanır. Bir kəlağayının qiyməti rənglərinin sayından, ornamentlərinin mürəkkəbliyindən asılı olaraq 30 manatdan başlayır. Kəlağayı hazırlanması yetərincə çətin və uzun prosesdir, adətən yeddi-on gün çəkir. Kəlağayını bəzəmək üçün müxtəlif milli ornamentli şablonlardan istifadə olunur. Onların arasında ən populyarı yumruq vəziyyətində əlin arxa hissəsini xatırladan, şiş ucu içəri əyilmiş badamvari naxışı xatırladan butadır.

Yeri gəlmişkən, İpək Mərkəzinin müsafirləri kəlağayı hazırlanması prosesinə tamaşa etməklə bərabər, özləri də həmin prosesə qoşulub, sonradan bu əl işini Basqal və İsmayıllı haqqında xoş xatirə kimi saxlaya bilərlər.

AzərTac

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top