
Əbülfəs Qarayev: Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi şəhərə turist axınını artıracaq
Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinə həsr olunan bu təntənəli açılış mərasimi həm də rəmzi məna daşıyır. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun öz işini bitirməsi ilə əlaqədar Azərbaycanda çoxsaylı qonaqların olduğunu nəzərə alaraq, biz “paytaxt ili”nin təntənəli açılış mərasimini məhz bu günə saldıq. Gördüyünüz kimi, burada BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi də daxil olmaqla bir çox ölkədən qonaqlarımız var. Düşündük ki, bu tədbir Azərbaycan mədəniyyətini əyani şəkildə göstərmək, qonaqları xalqımızın adət-ənənələri ilə yaxından tanış etmək üçün gözəl fürsətdir.
Economic.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanın mirvarisi olan Şəki şəhərinin TÜRKSOY tərəfindən türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin çox böyük siyasi və mədəni hadisə olduğunu vurğulayan nazir daha sonra bildirib: “Nazirlik olaraq biz buna çoxdan hazırlaşırdıq. Üzərimizə belə mühüm və məsuliyyətli vəzifənin qoyulmasından məmnunuq. Bu gündən etibarən Şəki şəhərində silsilə tədbirlər keçiriləcək. Biz Türkiyənin Mədəniyyət Nazirliyi ilə razılığa gəldik ki, yay mövsümündə bu şəhərdə bir həftə müddətində birgə tədbirlər keçirək. Bu tədbirlərə türkdilli ölkələrin musiqi və teatr kollektivləri, ədiblər, teatr xadimləri dəvət olunacaq. Şəkidə müxtəlif tamaşalar göstəriləcək, görüşlər baş tutacaq”.
Şəkidə beynəlxalq festivalların keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu prosesin davamlı olacağını bildirib. “Ən əsası odur ki, bu bir il müddətində Şəkiyə gələn turistlərin sayı xeyli artacaq”, – deyə nazir əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir – FOTO
“Azərbaycan Hava Yolları” aviaşirkəti martın 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə […]
-
“Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə” – “The Travel” Azərbaycandan yazıb
Odlar yurdu, olduqca cazibədar, heyrətamiz gözəlliyə malik ölkə. “Report” xəbər verir ki, bu fikirlər məşhur “The […]
-
Bu gündən Şuşaya turist səfərləri başlayır
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır. Oxu.Az xəbər verir […]