Azərbaycanda turizmin ÜDM-də payını iki dəfə artırmaq olar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda turizmin ÜDM-də payını iki dəfə artırmaq olar

Turizm bütün dünyada ən gəlirli və sürətlə inkişaf edən iqtisadi sektorlardan birinə çevrilib. Dünya Turizm Təşkilatının məlumatına görə, ötən il dünyada turistlərin sayı 4% artımla 1 mlrd. 184 mln. nəfərə çatıb. 2016-cı ildə də turistlərin sayının təqribən 4% artacağı gözlənilir. Təşkilatın proqnozuna görə, 2020-ci ildə beynəlxalq turistlərin sayı 1602 milyon nəfər və turizmdən alınan gəlirin miqdarı isə 2000 mlrd. dollar olacaq.
Ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb
Turizm sektorunu daha da inkişaf etdirmək və cəlbedici etmək üçün dünyada ciddi rəqabət var. Turizmdə Azərbaycanın da rəqabət imkanları genişdir. Ölkəmizin təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi, mineral bulaqları, müalicəvi-sağlamlıq mərkəzləri və milli xörəklərin çeşidliliyi cəlbedici turizm məhsulu yaratmaq üçün unikal imkandır. Odur ki, Azərbaycanda turizmin inkişafı qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edilib. Son 10 il ərzində turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəticəsində Azərbaycanda turizm sənayesi mühüm mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil genişlənir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin açıqlamasına görə, turizm sənayesinin ÜDM-də payı 4 faizdir. Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yeri fəaliyyət göstərir. Son on ildə ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb.

Hostellər, iki-üç ulduzlu otellər tikilməlidir
Azərbaycana daha çox əcnəbi turistin cəlb olunması üçün bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır.
Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı ildə imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanla ölkədə elektron vizanın verilməsi müddəti azaldılaraq 3 iş günü müddətinə endirilib.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi gəlmə turizminin inkişafına şərait yaradacaq. Hazırda 70-ə yaxın turizm şirkətinin gəlmə turizmi ilə məşğul olduğunu deyən M.Ağakərimovun sözlərinə görə, yaxın vaxtlarda gəlmə turizmlə məşğul olan turizm şirkətlərinin sayının 100-ə çatacağı gözlənilir.
M.Ağakərimov təklif edir ki, Bakı və regionlarda hostellər, iki-üç ulduzlu otellər tikilməlidir: “Ölkəmizdə çox az sayda hostel var ki, bunun da böyük əksəriyyəti paytaxtdadır. Regionlarda isə hostelləri kirayə evləri əvəzləyir. Odur ki, Bakı və regionlarda hostellər yaradılmalıdır. Hostellərdə qiymətləri isə 10-20 manatdan yüksək olmamalıdır. Turistlər şəxsi evlərdə qalmaqdansa, hostellərə üstünlük verərlər. Bu həm də vergidən yayınmanın qarşısını alar. Hostellər rayonlardan Bakıya gələnlər üçün də sərfəlidir. Bakıda otel və mehmanxana baha olduğundan insanlar kirayə evlərdə qalırlar. Halbuki, daha ucuz otellərdə istirahətlərini təmin etmək mümkündür”.
Onun fikrincə, Bakı şəhərində ən azı 50-ə yaxın hostel tikilməlidir və bunun üçün də sahibkarlara sərfəli şərtlər təklif edilməlidir ki, maraqlı olsunlar.
“Turizm statistikasını təkmilləşdirməyə ehtiyac var”
İldə ölkəmizi 1-2 milyon arası turist ziyarət edir. Ekspertlərin sözlərinə görə, ölkəmizə təşrif buyuran turistlərin sayını və turizm sektorunun ÜDM-də payını artırmaq olar.
İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, qədim tarixi, zəngin mətbəxi və digər potensialı imkan verir ki, ölkəyə daha çox turist cəlb etmək mümkün olsun.
V.Bayramov həmçinin hesab edir ki, turizm statistikasını təkmilləşdirməyə ehtiyac var: “Məsələn, Avropa ölkələrində turizmin 80 faizə yaxını daxili turizmin payına düşür. Bunu hesablamaq üçün mexanizmlər də mövcuddur. Amma Azərbaycanda xüsusən daxili turizmin hesablanması ilə bağlı konkret meyarlar yoxdur. Deyək ki, Bakıda yaşayan vətəndaş Gəncəyə gedir və orada nahar edir. Əslində bu özü daxili turizmdir. Amma bu, daxili turizm kimi təsnifatlandırılmır. Belə hal turizmin dövriyyəsini, turizmin ÜDM-də real payını müəyyən-ləşdirməyə imkan vermir. Odur ki, bu sahə ilə bağlı qaydaların təkmilləşdirilməsinə ehtiyac var. Təklif edirik ki, seçilmiş obyektlərdə sorğular keçirmək, yaxud qəbzlərdə xüsusi qeydlər tətbiq etməklə müştərilərin turist olub-olmadığı müəyyənləşdirilsin”.
Ekspert əlavə edib ki, ölkədə ilboyu turizmin inkişafına diqqət artırılmalıdır: “Nəzərə almaq lazımdır ki, fasiləsiz turizmin inkişafı, turuzm obyektlərinin ilboyu işləməsi, həm insanlar üçün daimi iş yeri, həm də özəl sektor və dövlət üçün əlavə gəlir deməkdir. Bizim hesablamalarımıza görə, potensialdan istifadə etməklə Azərbaycanda turizmin ÜDM-də payını təxmini 10 faizə qaldırmaq mümkündür”.
Ekspert hesab edir ki, turizm sektorunda xidmətin yüksəldilməsinə, sahibkarlar tərəfindən qiymət siyasətinin nəzərdən keçirilməsinə, Azərbaycanda ulduzsuz və ya az ulduzlu otellərin sayının artırılmasına ehtiyac var: “Düşünürəm ki, dövlət tərəfindən güzəştlər edilməklə turizm sek-torunun inkişafına nail olmaq olar”.
Turizm statistikası daha da təkmilləşdiriləcək
Dövlət Statistika Komitəsi ticarət və turizm statistikası şöbəsinin müdiri Aida İbrahimova qeyd edib ki, daxili turizmə dair statistik məlumatların əldə edilməsi məqsədilə 2016-cı ildə ölkə daxilində turizm səfərləri ilə əlaqədar xərclər, gecələmələr, turistlərin səfərlərin məqsədi və yaş qrupları üzrə sayı, səfər edilən regionlar haqqında məlumatların əldə edilməsi üçün ev təsərrüfatlarında seçmə statistika müşahidəsinin aparılması gözlənilir: “Azərbaycanda turizmin inkişafı və onun sabahı üçün daha böyük perspektivlərin olması ölkə statistikası qarşısında da mühüm vəzifələr qoyur. Gələcəkdə turizm statistikasının daha da təkmilləşdirilməsi məqsədilə satellit (köməkçi) hesablar sisteminin tətbiqi nəzərdə tutulub. Bu metodun köməyi ilə tərtib olunan cədvəllər məhsul (xidmət) növləri və ziyarətçi kateqoriyaları üzrə daxili turizm, gəlmə turizm, getmə turizm xərcləri, turizm sektorunda məşğulluq, yaradılmış əlavə dəyər, investisiyalar, əsas kapitalın istehlakı haqqında məlumatların təhlilinə imkan verəcək”.
Bələdiyyələr turizm sektoruna cəlb edilməlidir
AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri Aqil Əsədov deyib ki, ümumiyyətlə, əksər aparıcı ölkələrdə xidmət sektorunun ÜDM-də payı 55-60 faizdən yuxarıdır: “Məsələn, ÜDM-in ABŞ-da 74, Yaponiyada 59, Almaniyada 69,1, Türkiyədə 66, Fransada 77,3, Avstriyada 65,6, Rusiyada 58,7, Ukraynada 68,4, Qazaxıstanda 55 faizi xidmət sahələrinin payına düşür. Azərbaycanda ticarət və xidmət sektoru tamamilə özəl bölmədə formalaşıb və bu sahədə çalışan sahibkarlıq subyektlərinə azad və liberal fəaliyyət üçün münbit şərait yaradılıb. Zəngin potensial olmasına baxmayaraq, ölkəmizdə bu göstərici 30-33 faiz civarındadır. Amma 2025-ci ilə qədər ölkəmizdə xidmət sektorunun ÜDM-də xüsusi çəkisinin 43-45 faizə çatdırılması nəzərdə tutulur”.
A.Əsədov hesab edir ki, Azərbaycanda müalicəvi, tarixi, mədəni turizmə diqqət artırılmalıdır: “Turizm sektorunu araşdıran tədqiqatçı kimi deyə bilərəm ki, Azərbaycanda konkret turizmin inkişafına dəstək lazımdır. Ölkəmizdə kifayət qədər zəngin müalicə turizmi ehtiyatları var. Azərbaycanın vulkanları, dənizi, əsrarəngiz təbiəti və zəngin tarixi abidələri var və bu sahəyə daha çox diqqətin ayrılmasına ehtiyac var”.
Ekspert təklif edir ki, bələdiyyələr turizm sektoruna cəlb edilməlidir: “Türkiyədə bələdiyyələrin nəzdində sosial təsislər var. Həmin təsislərdə orta və aşağı gəlirli əhali təbəqəsinin imkanına uyğun xidmətlər təklif edilir. Belə təcrübə Yunanıstanda, Kiprdə də mövcuddur. Bizdə də bələdiyyələrə məxsus bu cür xidmət sahələri olmalıdır. Hesab edirəm ki, bu, həm bələdiyyələrin imkanını genişləndirər, həm də rəqabət mühiti formalaşdırar və qiymətlərin düşməsinə təsir edər. Digər tərəfdən, Azərbaycanın tranzit imkanları artır, ölkəmiz iqtisadi ipək yolu üzərində yerləşir və xüsusilə Çin ilə əlaqələr genişlənir. Odur ki, ipək yolunu həm də səyahət yoluna çevirmək olar”.
Hava limanlarında Turist İnformasiya büroları yaradılmalıdır
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, turizm sektorunun tədqiqatçısı Gülnar Mirzəyeva da turizmin inkişafı üçün Azərbaycanın kifayət qədər potensialının olduğunu vurğulayır. Amma bəzi problemlərin hələ də qaldığı qənaətindədir.
G.Mirzəyeva bildirib ki, Azərbaycanda müasir standartlara cavab verən otellər var, amma kadr problemi mövcuddur: “Çünki otellərdə çalışanların xeyli qismi kənar sahənin adamlarıdır. Təxmini 20 nəfərdən 5-i turizm sahəsi üzrə təhsil alanlardır. Ona görə də hesab edirəm ki, otellərdə, turizm obyektlərində ixtisaslı, bu sahəni bilən adamlar çalışmalıdır. Həmçinin xidmətin səviyyəsi və qiymətlərə də nəzər salmaq vacibdir”.
G.Mirzəyeva hesab edir ki, ölkəyə daha çox turist cəlb etməyin yollarından biri də aviabiletlərin qiymətini endirməkdən keçir: Ekspert hesab edir ki, turizmin inkişaf etdiyi ölkələrlə rəqabətə girmək lazımdır və bunun üçün Azərbaycanda potensial var: “Məsələn, hazırda Türkiyə dəniz turizmi ilə bağlı İspaniya ilə rəqabət aparır, tarixi turizmlə bağlı isə İstanbulu Roma ilə müqayisə edir və bu istiqamətdə iş görür”.
G.Mirzəyevanın fikrincə, Azərbaycanda tarixi, mədəni, qastronomik və kənd turizminin inkişafına ehtiyac var: “İndi əksər turistlər bər-bəzəkli binalara getmir, onlar üçün tarixi, mədəni yerlər, abidələr maraqlıdır. Azərbaycanın mətbəxi kifayət qədər zəngindir. Özümümzə məxsus adət-ənənələrmiz, yaşam tərzimiz var. Bunların inkişafı üçün işlər görülməlidir. Bunun üçün təqdimatlar olmalı, təbliğat aparılmalıdır. Hər bölgə öz mətbəxini təbliğ etməlidir və turizm marşrutları zamanı bunlar nəzərə alınmalıdır. Bir sözlə, hər bölgənin potensialına uyğun dəyərləndirmə aparılmalıdır”.
G.Mirzəyeva həmçinin hesab edir ki, hava limanlarında Turist İnformasiya büroları yaradılmalıdır. Bürolara yaxınlaşanlara əyani vəsait kimi ölkəmizin gəzməli-görməli yerləri və marşrutlarını özündə əks etdirən xəritələr təqdim edilməlidir. Həmin xəritədə avtobusla, hətta metro ilə hansı yerə necə getmək lazım olduğu barədə aydın şəkildə göstərilməlidir. Xaricdə belə təcrübə var və bizdə də tətbiq edlsə yaxşı olar”.
Çay və dəniz turizminin inkişaf etdirilməsinə ehtiyac var
Azərbaycanda çay turizminin inkişaf etdirilməsi vacibdir. Bunun üçün Kür çayı əlverişli imkandır. Dovlət bəzi güzəştlər etməklə sahibkarları bu prosesə cəlb edə bilər. Beləliklə, Kürsahili ətraf da abadlaşdırılaraq diqqət mərkəzində olar. Digər tərəfdən, Xəzər dənizinin sahillərini istirahət zonasına çevrmək üçün hər cür ilkin şərait mövcuddur. Odur ki, Xəzərsahili ölkələr arasında birgə sazişlər vasitəsilə kurizlər təşkil edilə bilər ki, bu da regional turizmin inkişafına öz töhfəsini verər.

Atif Eyvazov

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top