Azərbaycanda elektromobillər üçün əlverişli infrastruktur varmı? – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda elektromobillər üçün əlverişli infrastruktur varmı? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son illər elektriklə işləyən avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır. 2022-ci ildən elektromobillər və onlar üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib. Ötən ildən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərin idxalına gömrük rüsumunun tətbiqi dayandırılıb.

Statistika göstərir ki, bu tədbirlərdən sonra ölkəyə elektromobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur.

Lakin elektromobillərdən istifadənin təşviqi üçün təkcə idxal və satış qiymətlərinin azaldılması deyil, əlverişli infrastrukturun yaradılması da vacib məsələdir. Yəni elektromobillərin kifayət sayda şarj məntəqələri, ehtiyat hissələri anbarları olmalı, onlara keyfiyyətli servis xidməti göstərilməlidir. Azərbaycanda belə infrastruktur varmı?

Usta problemi yoxdur

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev “Report”a açıqlamasında deyib ki, artıq rəsmi dilerlər elektromobil alanları onların ehtiyat hissələri ilə də təmin edirlər:

“Ötən il bir neçə rəsmi diler, xüsusən də Çindən elektromobil gətirənlər öz əməkdaşlarını ixtisasartırma məqsədilə istehsalçı zavodlara, ezamiyyətə göndərdi. Onlar həmin zavodlarda təlimlərdə oldular, hətta Çində istehsal edilən Avropa modelləri üzrə də təlimatlar aldılar. Elektromobillərə texniki xidmət göstərilməsi ənənəvi mühərrikli avtomobillərdən tam fərqlidir. Artıq Azərbaycanda elektromobillərin usta problemləri həll olunmağa doğru gedir”.

Bölgələrdə şarj məntəqələri kifayət sayda deyil

Ölkədə elektromobillərin istifadəsi artdıqca onları şarj edən məntəqələrinin sayının genişləndirilməsi üçün də böyük ehtiyac var. E.Əliyev hesab edir ki, Bakıda elektromobillərin şarj aparatları ilə bağlı problem yoxdur:

“Böyük ticarət mərkəzlərində, yeni tikili binaların dayanacaqlarında onları şarj etmək mümkündür. Bir çox yanacaqdoldurma məntəqələrində də belə şarj aparatları quraşdırılıb. Bölgələrdə bu avtomobillərin elektrikdoldurma məntəqələri olsa da, məhdud saydadır. Rəsmi dilerlər ölkənin müxtəlif yerlərində öz avtomobilləri üçün məhdud sayda pulsuz şarj məntəqələri yerləşdirib. Bölgələrdəki bir neçə istirahət mərkəzində, məsələn, Qubada və Nabranda bir hoteldə onların şarj məntəqəsi var. Amma ekoloji avtomobillərin sayını artırmaq istəyiriksə, bu say kifayət deyil”.

Onun sözlərinə görə, hazırda dövlət qurumları Bakıdan bölgələrə gedən yolların üstündə kifayət qədər elektrikdoldurma məntəqələrinin qurulması, insanların həmin məntəqələrdə növbə gözləmədən avtomobillərini şarj edə bilməsi üçün çox ciddi işlər aparır:

“Ümid edirəm ki, ilin 2-ci və ya 3-cü rübündən sonra bu məsələ həllini tapar. Prosesin içində olan bir adam kimi demək istəyirəm ki, bu il ərzində elektromobillərin şarj məntəqələri probleminin müəyyən hissəsi həll olunacaq”.

Rəsmi dilerlər servis xidməti qurmalıdır

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov hazırda elektromobillərin qiymətinin vətəndaşlar üçün nisbətən əlçatan olduğunu deyib:

“Buna səbəb həmin avtomobillərlə bağlı gömrük və vergi azadetmələrinin tətbiqidir. Hazırda elektromobillərə maraq böyükdür. Amma onların elektrikdoldurma məntəqələrinin sayı olduqca azdır. Bu da alqı-satqı əməliyyatlarına çox təsir edir. Təəssüf ki, elektromobilləri gətirən bəzi şirkətlər onların servisini qurmur. Bu da vətəndaşlar üçün elektromobillərin cəlbediciliyini azaldır və onlar elektromobil almağa tərəddüd edir”.

E.Cəfərov hesab edir ki, elektromobil idxal edənlər qarşısında tələblər artırılmalıdır:

“Azərbaycanda elektrikdoldurma məntəqələrinin yaradılması üçün lazımi avadanlıq və cihazların idxalı gömrük rüsumlarından azad edilib. Lakin qanunvericilikdə bu məntəqələri yaradan sahibkarın elektrik enerjisini dövlətdən alaraq istehlakçıya satmasını təmin edən dəyişikliklər edilməlidir. Bu sahədə iki əsas məsələyə fokuslanmaq lazımdır. Birincisi, elektrikdoldurma məntəqələrinin sayı artırılmalıdır. İkincisi, elektromobil gətirən şirkətlər qarşısında tələb qoyulmalıdır ki, bu avtomobilləri idxal etmək istəyirlərsə, ölkədə mütləq onların servisini qursunlar, vətəndaşları həmin avtomobillərin ehtiyat hissələri və ustaları ilə təmin etsinlər”.

Elektromobil satışına ciddi nəzarət olmalıdır

Ekspert əlavə edib ki, elektromobil satan bəzi şirkətlər avtomobili şarj etdikdən sonra onun təxminən 400 kilometr məsafəni qət edə biləcəyini deyir: “Sonra məlum olur ki, bu avtomobil elektrik mühərriki ilə heç 250 kilometr də yol gedə bilmir. Bu məsələlər həll edilməli, sözügedən sahəyə xüsusi diqqət və nəzarət olmalıdır. Elektromobillərin ölkəyə gətirilməsində nizamsızlıq olarsa, gələcəkdə fəsadlar yaşaya bilərik. Bundan sui-istifadə edən bəzi şəxslər təhlükəsizlik tələblərinə cavab verməyən elektromobilləri də ölkəyə daşıya bilərlər”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top