MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

yaponiya şirkəti

Yaponiya şirkəti Zaqatalada tütünqurutma məntəqəsi açdı

Azərbaycanda əsasən kənd təsərrüfatı üzrə layihələrə imza atan Yaponiyanın “Tet İnternational Development” şirkəti tərəfindən Zaqatala rayonunda yeni tütünqurutma məntəqəsinin tikintisi başa çatdırılıb. İyulun 12-də şirkətin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsinin rəsmi açılış mərasimi olub. Tədbirdə “Tet İnternational Development” MMC-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Zaqatala Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, fermerlər iştirak ediblər.

Tədbiri rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proq­nozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə açaraq, kənd təsərrüfatının yüksək əməktutumlu və gəlirli sahələrindən olan tütünçülü­yün inkişafına son illər dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bildirib, Zaqatala rayonunun tütün­çülük ənənələrindən söz açıb. Qurum rəsmisi Yapo­niya şirkəti ilə əməkdaşlığın gələcəkdə digər sahələrdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Kənd Təsərrüfatı Nazirliyi­nin Aparat rəhbəri Rəfail Qu­liyev çıxışında “Azərbaycan Respublikasında tütünçü­lüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlərdən bəhs edib. Tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, KOBİA-nın Qəbələ-Oğuz üzrə nümayəndəsi Ruslan Qarayev, Azərbaycan Sahibkarlar Konfederasiya­sının və digər qurumların təmsilçiləri çıxış edərək “Zaqatala AGRO İndustry” MMC-yə uğurlar arzulayıblar.

“Tet İnternational Deve­lopment” MMC-nin səhmdarı və prezidenti Savada Taro çıxış edərək, şirkətin Azərbaycandakı fəaliyyəti və Zaqatalada gördüyü işlər barədə məlumat verib. Bil­dirib ki, şirkət iki-üç il ərzində Azərbaycana tütünçülüyün inkişafı üçün 10 milyon ABŞ dolları həcmində investisi­ya yatırıb. Şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün isteh­salı ilə bağlı bu il Zaqatala və Qax rayonlarında 53 fermerlə müqavilə bağlanı­lıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Eyni zamanda, fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd isti­xana quraşdırılıb.

Diqqətə çatdırılıb ki, şirkət tərəfindən cari ildə Zaqatala rayonunda 300, Qaxda isə 365 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Builki mövsümdə cəmiyyətə məxsus tütün sahələrindən 11 min tonadək yaşıl yarpaq yığılması, ondan 1800 ton quru tütün istehsal olunması nəzərdə tutulur. Məhsulun 70 faizi Rusiya, Ukrayna, Belarus, həmçinin Avropa ölkələrinə ixrac ediləcək, 30 faizi daxili bazara çıxarıla­caq. Hazırda müəssisədə 61 nəfər işçi çalışır. Tütün yığımı dövründə 150 nəfər mövsümi işlərə cəlb ediləcək.

Bildirilib ki, şirkət 2024-cü ilədək Zaqatala və ətraf rayonlarda tütün əkini sahələrini 1000 hektaradək genişləndirməyi, tütünqu­rutma kameralarının sayını 200-ə çatdırmağı, mövsüm ərzində tütün sahələrindən 17 min ton yaşıl kütlə tədarük etməyi, ondan 2800 tonadək quru tütün istehsal etməyi planlaşdırır.

Məntəqənin açılışı­nı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları müəssisədə yara­dılan şəraitlə tanış olub, yaşıl tütün kütləsinin tütünqurutma kameralarına qoyulması prosesini izləyiblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top