Vergilər Nazirliyi bölgələrdə görüşlər keçirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vergilər Nazirliyi bölgələrdə görüşlər keçirir

Bakıda fəaliyyət göstərən sahibkarlarla keçirilmiş görüşlərdən sonra Vergilər Nazirliyi martın 14-dən başlayaraq regionlarda da yerli iş adamları və sahibkarlarla görüşlərə başlayıb. Görüşlərdə məqsəd ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşdırılması, vergi qanunvericiliyində edilmiş dəyişikliklər, eləcə də vergi sahəsində aparılan islahatlar barədə vergi ödəyicilərini məlumatlandırmaq, bu sahədə sahibkarların qarşılaşdıqları problem və çətinliklərlə yerində tanış olaraq onları həll etməkdən ibarətdir.

İlk belə görüşlər martın 14-də Şamaxı, Şəmkir və Lənkəranda, martın 15-də isə Beyləqan, Qəbələ və Gəncədə keçirilib. Görüşlərdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və müxtəlif sahələrdə çalışan sahibkarlar iştirak ediblər.

Tədbirlərdə çıxış edən Vergilər Nazirliyinin nümayəndələri bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, yaranmış yeni iqtisadi şəraitdə ölkəmizin bundan sonrakı inkişafı əsasən sahibkarlığın inkişafından asılı olacaqdır. Daha əlverişli biznes mühitinin formalaşması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, xüsusilə də sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Yerli istehsalın artırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətində dayandırılıb, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə qədər azaldılaraq onların verilməsi prosedurları sadələşdirilib, ixrac yönümlü istehsalın stimullaşdırılması və ixrac fəaliyyətinin təşviq edilməsi ilə bağlı konkret tədbirlər görülüb. Qeyd edilib ki, bunun müqabilində vergi ödəyiciləri, sahibkarlar da öz üzərinə düşən vəzifələri yerinə yetirməli, vergiləri düzgün hesablayaraq dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməli, vergi uçotunun aparılmasında şəffaflığı təmin etməlidirlər.

Görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə sahibkarlara ətraflı məlumat verilib. Bildirilib ki, bu dəyişikliklər vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin cəlbediciliyinin artırılmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox vəsaitin qalmasına xidmət edir.

Görüşlərdə vergi uçotunun aparılmasında şəffaflığın təmin olunması ilə bağlı məsələlər geniş müzakirə olunub. Qeyd edilib ki, vergi ödəyiciləri dövriyyələrini düzgün göstərməli, sənədləşmə işlərini şəffaf aparmalı, bu sahədə pozuntulara yol verməməlidir. Bildirilib ki, istehsalçılar, topdan və pərakəndə ticarət obyektlərində sənədsiz malların satışı yolverilməzdir, nəzarət-kassa aparatlarından və POS-terminallardan geniş istifadə olunmalıdır. Görüşlərdə çıxış edən Vergilər Nazirliyinin nümayəndələri sahibkarları bu sahədə hansısa problemlə üzləşdikləri zaman yerli vergi orqanlarına və regionlardakı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyə səsləyiblər.

Görüşlərdə sahibkarların qarşılaşdıqları çətinliklərlə bağlı müraciətləri və təklifləri dinlənilib, onların çoxsaylı sualları cavablandırılıb.

Həftənin sonuna kimi, Sumqayıt, Şirvan, Quba, Zaqatala, Yevlax və Göyçayda da belə görüşlərin keçiriləcəyi nəzərdə tutulub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top