MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Faiq Huseynov

“Unibank“ın rəhbəri dollarla verilən kreditlərin manata konvertasiya olunmasını təklif edir

– Sonuncu dəfə biz Sizinlə ötən ilin sonunda görüşmüşdük. Həmin dövrdə hər kəs bir “exchange”dən digərinə qaçaraq sonuncu manatını da dollara konvertasiya edirdi. O zaman Siz demişdiniz ki, bir müddət sonra proses əksinə cərəyan edəcək. Elə də oldu. Nəticədə…

– (Sualın sonunu gözləmədən) Hər şey gün kimi aydın idi – panika! İndi isə dolların məzənnəsi üzü aşağı getməyə başladı, yəni, əks proses. Bazarda artıq manat kütləsi də qalmayıb. Nəticədə panikaya uyanlar, yumşaq desək, iqtisadi səhvə yol verdilər. Möhtəkirlər isə yaxşıca qazandı. Ehtimal edirəm ki, foreksdən yaxşı anlayışı olanlar dolların məzənnəsinin pik həddə olduğu müddətdə dollardan canını qurtardı. Məsələn, dolların 1,8 manat olduğu dövrdə. Qazancı özünüz hesablayın. Başqa sözlə, onlar gözəl anlayırdılar ki, dollar bundan yuxarı qalxmayacaq və valyutanı satmağa başladılar.

– Bazarda artıq sabitlik var. Çünki dolların məzənnəsi 1,56 manat ətrafında dövr edir. Manatın gələcək taleyini necə görürsünüz?

– Bu suala sırf nəzəri cavab verəcəyəm. Şəxsən mən bu gün dolların kəskin bahalaşması üçün heç bir səbəb görmürəm. Əgər siz dünya bazarında neftin qiymətlərinə baxsanız görərsiniz ki, konkret bir qiymət dəhlizi artıq mövcuddur. Bundan başqa, neft və qazı artıq unutmaq lazımdır. Sırf real sektor barəsində düşünmək lazımdır. Aqrar sektorun inkişafı üçün böyük potensial var. Regional olsa belə. Turizmin inkişafı üçün də geniş potensial var. Əgər biz ixracın stimullaşdırılmasından danışırıqsa, aqrar sektor burada ön plandadır. Digər sahələrin bu baxımdan inkişafı bir az vaxt ala bilər. Bir məhsulu beynəlxalq bazara çıxarmaq istəyirsənsə, o, həm qiymət, həm keyfiyyət baxımından rəqabətqabiliyyətli olmalıdır. Bizim isə ətrafımızda Rusiya, Türkiyə, İran kimi istehsalçılar var. Bir şeyi dəqiq bilmək lazımdır ki, tam olaraq idxaldan qurtulmaq mümkün deyil. Bu, rasional, effektiv addım deyil. Bundan başqa, fikrimcə, idxal rüsumlarına yenidən baxmaq lazımdır. Razılaşın ki, müəyyən səbəblərdən bizim real sektorumuzun kifayət qədər böyük bir hissəsi idxala bağlıdır. Yerli istehsala əsaslanan bazanın yaradılması vaxt alacaq. İdxala bağlı olan biznesi sıxışdırmaq iş yerlərinin bağlanmasına səbəb ola bilər. Sözsüz ki, yerli istehsalı qorumaq, stimullaşdırmaq lazımdır, lakin bunu istehlakçının maraqlarını qoruyaraq etmək lazımdır.

– Amma etiraf edin ki, manata inam itib…

– Təəssüf ki, rəqəmlər və faktlar bundan xəbər verir… Biz bu gün görürük ki, praktiki olaraq Azərbaycanda bütün əmanətlər valyutaya (dollar və avro) konvertasiya olunub, deməli əhalinin başqa valyutaya inamı daha çoxdur. Ən azından indiki mərhələdə bu belədir.

– Primitiv, lakin bütün əhalini narahat edən konkret sual vermək istərdim: üçüncü devalvasiyanı gözləmək olarmı?

– Mən bunun üçün heç bir əsas görmürəm. Bu, bankir olaraq mənim şəxsi mülahizəmdir. Axı bir səbəb olmalıdır, düzdürmü? Mən bunu görmürəm. Növbə real sektorda olduqca operativ və ciddi işlərin görülməsindədir…

– Faiq bəy, sözsüz ki, son iqtisadi proseslər maliyyə sektorunun bütün oyunçularına mənfi təsir edib. Təbii ki, bu sektorun aktiv oyunçularından biri kimi “Unibank” da kənarda qalmayıb.

– Əlbəttə, bu proseslər bütün bank sektoruna neqativ təsir edib. Aydın məsələdir ki, milli valyutamızın məzənnəsi korreksiyaya uğrayıb ki, dövlət büdcəsi bundan qazanıb. Sirr deyil ki, kreditlərin böyük hissəsi dollarla verilib. Zənnimcə, bu gün qaldırılması zəruri olan məsələlərdən biri dollarla olan kreditlərlə svop əməliyyatı həyata keçirməkdir. Söhbət ondan gedir ki, banklar müəyyən manat kütləsinə çıxış əldə etməlidir. Bununla, dollarla olan kreditlər manata çevrilə bilər. Beləliklə, müştərilər dolların sabahkı məzənnəsində nigaran qalmayacaq, özlərini sığortalayacaqlar. Əminəm ki, hökumətin USD/AZN məzənnəsi ilə bağlı konkret fikri var və bu svop əməliyyat böyük problem yaratmaz. Əksinə, bank sektoruna inamı artırar.

Əgər sizi bizim problemli kreditlərimizin həcmi maraqlandırırsa, sirr deyil ki, praktiki olaraq bütün banklarda bu göstərici ikirəqəmlidir (faiz ifadəsində). Şübhəsiz ki, burada obyektiv və subyektiv səbəblər var. Xatırlayıram ki, birinci və ikinci devalvasiya dalğası olan zaman biz müştəriləri banklara dəvət etdik, onlarla söhbətləşdik, kreditlərini restrukturizasiya etdik. Lakin müştəri anlamalıdır ki, onun yerinə kimsə ödəniş etməyəcək, borcu bağışlamayacaq. Söhbət iki subyekt arasındakı kommersiya münasibətlərindən gedir. Əlbəttə, bir qrup adam var idi ki, borcun kompensasiyası barədə düşünürdü. Nəticədə vaxt uzanırdı, kredit problemli olurdu. Bu, insanların psixologiyasıdır, onu anlamaq olar, lakin qəbul etmək olmaz. Borclananlar anlamalıdırlar ki, bu gün onun kredit tarixçəsi izlənilir. Əgər bu gün sən hansısa banka qarşı xuliqanlıq etdinsə və “qara siyahı”ya düşdünsə, bu damğa tez silinməyəcək. Maliyyə savadlılığı bəzən kifayət etmir, maliyyə intizamı da önəmlidir.

– Amma bir istisna var: “NaxçıvanBank” öz müştərilərinə güzəştə getdi.

– Söhbət individual yanaşmadan gedir. Biz bu layihənin detalları ilə tanış deyilik. Bundan başqa, borcun ümumi həcmi də məlum deyil. Mən də sizə başqa misallar çəkə bilərəm. Məsələn, bizim bank, o cümlədən başqaları da müştərilərinin borc yükünü xeyli azaltmaq üçün addımlar atır: ödəniş müddətini artırır, annuiteti azaldır, kreditlərin dəyərinə yenidən baxır. Biz bununla bağlı xüsusi proqram hazırlamışıq.

– Sirr deyil ki, banklar manat qıtlığından əziyyət çəkir. Bəziləri hətta kreditləşməni dayandırıb.

– Çox yaxşı və yerində verilmiş sualdır. Doğrudur, bəziləri kreditləşməni dayandırıb, bəziləri limit tətbiq edir. Ümumilikdə, bu, indiki mərhələdə bütün iqtisadiyyatın probleminə çevrilib. Manat qıtlığı banklara kreditləşmədə problemlər yaşadır. Aydın məsələdir ki, xarici valyutada nə müştəri kredit götürmək istəyir, nə də biz verməkdə maraqlıyıq. Bu gün bazarda manat yoxdur. Mən çox inanıram ki, aparılan islahatlar bazarda manat kütləsini artıracaq. Lakin bu, bir az vaxt aparacaq. Bizə isə manat kütləsi hava kimi lazımdır. İnanmaq istərdim ki, biznes mühitinin yaxşılaşdırılması ilə kiçik və orta sahibkarlıq subyektləri öz idxal-ixrac əməliyyatlarını banklar vasitəsilə həyata keçirəcək. Bu, bank hesablarında manat qalıqlarının artımına səbəb olacaq. Bununla da banklar kreditləşmə üçün əlavə resurs əldə edəcəklər. Sirr deyil ki, son illər ərzində məhz banklar real sektorun inkişafına stimul verdi. Buna tələb və təklifin aktiv şəkildə kreditləşməsi hesabına nail olduq. Açığı, bütün dünyada hadisələr bu cür cərəyan edir. Sual yarana bilər ki, bu, hansı formada və miqyasda baş verməlidir? Bircə onu dəqiq bilirəm ki, hazırda bizim hamımıza manat kütləsi hava kimi lazımdır.

Əlbəttə, biz də kreditləşmədə limit tətbiq etdik. Çünki anlayırıq ki, bir az vaxt keçməlidir, situasiya stabilləşməlidir, müştərilərin ödəmə qabiliyyəti kimi. Mən 2008-2009-cu illəri xatırlayıram. Bugünkü xəstəliyin bütün simptomları o vaxt da var idi. O zaman da bazarın likvidliyi pozulmuşdu, portfelin keyfiyyəti pisləşmişdi, depozitlər banklardan axırdı. Hadisələr birəbir təkrarlanır. Lakin 2010-2011-ci illərdə artıq banklar reabilitasiya olmağa, aktiv kreditləşməyə başladı. Bundan başqa, 2012-2015-ci illərdə az qala bütün banklar 2, bəziləri hətta 3 dəfə böyüdü. İndi hadisələr təkrarlanır.

– Bank sektorunda problemlərdən danışarkən depozit axınını unutmaq olmaz.

– Təbii ki, bu gün əmanətçilərin kifayət qədər böyük hissəsi bu baxımdan banklarla münasibətlərinə yenidən baxır. Vətəndaşlar öz aktivlərini başqa formaya çevirir. Biz səbirsizliklə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun imzalanmasını gözləyirik. Bu, banklara hava kimi lazımdır. Çünki bu sənədin imzalanması ilə bank sektoruna inam artacaq. İkincisi, bu, bayaq sizinlə barəsində danışdığımız həmin manat kütləsinin bazara daxil olmasına səbəb olacaq. Bundan sonra banklar kreditləşməni aktivləşdirə bilər. Anladığınız kimi, söhbət banklara yardımdan, sektora veriləcək stimuldan gedir.

– Belə bir təklif var: əmanətlər tam sığortalanandan sonra xarici valyutada olan depozitlər üçün faiz ifadəsində sığortalanma həddi aşağı salınsın, manatla olan depozitlər üçünsə, əksinə, qaldırılsın.

– Bu bizim iqtisadiyyatımıza lazımdır. Çünki bizim iqtisadiyyatımıza manat kütləsi lazımdır. Sizin dediyiniz mexanizm isə manat kütləsinin bank sektoruna axmasına imkan yaradacaq. Manatla olan depozitlər üçün daha yaxşı şərtlər yaratmaq lazımdır. Bu barədə düşünmək lazımdır. Lakin mən düşünmürəm ki, bunu manatla olan depozitlər üzrə dərəcələri artırmaqla etmək lazımdır. Başqa alətlər də var. Unutmayın ki, əgər biz biznes mühitinə verilən ciddi dəstəkdən danışırıqsa, kredit resursları əlçatan olmalıdır.

– Bir çox insan üçün hazırda bank sektorunda yaranmış vəziyyət Armageddonu xatırladır. Konsolidasiyanı nəzərdə tuturam. Biz bunu istəməsək də, depozit axını davam edir…

– Mənim düşüncəm bundan ibarətdir ki, vəziyyəti dramatikləşdirmək lazım deyil. Bu prosesdə vacib bir detala fikir verin: bağlanmış bankların əmanətçilərinin hər birinə vaxtlı-vaxtında kompensasiya verilir. Ən qısa müddətdə müflis olmuş bankların əmanətçilərinə 70 mln. manat ödənilib. Rəqəmlər artıq hər şeyi deyir. Bu isə Əmanətlərin Sığortalanması Fondunun tamamilə işlək bir qurum olduğunu göstərir. Anladığınız kimi, bu, maliyyə sektorunun imicini yüksəldir. Əlbəttə, kimsə deyə bilər ki, onun əmanəti sığortalanmayıb. Lakin o seçimi özü edib. Bank sektorunda heç bir kataklizm yoxdur.

– Sizcə, konsolidasiya prosesi rəqabəti nə qədər gücləndirəcək?

– Məntiqə əsaslansaq, bu proses bazarda rəqabəti gücləndirəcək. Məsələn, 3 bank birləşərək öz korporativ mədəniyyətini yaxşılaşdırar, ciddi strategiya hazırlayarlarsa, bu, rəqabəti gücləndirəcək. Rəqabət nə qədər güclü olarsa, bazar o qədər azad olar. Bu isə hamıya müsbət təsir edəcək.

– Siz Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə məşğul olan İşçi Qrupunun üzvüsünüz. Sözügedən publik hüquqi şəxsin yaradılması istiqamətində işlər necə gedir?

– Bildiyiniz kimi, ölkə başçısının müvafiq fərmanı ilə bank, sığorta, o cümlədən qiymətli kağızlar bazarına nəzarət funksiyasını bu Palata həyata keçirəcək. Palatanın fərmanda qeyd edilən müddətdə yaradılması istiqamətində işlər gedir. İşçi Qrupu mütəmadi olaraq görüşlər keçirir. Görüşlərdə Prezident Administrasiyasına təqdim olunacaq sənədlər paketi müzakirə olunur.

apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top