Sosial müdafiə sahəsindəki mühüm struktur islahatlarında yeni irəliləyişlər - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sosial müdafiə sahəsindəki mühüm struktur islahatlarında yeni irəliləyişlər

Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanlar sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə əhaliyə xidmət səviyyəsinin artırılması məqsədilə aparılan böyük struktur islahatı prosesində yeni irəliləyişlərə təminat yaradır.

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30 iyun 2020-ci il tarixli Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki publik hüquqi şəxslərin – Dövlət Sosial Müdafiə Fondunun,  Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin Nizamnamələri təsdiq edilir.

Yeni yaradılmış Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinə əsasən, qurum sosial xidmət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edəcək. Sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək, sosial xidmət sahəsində fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s. də yeni qurumun fəaliyyət istiqamətlərinə daxildir.

Həmçinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yeni təsdiq edilmiş Nizamnaməsinə görə, məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla, qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərir.

Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərinə isə işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması, boş olan və işçi tələb edilən iş yerləri barədə məlumatları əsasında vakansiya bankının yaradılması, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması və s. daxildir.Agentlik həmçinin  işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparacaq. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramı tərtib edəcək.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində işləri aparacaq.

Nazirlər Kabineti dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqlar sırasında Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırığı da yer alıb.

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli digər Fərmanında isə “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanda bir sıra dəyişikliklər (həmçinin Nazirliyin Aparatının  və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının işçilərinin say həddi ilə bağlı) edilməsi tapşırılır.

Beləliklə, 30 iyun 2020-ci il tarixli hər iki Fərman ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində idarəçiliyin müasir yanaşmalara uyğun optimallaşdırılması və bu əsasda əhaliyə xidmətlərin vətəndaş məmnunluğu prinsipi üzrə inkişafına yönələn islahatların uğurla davam etdirilməsi məqsədi daşıyır.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında müvafiq qurumların əsasında yeni publik hüquq şəxslər dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanına əsasən yaradılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top