Prezident İlham Əliyev bir neçə xarici qonağı qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifini qəbul edib.
Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Kral Salman bin Əbdüləziz Əl Səudun tapşırığı ilə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etməsindən məmnun olduğunu dedi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına bir il bundan əvvəlki rəsmi səfərini və səfər zamanı Kral Salman bin Əbdüləziz Əl Səudun ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyi məmnunluqla xatırladığını bildirdi. Dövlətimizin başçısı bu səfəri iki dost ölkə arasında güclü əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Səudiyyə Ərəbistanının yaxın dost və tərəfdaş ölkələr olduqlarını və bir-birlərini daim dəstəklədiklərini vurğuladı. Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu səviyyədə iştirakını tədbirə verilən önəmin və ölkəmizlə dostluq əlaqələrinin göstəricisi kimi qiymətləndirdi.
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Kral Salman bin Əbdüləziz Əl Səuda çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Fransanın keçmiş Baş naziri Dominik de Villpeni qəbul edib.
Yenidən Bakıya səfər etməsindən məmnunluğunu bildirən Dominik de Villpen iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini dedi, iqtisadi və siyasi vəziyyətin asan olmadığı indiki dövrdə Azərbaycanda inkişafın şahidi olduğunu vurğuladı. O, Azərbaycanın uzun illər dostu olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Fransanın keçmiş Baş naziri Dominik de Villpenlə Bakıda və Parisdə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq qonağın Forumda iştirakının əhəmiyyətini vurğuladı.
Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müzakirə edilən məsələlərin önəmi qeyd olundu, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulandı.
Prezident İlham Əliyev Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudu qəbul edib.
Dövlətimizin başçısı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfərini, həmçinin bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində keçirdikləri görüşləri və aparılan müzakirələri məmnunluqla xatırladı. Paytaxtımızda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Qətər Dövlətinin göstərdiyi diqqəti yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi, Forumda iştirakına görə Ahmed bin Abdullah Al Mahmuda təşəkkürünü bildirdi.
Ahmed bin Abdullah Al Mahmud Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı. Qətər Dövlətinin Baş nazirinin müavini Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu zamanı göstərilən diqqətə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Ahmed bin Abdullah Al Mahmud ölkəmizin inkişafının, Bakının gözəlliyinin və paytaxtda planlı şəkildə həyata keçirilən abadlığın, eyni zamanda, insanların yüksək əhval-ruhiyyəsinin onda dərin təəssürat yaratdığını vurğuladı, bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı İran İslam Respublikasının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda yüksək səviyyədə təmsil olunmasından məmnun olduğunu dedi və bunu dostluğumuzun növbəti göstəricisi kimi qiymətləndirdi. Son vaxtlar İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinin ölkəmizə səfər etdiklərini vurğulayan Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə bu yaxınlarda İstanbuldakı görüşünü də məmnunluqla xatırlayaraq bildirdi ki, bütün bunlar ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasını göstərir. Dövlətimizin başçısı ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə etdi. Hələ Gilan valisi vəzifəsində çalışdığı vaxt bir neçə dəfə Bakıda, Gəncədə və Azərbaycanın digər yerlərində olduğunu deyən iranlı qonaq budəfəki səfəri zamanı son vaxtlar ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və bütün sahələrdə əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.
BƏNZƏR MƏQALƏLƏR
-
Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb. […]
-
İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər […]
-
Azərbaycanlı qardaşlarımızın yanındayıq -ƏRDOĞAN
“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində əvvəl olduğu kimi indi də yanında olacağıq”. Bunu Türkiyə Prezidenti Rəcəb […]