Nağdsız ödənişlərə görə güzəştlər kimlərə şamil olunur? - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nağdsız ödənişlərə görə güzəştlər kimlərə şamil olunur?

Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur. Həmçinin, Məcəllənin 106.9-cu maddəsində göstərilib ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Mühasibat mütəxəssisi Emin Salamov qeyd edilən maddələrdə iki əsas məqama diqqət yetirilməsini tövsiyə edir:

Birincisi, bu güzəşt hüququndan yalnız pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istifadə edə bilər. Yəni, istər xidmət sahəsində fəaliyyət göstərən şəxslər, istər topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan şəxslər, istərsə də istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən mallar və xidmətlər təqdim edilərkən satış dövriyyəsinin müəyyən hissəsi POS-terminal vasitəsilə nağdsız qaydada ödənilsə belə, həmin vergi ödəyiciləri bu güzəşt hüququndan istifadə edə bilməzlər.

İkinci məqam ödənişi edən şəxsin vergi ödəyicisi olub-olmaması ilə bağlıdır. Əgər ödəniş vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən nağdsız qaydada POS-terminal vasitəsilə ödənilsə belə, yuxarıda qeyd edilən maddənin müddəaları tətbiq oluna bilməz.

Misal: Hüquqi şəxs olaraq pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan müəssisənin 2020-ci il üçün illik gəliri 150 000 manat, gəlirdən çıxılan xərclər isə 65 000 manat olub. İllik gəlirin 110 000 manatı nəğd, 40 000 manatı isə nağdsiz qaydada olarsa, müəssisənin illik mənfəət vergisini hesablayaq:

150 000 – 65 000 = 85 000 manat

85 000 x 20% = 17 000 manat (mənfəət)

40 000 : 150 000 = 0, 2666 manat

17 000 x 0,2666 = 4532,20 manat

Tətbiq olunacaq güzəştin məbləği:

4532,20 x 25% = 1133,05 manat.

17 000 – 1133,05 = 15866,95 manat.

Deməli, vergi ödəyicisi 15 866,95 manat mənfəət vergisi ödəməlidir.

Əlavə olaraq qeyd etmək istərdim ki, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində güzəşt gəlir vergisinin ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri üçün də keçərlidir.

Gəlir verginin ödəyiciləri üçün yuxarıda qeyd edilən güzəşt Vergi Məcəlləsinin 102.1.24-cü maddəsi ilə, sadələşdirilmiş verginin ödəyiciləri üçün isə Vergi Məcəlləsinin 218-1.2-cü maddəsi ilə tənzimlənir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top