Milli Məclisin komitəsində “Turizm haqqında” qanun layihəsinin ilkin müzakirəsi keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Milli Məclisin komitəsində “Turizm haqqında” qanun layihəsinin ilkin müzakirəsi keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında yenidən hazırlanan “Turizm haqqında” qanun layihəsinin ilkin müzakirəsi keçirilib.

Çıxış edən komitə sədri Hadi Rəcəbli bildirib ki,  Azərbaycanda turizmlə bağlı qanun 1999-cu ildə qəbul olunub və artıq yeni qanuna ehtiyac var.

Səkkiz fəsil və 87 maddədən ibarət olan yeni qanundan danışan H. Rəcəbli deyib ki, əvvəlki qanun bugünün tələblərinə cavab vermir: “Ona görə də qanunun yenidən işlənib hazırlanmasına ciddi ehtiyac var idi. Bütün bunları nəzərə alaraq, layihənin hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb.Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da qrupda fəal iştirak ediblər. Artıq ilkin müzakirələrlə bağlı çoxlu materiallar toplanılıb”.

H. Rəcəbli qeyd edib ki, 2001-ci ildə Azərbaycanda 80-dən çox mehmanxana olduğu halda, indi onların sayı 400-ü keçib: “Bu gün ölkədə turizm üçün 223 muzey, 29 teatr, 6300 tarixi abidə, 27 qoruq var. Azərbaycanın turizm potensialı haqqında günlərlə danışmaq olar. Lakin bu sahədə müəyyən çatışmazlıqlar da mövcuddur. Ölkədə yolların tikilməsinə baxmayaraq, bəzi bölgələrə hələ də yol çəkilməyib. Görüləsi işlərimiz görülənlərdən qat-qat çoxdur. Yeni hazırlanan layihəni təkmilləşdirərkən əvvəlki qanunla müqayisədə 30-a yaxın müddəa azaldılıb. Əsas məqsəd layihənin gündəmə gəlməsi və parlamentin yaz sessiyası dövründə müzakirəyə çıxarılmasıdır”.

Araz Əlizadə çıxışında turizm sahəsində qiymətlərin bahalığından şikayətlənib: “Mən son bayram günlərində şəxsən şahidi oldum ki, Bakıya gələn turistlər qiymətlərin hədsiz bahalığına görə səfərlərini yarımçıq qoyub geri qayıdıblar”.

Aytən Mustafa isə deyib ki, bu gün dünyada sosial turizm – yəni yaşlı adamların səfərləri dəbdədir: “Avropada, bir sıra dünya ölkələrində yaşlı insanlar evdə oturmaqdan çox, səyahətə üstünlük verilər. Bunun üçün biz orta və yaşlı təbəqədən olan turistlər üçün infrastruktur formalaşdırmalıyıq”.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə bildirib ki, layihənin hazırlanması üçün intensiv müzakirələrin keçirilməsinə ehtiyac var: “Çünki bizim məqsədimiz turizmlə bağlı problemi kökündən həll etməkdir. Nəzərə alın ki, bu sahədə problemlərin bir çoxu bizim nazirlikdən asılı deyil. Nazirliyin hansısa şirkət, hotel və ya restoranın qiymətini aşağı salmağa səlahiyyəti yoxdur. Çünki Azərbaycanda sərbəst bazar şəraiti mövcuddur. Qiyməti yuxarı olan restorana gələn müştəri ikinci dəfə ora üz tutmaz. Bu da təbii ki, biznesin itirilməsi deməkdir. Yəni biznesini itirən restoran və ya hotel qiymət məsələsini düşünməlidir”.

Xarici valyuta ilə hesablayarkən Azərbaycanda qiymətlərin daha cəlbedici olduğunu söyləyən nazir müavini qeyd edib ki, Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan hotellərində olan qiymətləri müqayisə etdikdə 5 ulduzlu seqment üzrə Bakıdakı brend hotellərin 3-4 dəfə, 4 ulduzlu seqment üzrə isə 2 dəfə ucuz olduğu məlum olur: “Azərbaycanda bu sahədə əsas problem 2-3 ulduzlu hotellərin az olmasıdır. Bizdə əsas diqqət bu problemin həllinə yönəlməlidir. 2-3 ulduzlu hotellərin tikilməsinə indiyə kimi iri holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər. Səbəb isə bu işin onlara o qədər də cəlbedici görünməməsidir. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya daha tez geri qayıdır. Ona görə bu sahədə işləri daha da gücləndirmək lazımdır”.

Layihə işlənib başa çatdırılması üçün işçi qrupuna qaytarılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top