MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Mərkəzi Bank

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Cari ildə inflyasiya səviyyəsi əsasən dünya əmtəə qiymətləri, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, tərəfdaş ölkələrdə inflyasiya kimi qeyri-monetar xərc amillərinin təsiri altında formalaşır. Məcmu tələb amillərində canlanma olsa da, bu amillərin inflyasi­ya yaratma potensialının davamlığı ilə bağlı tam əminlik yoxdur. Profisitli tədiyə balansı, mövcud makroiqtisadi çərçivə və dedollarlaşma meyilləri qiymətlər sa­bitliyinin əsas lövbəri olan məzənnə sa­bitliyini dəstəkləyir. Bütövlükdə monetar şərait antiinflyasyon xarakterini qoruyur. Bütün bunlar uçot dərəcəsinin dəyişimi ilə bağlı növbəti fasilənin götürülməsinə əsas verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici inflyasiyanın daxili ba­zara transmissiyası, mövsümi faktorların təsir müddəti, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaq­la qəbul ediləcək.

İnflyasiya prosesləri

Diqqətə çatdırılıb ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən icla­sından sonrakı dövrdə illik inflyasiya tempi azalıb. Rəsmi statistikaya görə iyunda 0.5 faizlik deflyasiya olub, 12 aylıq inflyasiya 4.7 faiz təşkil edib. Aylıq deflyasiya ərzaq məhsullarının mövsümi ucuzlaşması hesabına baş verib. İyunda ərzaq məhsulları üzrə qiymət indeksi 1.4 faiz aşağı düşməklə inflyasiyaya azaldıcı təsir edib. İllik ərzaq inflyasiyası 5.3 faiz təşkil edib. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməsi mühüm təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri ilin əvvəlindən 15 faiz, son bir ildə isə 34 faiz yüksəlib.

Ertələnmiş tələbin fəallaşması və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin artımı şəraitində qiymətlər qeyri-ərzaq məhsulları üzrə iyunda aylıq olaraq 0.3 faiz, xidmətlər üzrə 0.1 faiz yüksəlməklə illik əsasda inflyasiya uyğun olaraq 4.6 faiz və 4 faiz təşkil edib. Qiymətlərin qeyri-ərzaq məhsulları üzrə artımında ticarət tərəfdaşı ölkələrində müşahidə olunan yüksək inflyasiya, dünya xammal və aralıq istehlak malları bazarlarında qiymət artımları da mühüm rol oynayır.

Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inf­lyasiya 2021-ci ilin yanvar-iyun aylarında 2,7 faiz təşkil edib.

İnflyasiya gözləntilərində yüksəlmə müşahidə edilmir. İyunda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi 25 faiz təşkil edib ki, bu da mart ayında olduğundan fərqlənmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri iyun ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində və ticarətdə artmış, tikinti və xidmətdə isə azalıb.

Əsasən xərc amillərinin birbaşa və dolayı təsiri nəzərə alınmaqla iyulda 2021-ci ilin sonuna illik inflyasiya proqno­zu yüksəlmə istiqamətində təshih edilib. Cari ildə illik inflyasiyanın elan edilmiş hədəf diapazonun (4±2 faiz) yuxarı həddinə yaxınlaşacağı proqnozlaşdırılır.

Xarici sektor

E.Rüstəmov qeyd edib ki, ötən iclasdan sonrakı dövrdə qlobal iqtisadiy­yatın bərpasının sürətlənməsi və xarici mühitdə yaxşılaşma ölkədə qiymətlər sabitliyini dəstəkləyən amillərdən olub. COVID-19 əleyhinə peyvəndləmənin sürətlənməsi, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşal­dılması şəraitində qlobal iqtisadiyyatın bərpa prosesi gözləntiləri üstələyir. Beynəlxalq Valyuta Fondunun (BVF) iyulda açıqladığı yenilənmiş proqnozlara görə qlobal iqtisadi artımın 2021-ci ildə 6 faiz olacağı gözlənilir. BVF 2022-ci ilə qlobal iqtisadi artım proqnozunu 0,5 faiz bəndi yuxarıya doğru təshih edərək 4,9 faizə yüksəldib.

Qlobal enerji bazarında qiymətlər də gözləniləndən daha sürətlə artır. Neftə qlobal tələbin 2022-ci ildə pandemiyadan əvvəlki səviyyəyə çatacağı gözlənilir. Yanacaq məhsullarına tələbdəki yüksək artımla müqayisədə “OPEC+” razılaşma­sı çərçivəsində təklifin konservativ artırıl­ması neftin qiymətinə artırıcı təsir etdir. “Brent” markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 66 ABŞ dollarını, iyulda isə 74 ABŞ dollarını üstələyib.

Son meyillər nəzərə alınmaqla iyulda 2021-ci il üçün cari əməliyyatlar hesabı­nın profisitinə dair illik proqnoz yenidən yüksəlmə istiqamətində təshih edilib. Əlverişli neft qiymətləri ilə yanaşı qeyri-neft ixracının da yüksək sürətlə artması tədiyə balansına müsbət təsir edir. Stra­teji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2,7 faiz (1,4 milyard ABŞ dolları) artaraq 52,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 2 faiz artaraq 6,5 milyard ABŞ dollarına çatıb.

Profisitli tədiyə balansı valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində təklifin artması və tələbin azalması ilə müşayiət olunur. Bu da qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Bütövlükdə cari ilin ötən dövründə 55 valyuta hərracında 3,2 milyard ABŞ dolları satılıb ki, bu da orta hesabla hər hərraca 58,7 milyon ABŞ dolları deməkdir. Hərracların 87 faizinə təklif tələbi üstələyib. Cari ilin 30 iyul tarixinə Dövlət Neft Fondunun qrafikə uyğun satılmayan vəsaiti 539 milyon ABŞ dollarıdır.

Valyuta bazarında sabitlik şəraitində bank sektorunda depozit və kredit portfelinin dedollarlaşma tendensiyası davam edir. Belə ki, depozit portfelinin xarici valyutada olan hissəsi 6 ayda 4,1 faiz bəndi azalaraq 49,1 faiz təşkil edib. Kredit portfelinin xarici valyuta hissəsi isə 2,9 faiz bəndi azalaraq 27,3 faiz təşkil edib.

Monetar şərait

Mərkəzi Bankın sədri vurğulayıb ki, monetar şərait ötən iclasdan bəri əhəmiyyətli dəyişməyib və uçot dərəcəsi neytrala yaxın qalıb ki, bu da inflyasiya­nın monetar amillərinə nəzarət etməyə imkan verir.

Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Maliyyə sekto­runda yüksək likvidlik şəraitində dövlət qiymətli kağızlarının gəlirliyi və banklara­rası bazarda faiz dərəcələri azalma me­yilini saxlayır. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş verməsə də, real faizlər azalır. Pul bazası ilin əvvəlindən 4 faiz artıb. İlin qa­lan dövründə pul təklifinin dəyişimi baş­lıca olaraq dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaq.

Kredit aktivliyi inflyasiya təzyiqi yaratmayacaq templərlə yüksəlməkdə davam edir. 6 ayda bank sistemi üzrə kredit portfeli 5 faiz, o cümlədən biz­nes kreditləri 3 faiz, ipoteka kreditləri 8.4 faiz, istehlak kreditləri 7.6 faiz artıb. İstehlak kreditləri üzrə aktiv­lik əhalinin istehlak optimizmi və ertələnmiş tələbin realizasiyası, banklar tərəfindən isə böhran öncəsi portfelin bərpasına çalışması ilə əlaqədardır. 2021-ci ilin yanvar ayından etibarən Mərkəzi Bank tərəfindən istehlak kreditlərinin məhdudlaşdırılmasına yönələn requlyativ tələblər tətbiq olunur.

İqtisadi fəallıq

Bildirilib ki, milli iqtisadiyyat­da bərpa prosesləri sürətlənir. İqtisadi artım prosesi xarici mühitin yaxşılaşması və stimul­laşdırıcı makroiqtisadi çərçivənin həyata keçirilməsi ilə dəstəklənir. Eyni zamanda, sosial təcrid tədbirlərinin mərhələli yumşal­dılması təxirə salınmış tələbi aktivləşdirir. Pərakəndə ticarət dövriyyəsi və ödənişli xidmətlərin istehlakının illik dəyişimi müsbət zonaya daxil olub. Məcmu tələbin bərpası məcmu təklifin də yüksəlməsi ilə müşayiət olunur. 2021-ci ilin 6 ayında Ümumi Daxili Məhsul real ifadədə 2,1 faiz, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5,1 faiz artıb. O cümlədən, qeyri neft-qaz sənayesində 16,8 faiz, kənd təsərrüfatında 5,7 faizlik artım baş verib. Daxili istehsalın artımı şəraitində qeyri-neft ixracı cari ilin 6 ayında 27,5 faiz artıb.

Keçirilmiş sorğular iqtisadi aktivli­yin artmaqda olduğunu göstərir. Real sektorun monitorinqinə görə iyunda biznes inam indeksi qeyri-neft sənayesi və ticarətdə artıb, xidmət və tikinti sek­torlarında isə pozitiv zonada qalmaqla demək olar ki, dəyişməyib. Ticarətdə satış gözləntisi, xidmətdə isə tələb gözləntisi yaxşılaşıb. Bununla belə qeyri-neft sənaye müəssisələrində istehsal güclərinin yüklənmə səviyyəsi öz maksi­mum potensialına çatmayıb.

Risklər balansı

“İnflyasiya üzrə risk balansında artırıcı amillərin rolu artsa da, onların dayanıqlığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. İnflyasiya idxalı və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər kimi xərc amilləri qısamüddətli risk ba­lansında əsas artırıcı amillər hesab edilir. Effektivlik baxımından monetar siyasət və onun transmissiya imkanları daha çox məcmu tələbin inflyasiyaya qalıcı təsirlərinin tənzimlənməsi məqsədini da­şıyır. Epidemioloji risklərin reallaşma eh­timalının qalması məcmu tələbin inflya­siyaya təsirinin müvəqqəti və ya davamlı olması ilə bağlı birmənalı fikir söyləməyə imkan vermir. Qiymətləndirmələrə görə ilin ikinci yarısında monetar amillərin inflyasiyaya artırıcı təsiri məhdud olaraq qalacaq. Tədiyə balansının yaxşı­laşması və valyuta bazarında təklifin genişlənməsi pul siyasətinin başlıca lövbərini – məzənnənə sabitliyini da­yanıqlı etməklə qiymətlərə artırıcı təsir edən amilləri əhəmiyyətli neytrallaşdı­rır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya riskləri, bazar iştirakçılarının qiymətqoyma davranışla­rı, inflyasiya gözləntiləri, məcmu tələbin artım tempi nəzərə alınmaqla qəbul ediləcək”, – deyə E.Rüstəmov qeyd edib.

Bu qərar iyulun 30-dan qüvvəyə mi­nir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 17-də ictimaiyyətə açıqlanacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top