“İrandan idxal olunan kartofa qadağa qoyulmasının qiymətlərə təsiri olmayacaq” – AÇIQLAMA + FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“İrandan idxal olunan kartofa qadağa qoyulmasının qiymətlərə təsiri olmayacaq” – AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.

Səbəb məhsuldan götürülən nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm – halqavari bakterial çürümə xəstəliyi və kartofun qonur çürümə bakteriyasının aşkarlanmasıdır.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2023-cü il 23 oktyabr tarixindən etibarən qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.

Bəs görəsən, İrandan kartofun idxalına qoyulan qadağa bazarda bahalaşma yarada bilərmi? Bu qadağanın qiymətlərə təsiri necə olacaq?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, İrandan göndərilən məhsulların keyfiyyətində problemlər var:

“Bu da təbii ki, insanların sağlamlığına mənfi təsir göstərir. Çox sevindirici haldır ki, Azərbaycanda müvafiq icra orqanları buna mütəmadi diqqət yetirir, monitorinqlər keçirir. İrandan idxal olunan məhsullara, xüsusən də kartofa qadağa qoyulub.

Payız ayları kartof mövsümüdür. Bu dövrdə belə bir addımın atılması xüsusi diqqət çəkir. Payızın əvvəlində bazarda yerli istehsal olunan kartofun təklifi kifayət qədər çox olur. Daxili bazarda yetərincə daxili tələbatı ödəyəcək kartof var”.

Ekspert qeyd edib ki, yaxın iki-üç ay ərzində qiymət artımına şərait yaradılmayacaq:

“İki-üç ay sonra tələbat artarsa, daxili tələbatla kifayətlənməzsə, Rusiya və digər bazarlardan ala bilərik. Payız dövründə də bizim yerli, problemsiz və orqanik məhsulların satışı stabil olacaq. Sağlamlığımızı qoruya bilərik. Yerli istehsalçılar üçün də müsbət haldır.

İran tərəfi müəyyən zərərli təsirləri olan pestisidləri (kimyəvi maddələri) kartofa vuraraq, onu qısa müddətdə yetişdirib bizim bazara gətirə bilər. Biz görürük ki, bu yerli istehlakçıların sağlamlığına zərər yetirir. Hesab edirəm ki, bu müsbət bir haldır və gələcəkdə problemlər yaranmaz. Yaxın iki-üç ayda hesab edirəm ki, daxili bazarda idxal olunan kartof tam bizi təmin edəcək. Qiymət artımına şərait yaradılmayacaq. Bazar da çevik reaksiya verəcək”.

“Müəyyən dövrdə azalmalar olarsa, müvafiq alternativ bazarlar var. Rusiya və digər bazarlarda kartof məmulatlarını sahibkarlar burada idxal edəcəklər. Bu da istisna deyil. Növbəti ildən bizim istehsalımız artar, bazarımız da stabil olar.

Hesab edirəm ki, bu, müsbət haldır. Əksər bazarlarda süni qiymət endirimləri var idi. Bu kimi halların qarşısı alınmalıdır. Bu yolla bizim həm daxili bazarımızı, həm daxili istehsalçılarımızı stimullaşdıracaq, həm də bazarda stabillik təmin olunacaq”, – deyə E.Qəribli əlavə edib.

İqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib ki, İrandan idxal olunan kartofa qadağa qoyulmasının qiymətə əhəmiyyətli təsiri olmayacaq:

“Belə ki, kartof istehsalı ilə bağlı daxili istehsal ölkəmizdə tələbi tam ödəyir. Həmçinin bizdə kartof idxalı ilə bağlı digər ölkələrdən əsasən Rusiya, Belarus və Türkiyədən məhsul idxal olunur. Bu baxımdan hesab edirəm ki, İrandan idxal olunan kartofun belə dayandırılması kartofun qiymətinin artmasına çox əhəmiyyətli təsir göstərməyəcək”.

Nəzrin Vahid

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top