İlk dəfə sığorta eksperti fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər xüsusi imtahan verəcəklər. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İlk dəfə sığorta eksperti fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər xüsusi imtahan verəcəklər.

ECONOMİC: Ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi çərçivəsində bu sahədə müstəqil ekspertlər institutunun yaradılması tələb olunur. Müstəqil ekspertlər aqrar sığorta zamanı risklərin və dəyən zərərin qiymətləndirilməsi xidməti göstərəcəklər.
Müstəqil ekspert statusu almaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil ediləcək.
Artıq DİM namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə imtahanın birinci mərhələsinin proqramlarını təqdim edib.
Proqramlarla (http://dim.gov.az/upload/iblock/c44/c448ea7aa51b5cd082690f94896cb47b.pdf) linki vasitəsilə tanış olmaq olar.
İmtahan iki mərhələdən ibarətdir. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılmasına aid sualları, o cümlədən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir.
İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunacaqlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçiriləcək. İmtahanın ikinci mərhələsi təlim proqramına dair sualları əhatə edəcək. İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün ümumi (maksimal) bal 120 baldır. İmtahanın birinci mərhələsi üzrə 60, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın hər bir mərhələsinin davametmə müddəti üç saatdır.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
– Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
– Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
– Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
Namizədlər qanunvericilik aktları və digər zəruri materiallarla Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasından (http://www.e-qanun.az/) və Aqrar Sığorta Fondunun internet səhifəsindən (http://elacademy.az/) tanış ola bilərlər.
Qanunvericilikdə olunan dəyişikliklərə uyğun müvafiq proqramlara düzəliş və əlavələr ediləcək. Eyni zamanda, imtahanların məzmunu, keçirilməsi və bununla əlaqədar digər zəruri məlumat da mütəmadi olaraq DİM-in internet səhifəsində yerləşdiriləcək. İmtahan iştirakçılarına bunu nəzərə alaraq DİM-in internet səhifəsini və yuxarıda göstərilən internet səhifələrini mütəmadi olaraq izləməsi tövsiyə olunur.
İmtahanlarda iştirak etmək istəyən namizədlərin “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə yaxından tanış olmaları məqsədəuyğundur.
Xatırladaq ki, imtahan Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir. İmtahan nəticəsində sertifikatlar Dövlət İmtahan Mərkəzi tərəfindən verilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top