Formula 1-dən Avro 2021-dək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Formula 1-dən Avro 2021-dək

Azərbaycan gərgin mübarizələr, gözlənilməz nəticələrlə yadda qalan Formula 1 Qran prisinə evsahibliyi etdi. Bakı Şəhər Halqası (BŞH) yarışları yüksək səviyyədə təşkil etdi. İstər trekin quruluşu, istər BŞH-ni müşayiət edən paytaxt Bakı, builki Azərbaycan turunun bitməsinə baxmayaraq, Formula 1 həvəskarlarının ən maraqlı gündəm mövzusudur.

Bakı Qran prisinin davam etdiyi günlərdə reportaj hazırlayarkən suallarımızı cavablan­dıran əcnəbi qonaqlarımız deyirdilər ki, Bakı dövrəsi özünəməxsus quruluşu şəhərdaxili Formula 1 yarışlarında mövcud olan ən maraqlı treklərdən biridir. Turistləri ən çox heyrətləndirən məqam trekin dar zonala­rında yolları əhatələyən qala divarları idi ki, bunun yarışlara xüsusi rəng qatdığı hər kəsə məlumdur.

Yarışların bitməsinə, Qran prinin azar­keşsiz keçirilməsinə baxmayaraq, paytaxt küçələrində gəzərkən, tez-tez əcnəbi idman azarkeşləri ilə qarşılaşmaq mümkündür. Belə bir şəhər gəzintisində qarşımıza çıxan, bir-birinə Formula 1 və Avro 2021 plakatlarını göstərən iki dost diqqətimizi çəkdi. Yaxınlaşıb öyrəndik ki, qonaqlarımız İsveçrədən gəliblər. İsveçrə deyən kimi ağlıma Avro 2021-in qrup mərhələsi çərçivəsində İsveçrə yığma futbol komandasının da məhz paytaxtımızda mübarizə aparacağı gəldi. Robin və Jean bi­zim onlara verdiyimiz ilk sualdaca İsveçrədə uzun müddətdir F-1 yarışı keçirilmədiyini qeyd etdilər. Söhbətimizin bəzi məqamlarını təqdim edirik:

– Əvvəla xoş gəlmisiniz! Azərbaycanda özünüzü necə hiss edirsiniz?

Robin:

– Xoş gördük. Biz ilk dəfədir Bakıya gəlirik. Hər şey əladır. Sizin şəhərinizdə ard-arda iki böyük yarış keçirilir. Sizin buna reaksiyanız da bizim üçün maraqlıdır – deyə Robin sualımıza sualla cavab verdi.

– Yəqin ki, bu, nadir hadisə hesab edilməlidir. Ona görə də həyəcanlıyıq.

– Heyif ki, F-1 bu il azarkeşsiz oldu.

– İzləmək şansınız oldu?

– Biz, əslində, milli komandanı izləmək üçün Bakıya gəlməyi planlayırdıq. Amma daha sonra qərar verdik ki, bir neçə gün əvvəl gəlib Formula 1-i də izləyək. Sonra buil­ki Qran prinin azarkeşsiz olacağını öyrəndik. Amma burada oyunları qismən də olsa izləyə bildik. Final turunu isə TV-dən izlədik. Yarışlar çox həyəcanlı idi. Sonda baş verən qəza isə hər zaman olduğu kimi, Bakıdakı gözlənilməz hadisələrdən idi.

– Avropa kubokunda millinizin şanslarını necə dəyərləndirirsiniz?

Bu sualımıza Jean cavab verdi:

– Biz bilirik ki, Azərbaycanda insanlar Türkiyə millisini dəstəkləyirlər. Ona görə də biz burada ortaq bir qərara gəlməliyik. Türkiyə və İsveçrə millilərinin qrupdan növbəti mərhələyə yüksələcəyini düşünürəm.

Robin müdaxilə etdi:

– Düşünürəm ki, İsveçrə millisi qrup mərhələsini keçərsə, artıq bu uğur sayıl­malıdır. Realist olmaq lazımdır. Ağır qrupa düşmüşük.

Jean:

– Hər halda, ciddi mübarizə gedəcək. Təslim olmaq bizə yaraşmaz.

Daha sonra Robin bizdən Formula 1 Qran prisi zamanı lider Ferstappenin qəzaya uğradığı yeri göstərməyimizi istədi. Dedi ki, bu həyəcanverici an idi. O zonanı tapıb xatirə şəkli çəkdirmək istəyirlər. Ümumiyyətlə, əllərində fotoaparatlar olan iki dost addımbaşı dayanır, Bakını öz xatirələrinə həkk edirdilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top