Əlilliyin müəyyən edilməsində mütərəqqi dünya təcrübəsinə əsaslanan yanaşmalar tətbiq olunacaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əlilliyin müəyyən edilməsində mütərəqqi dünya təcrübəsinə əsaslanan yanaşmalar tətbiq olunacaq

ECONOMIC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən brifinqdə əlilliyin qiymətləndirilməsi sistemində tətbiq ediləcək yeni meyarlar barədə məlumat verilib

 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan sosial islahatların əsas istiqamətlərindən  biri də əlillik sahəsini əhatə etməklə, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə, həmin sistemin mütərəqqi dünya təcrübəsi əsasında qurulmasına yönəlib.  Dövlət başçısı tərəfindən yeni təsdiq edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun da bu məqsədi özündə ehtiva edir.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən brifinqdə Nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, Qanunda edilmiş dəyişikliklər əlilliyin müəyyən edilməsi sahəsində ölkəmizdə ilk dəfə olaraq yeni konseptual yanaşmanı, əlilliyin qiymətləndirilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla, yeni meyarlarla, orqanizmin funksiyalarının  itirilməsi faizi əsasında  həyata keçirilməsini nəzərdə tutur. Qeyd olunan dəyişikliklərlə bağlı dövlət başçısı həmçinin bir sıra Qanun və Məcəllələrdə edilmiş dəyişiklikəri də təsdiq edib.

Bildirlib ki, qanunvericilikdə “əlilliyinin səbəbi, dərəcəsi” sözləri “orqanizminin funksiyalarının pozulması faizi, səbəbi” sözləri ilə, “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Qeyd edilən dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək və artıq Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının  itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla əlilliyin qiymətləndirilməsi aparılacaqdır.

Həmçinin qanunvericilikdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəzlənir və  18 yaşınadək əlilliyi müəyyən edilmiş məktəbəqədər yaşda olan uşaqların təlim və tərbiyəsinin Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilməsi də nəzərdə tutulur.

S.Qocayev KİV nümayəndələrinin suallarını da cavablandırıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top