MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Əbülfəs Qarayev

Əbülfəs Qarayev: Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi şəhərə turist axınını artıracaq

Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinə həsr olunan bu təntənəli açılış mərasimi həm də rəmzi məna daşıyır. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun öz işini bitirməsi ilə əlaqədar Azərbaycanda çoxsaylı qonaqların olduğunu nəzərə alaraq, biz “paytaxt ili”nin təntənəli açılış mərasimini məhz bu günə saldıq. Gördüyünüz kimi, burada BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi də daxil olmaqla bir çox ölkədən qonaqlarımız var. Düşündük ki, bu tədbir Azərbaycan mədəniyyətini əyani şəkildə göstərmək, qonaqları xalqımızın adət-ənənələri ilə yaxından tanış etmək üçün gözəl fürsətdir.

Economic.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanın mirvarisi olan Şəki şəhərinin TÜRKSOY tərəfindən türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin çox böyük siyasi və mədəni hadisə olduğunu vurğulayan nazir daha sonra bildirib: “Nazirlik olaraq biz buna çoxdan hazırlaşırdıq. Üzərimizə belə mühüm və məsuliyyətli vəzifənin qoyulmasından məmnunuq. Bu gündən etibarən Şəki şəhərində silsilə tədbirlər keçiriləcək. Biz Türkiyənin Mədəniyyət Nazirliyi ilə razılığa gəldik ki, yay mövsümündə bu şəhərdə bir həftə müddətində birgə tədbirlər keçirək. Bu tədbirlərə türkdilli ölkələrin musiqi və teatr kollektivləri, ədiblər, teatr xadimləri dəvət olunacaq. Şəkidə müxtəlif tamaşalar göstəriləcək, görüşlər baş tutacaq”.

Şəkidə beynəlxalq festivalların keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu prosesin davamlı olacağını bildirib. “Ən əsası odur ki, bu bir il müddətində Şəkiyə gələn turistlərin sayı xeyli artacaq”, – deyə nazir əlavə edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top