MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

bulladeniz

Dəniz özüllərində təhlükəsizliyin gücləndirilməsi tədbirləri diqqət mərkəzindədir

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi heyət N.Nərimanov və Neft Daşları Neft-Qaz Çıxarma İdarələrinin dəniz özüllərində olmuşdur.İdarələrin istismarında olan “Bulla-dəniz” və “Neft daşları” yataqlarında istehsalat obyektlərinə baxışlar keçirilmiş, infrastrukturların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm qərarlar verilmiş, işçilərin daha təhlükəsiz meydança və özüllərdə yerləşdirilməsi üçün tədbirlər planı hazırlanmışdır. Keçirilmiş baxış və səyyar müşavirələrdə dəniz özüllərinin, qəza riskli estakadayanı meydançaların, hidrotexniki qurğu və kommunikasiya qovşaqlarının mövcud vəziyyəti ətraflı müzakirə olunmuş, əmək təhlükəsizliyinin daha etibarlı təminatı üçün zəruri tədbirlərin gücləndirilməsi və mövcud nöqsanların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. İşçi heyətin üzvləri eyni zamanda “Neft Daşları” yatağında tikintisi başa çatdırılmış 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi ilə tanış olmuş, “Bulla-dəniz” yatağının 6 saylı özülündə qazılmaqda olan 78 nömrəli quyuda qazma işlərinin keyfiyyəti və özüldə təhlükəsizliyin təmin olunmasına nəzarət məsələləri ilə maraqlanmışlar. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirə zamanı dəniz özüllərində neftyığma məntəqələrinə birləşən və istismar olunmayan estakadaların kəsilərək, məntəqələrdən ayrılması; qəza riski müəyyən edilmiş meydançalardan işçi personalın ən qısa zamanda tam çıxarılması; yenilənməsi nəzərdə tutulan qazyığma məntəqəsində işçi sayının minimallaşdırılması; meydançalara gələn sualtı xətlərin dik borularının kəsilərək, suyun altında birləşdirilməsi; yığım-nəql xətlərinin bərkidilməsi, habelə neft-qazyığma məntəqələrində təmir işlərinin sürətləndirilməsi qərara alınmış, müvafiq tapşırıqlar verilmişdir. İşçilərin təhlükəsizliyinin SOCAR üçün ən yüksək prioritet olduğu, təhlükəsizliyin təminatı məqsədi ilə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi bir daha vurğulamışlar. Müşavirədən dərhal sonra təhlükəsizliyin gücləndiriməsi üzrə tədbirlər planının həyata keçirilməsinə start verilmişdir.

Ümumiyyətlə, estakadalar şəbəkəsinin səmərəsizliyini və qəza riskini nəzərə alaraq, son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanmışdır. 2014-cü ildən bəri istifadəyə tam yararsız olan estakadalar istismardan çıxarılaraq, yalnız işlək olan neftyığma məntəqələrindən istifadə edilirdi. Təhlükəsizliyin təmin olunması üçün qəza riskli estakadaların istismardan çıxarılması, neftyığma məntəqələrinin isə bərkidilməsi həyata keçirilirdi.

Xatırladaq ki, N.Nərimanov adına NQÇİ-nin 3 saylı neftyığma məntəqəsi də, istismar olunmayan estakadanın bir hissəsinin güclü tufan nəticəsində uçaraq, işlək neftyığma məntəqəsini də dənizə uçurmasının nəticəsində baş vermişdi. Odur ki, istismar olunmayan estakadaların işlək olan neftyığma məntəqələrindən kəsilərək, tam ayrılması təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə əlavə tədbir kimi nəzərdə tutulmuş və bu istiqamətdə aparılan işlərin icrası ilə bağlı xüsusi tapşırıqlar verilmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top