Bakıda kənd təsərrüfatı istehsalçılarının regional forumu keçiriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakıda kənd təsərrüfatı istehsalçılarının regional forumu keçiriləcək

19-21 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində kənd təsərrüfatı və qida məhsulları istehsalçılarının irimiqyaslı regional forumu – Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2016” sərgisi keçiriləcək.

Bu il öz 10 illik yubileyini qeyd edən sərgi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut etmişdir.

Kənd təsərrüfatı sektoru ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Artıq ardıcıl olaraq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgini ziyarət edərək istehsalçı və distribyutorların Azərbaycan bazarı üçün təklif etdikləri yeniliklərlə yaxından tanış olur.

Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinin ikinci ilinə həsr edilmiş konfransdakı nitqi zamanı qeyd etmişdir ki: “ – Kənd təsərrüfatı bizim üçün qeyri-neft sektoru üzrə ixracı, ərzaq təhlükəsizliyini, eləcə də insanları işlə təmin edən bir sahədir. Buna görə də ötən il “Kənd təsərrüfatı ili” elan olunmuşdu. Lakin 2016-cı ili də “Kənd təsərrüfatı ili” hesab edin. Əslində, hər il “Kənd təsərrüfatı ili” olmalıdır”.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi uzun illər ərzində “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il “CaspianAgro 2016” sərgisində Almaniya, Gürcüstan, İspaniya, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları iştirak edəcəklər. Sərgidə Hollandiya və İndoneziya milli pavilyonla təmsil olunacaq, eləcə də, öz məhsullarını təqdim edəcək çoxlu sayda İtalyan şirkətlərinin iştirakı gözlənilir.

Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarını öyrənmək istiqamətində ilk addımlarını atan yeni şirkətlər də öz məhsullarını təqdim edəcəklər. Ənənəvi olaraq, “CaspianAgro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycanın regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq.

Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edərək bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradacaqdır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir.

Sevindirici haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya isə öz zənginliyi ilə seçilməklə yanaşı, Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də xaricində quraşdırılmış platformalarda təşkil olunacaq. “CaspianAgro 2016” sərgisinin qeydiyyat üzrə sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir.

Bu il “CaspianAgro” sərgisinə “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” adlı iki tamamilə yeni sektor daxil edilib. Belə ki, “Elektron kənd təsərrüfatı” sektoru çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz stendində ölkədə kənd təsərrüfatının ümumi monitorinqini, o cümlədən səmərəliliyin təhlilini aparmağa imkan verən elektron sistemi nümayiş etdirəcək.

“Laboratoriya avadanlıqları” sektorunda isə digər avadanlıqlarla yanaşı, mikroskop və aparatlar, habelə məhsuldarlığı artırmaq və kənd təsərrüfatı məhsullarını müntəzəm qaydada araşdırmaq (məs.: bitkinin çəkisini, zərərli maddələrə yoluxma dərəcəsini, habelə tərkibindəki nəmliyin faizini və s. öyrənmək) üçün istifadə olunan laboratoriya cihazları və qurğular təqdim olunacaq. “CaspianAgro” sərgisinin yubileyi ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən xatirələrdə parlaq iz buraxacaq əlavə tədbirlərdən ibarət maraqlı yubiley proqramı planlaşdırılıb.

Beləliklə, “СaspianAgro 2016” sərgisi iştirakçıların ən son təmayüllərlə tanış olmalarına unikal imkan yaratmaqla, mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün münasib şəraiti təmin edəcək. Bu isə Azərbaycanın kənd təsərrüfatı sənayesinə yatırılan investisiyaların həcmini artırmaqla yanaşı, bu sahədə yeni texnologiyaların tətbiqini də stimullaşdıracaqdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top