MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Müslümov

“Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT İnkişaf Proqramı arasında növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN ilə ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb.

Layihənin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf kursunun mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb.

Nazir hazırda respublikada işsizlik səviyyəsinin 5 faizdən bir qədər yuxarı, gənclər arasında isə təqribən 10 faiz təşkil etdiyini bildirib.

S.Müslümov vurğulayıb ki, gənclər arasında məşğulluq səviyyəsinin artırılması yönündə həyata keçirilən aktiv məşğulluq tədbirlərinin təşkilində qabaqcıl beynəlxalq təcrübədən irəli gələn innovativ yanaşmaların tətbiqi də diqqətdə saxlanılır: “Bu sahədə BMT İnkişaf Proqramı ilə birgə son illərdə icra olunmuş “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi xüsusi önəm kəsb edir. Layihə yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına və onların əmək bazarına inteqrasiyasına dəstək məqsədinə yönəlib. BMT İnkişaf Proqramının və Norveçin SYSLAB şirkətinin dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb”.

Həmin mərkəzlərdə ilk dəfə işaxtaran ali təhsilli gənclərdən ibarət ümumilikdə 452 nəfər şəxsə təlimlər keçildiyini qeyd edən nazir bildirib ki, təlimlər zamanı onlarda müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqları formalaşdırılıb: “Nəticədə həmin gənclərdən 358 nəfəri və ya 80 faizə yaxını yeni qazandıqları bacarıqlardan istifadə edərək müxtəlif dövlət və özəl müəssisələrdə münasib iş yerləri ilə təmin olunublar və həmin layihə uğurla nəticələnib. BMT İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark 2014-cü ilin oktyabrında ölkəmizdə səfərdə olarkən onunla keçirilən görüşdə bu layihə çərçivəsində əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsi qərara alınıb. Beləliklə, BMT İnkişaf Proqramı ilə ümumi razılıq əsasında hazırda növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanır”.

SYSLAB konsepsiyasının müasir işaxtarma metodlarını, sahibkarlıq, sistemli biznes, ofis bacarıqlarının inkişafı və s. kimi sahələri əhatə etdiyini bildirən S.Müslümov layihənin Azərbaycanda innovasiyanın təşviqi, işsizlik səviyyəsinin azaldılması və texnologiyaya əsaslanan kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcəyini diqqətə çatdırıb: “2017-ci ilin sonuna qədər davam edəcək bu layihə çərçivəsində Gəncə şəhərində və Masallı rayonunda SYSLAB metodologiyası üzrə təlim kursları təşkil olunacaq. Həmin şəhər və rayon üzrə Məşğulluq mərkəzlərində qeydiyyata alınmış işsiz şəxslər bu kurslara cəlb ediləcək və hər bir təlim kursu zamanı iştirakçıların xüsusi ehtiyacları üzrə onlara əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyalar da keçiriləcək. Layihə çərçivəsində digər müvafiq tədbirlərlə yanaşı, fərdi sahibkarlığa maraq göstərənlər üçün biznes fəaliyyətinin qurulması, həmçinin hər bir qrup üçün MS Office proqramları üzrə təlim kurslarının, Məşğulluq mərkəzlərinin işçi heyəti üçün Syslab metodologiyası üzrə qısa təlimin təşkil edilməsi də nəzərdə tutulur”.

S.Müslümov BMT İnkişaf Proqramı tərəfindən hazırlanan bu layihə sənədinə əsasən, layihəyə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyə dəstəyinin veriləcəyini qeyd edib, yeni layihənin gözlənilən nəticələri verəcəyinə əminliyini ifadə edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla BMT İnkişaf Proqramı arasında əməkdaşlığın əhəmiyyətli iş sahələrində davam etdirilməsinin təqdirəlayiq olduğunu, imzalanan layihənin gənclərin əmək bazarına daxil olmaları, karyera imkanları qazanmaları üçün yeni imkanlar açacağını vurğulayıb.

Daha sonra S.Müslümov və Q.İsakzai yeni SYSLAB layihəsini imzalayıblar. Tədbirdə layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top