MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azər Qismət

AZƏR QİSMƏT: FERMERLƏRİN TORPAĞA ELMİ YANAŞMASI ZƏİFDİR

1996-cı ildəki məlum islahatdan sonra əkin sahələri kəndlilər arasında bölündü. Bütün bunlar adamların torpağa bağlı olmasını təşviq etməklə yanaşı, ümumilikdə ölkədə bolluğa hesablanmışdı. Həmin islahat keçmiş sovet respublikaları arasında ilk dəfə məhz Azərbaycanda tətbiq edilmişdi. Kənd sakinləri pay torpaqlarını əkib-becərdilər, maddi-rifah hallarını qismən yaxşılaşdırdılar. Əksər torpaqlar isə istifadəsiz qaldı. Bu başqa söhbətin mövzusudur.

Mövzumuz kəndlilərin torpağa elmi şəkildə yanaşmamalarından ibarətdir. Mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, əksər əkinçilər torpağa elmi şəkildə yanaşmır, qayğısına qalmır, analiz dərəcəsini bilmədən pestisidlərlə yükləyirlər, yaxud ümumiyyətlə gübrələrdən istifadə etməməklə getdikcə münbitliyini aşağı salırlar. Suallarımızı ekspert Azər Qismət cavablandıracaq.

-Azər müəllim, ilk sualım belədir. Əkinçinin torpağa elmi şəkildə yanaşmamasının əsas səbəbi nədir?

-Bəzən belə hesab edilir ki, bunun əsas səbəbi aqrar elmə dair mütəxəssislərin azlıq təşkil etməsindədir. Sovetlər Birliyinin dağılmasından sonra torpaq elmi cəhətdən informasiyası olmayan əkinçilərə həvalə edildi. Nəticədə, torpaqlar kor-koranə şəkildə əkilib-becərildi. O dövrdə isə kollektiv təsərrüfat sistemi ilə fəaiyyət göstərən aqrar sektora ixtisalı mütəxəssislər rəhbərlik edirdilər. Meyvə-tərəvəzin ixtisasına görə rayonlaşdırılmasından tutmuş torpağın kimyəvi analizinə qədər bütün işlər bölüşdürülmüşdü.

-İndi aqrar sektor üzrə rayonlaşdırma aparılırmı?

-Son 4 ilə qədər rayonlaşdırma qismən həyata keçirilirdi. Üzümçülük rayonunda pambıq, pambıqçılıq rayonunda kivi əkmək istəyən fermerin əsas günahı onun adıçəkilən sahəni bilməməsindən irəli gəlir. Faciə də burasındadır ki, onlar əkin işlərinə başlayanda mütəxəssislərlə məsləhətləşməyi lazım bilmirlər. Düşünürlər ki, kənd təsərrüfatı ilə neçəillik məşğuliyyət bütün bu işlərin öhdəsindən gəlməyə kömək edəcək. Bəziləri isə özünü aqronomlardan daha bilikli hesab edir, ata-babadan gələn tövsiyyəni əsas götürürlər. İndi ata-baba zəmanəsi deyil. Onların yaşadığı illərin torpağı və iqlimi ilə hazırkı göstəricilər uyğun gəlmir. İndi münbit torpağın tez gücdən düşməsinə səbəb olan acınacaqlı situasiya yaranıb. Nəhayət ki, 2015-2016-cı illərdə dövlət başçısının töviyyəsinə və ciddi tapşırıqlarına əsasən aqrar sektorun ixtisas rayonlaşdırılmasına ciddi yanaşıldı.

-Bayaq torpaqların kimyəvi analizindən söz açdınız. Bu sahədə vəziyyət necədir?

-Heç də ürəkaçan deyil. Hər bir fermer əkinə başlamazdan əvvəl torpağının tərkibində hansı mikroelementlərin çatışıb-çatışmamasını bilməlidir. Bundan ötrü o əkin yerindən nümunə götürərək torpaq laboratoriyasına təqdim etməlidir. Ümumi nəzarət isə Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Respublika Layihə Axtarış Kimyalaşdırma Stansiyadır. Həmin stansiya torpağın münbitlik və humus qatının parametrlərini, qida maddələrindən mütəhərrik fosforun miqdarını, mübadiləvi kalium, asan hidroliz olunan azotun miqdarını, torpaqların udma tutumu, zərərli duzların miqdarı və tərkibini və şorakətliliyini analiz edir. Respublikanın rayonlarında yerləşən kimya stansiyaslarının əməkdaşları daim fermerlər arasında deyirlər ki, torpaqlarından analiz versinlər. Amma bütün bunlara baxmayaraq əksər fermerlər əkin aparacağı torpaq sahəsindən nümunə götürüb analiz üçün bizim yerlərdəki stansiyalara vermirlər. Nəticədə torpaq gübrələrlə daha da yüklənir, məhsulun tərkibində bəzi mikroelementlər üstünlük təşkil edir. Halbuki bu iş pulsuz həyata keçirilir. Əkinçi gününü çayxanada keçirir, lakin öz torpağının qeydinə qalmır. Fermerlər bu ölkəyə öz töhfələrini vermək istəyirlərsə sahib olduqları əkin sahələrini yararsız hala gətirməməlidirlər.

-Torpağın analizə verilməməsinin ciddi fəsadları nədən ibarətdir?

-Ciddi fəsad torpağın kimyəvi maddələrlə normadan artıq yüklənməsidir. Burada söhbət torpağa ümumiyyətlə gübrə verməkdən getmir. Torpaq hər mövsümdən sonra gücdən düşdüyündən onun özünə gəlməsi üçün gübrədən istifadə edilməlidir. Gücün yenidən bərpası üçün onun tərkibinə istər azot, istər kalium və fosfor verilməlidir. Söhbət normadan artıq yüklənmədən gedir. Məsələn, fermer bilməlidir ki, onun torpağının tərkibinin neçə faizi azot, fosfor və kaliumdan ibarətdir. Tutaq ki, azot çoxdur, fosfor azdır. Deməli, balansın yaradılması üçün fosfor verilməlidir. Bunu necə bilmək olar? Əlbəttə ki, kimyəvi analizin nəticəsinə əsasən. Analiz etdirməyəndə isə azot üstünə azot gəlir. Və torpağın strukturunu birtərəflilik təşkil edir.

-Son illər fermerlər bazara daha tez məhsul çıxarmaq üçün azot gübrəsindən istifadə edirlər.

-Tamamilə doğrudur. Fermerlər məhsuldarlığı artırmaq üçün əkin sahələrinə daha çox azot gübrəsi verirlər. Məsələn, qarpız əkən fermer onun daha tez yetişməsi və iri olması üçün torpağını zəruri mikroelementlərlə zənginləşdirmək əvəzinə, gəlirinin çox olması üçün onu azotla yükləyir. Nəticədə məhsulun tərkibində nitratın çoxluğu alıcıların orqanizmində bir sıra xoşagəlməz hallar yaradır.

-Hazırda ölkəmizin torpaqlarında hansı mikrolement daha çox çatışmır?

– Azərbaycanın əksər bölgələrinin torpaqlarında fosfor çatışmazlığı mövcuddur. Bu, respublikanın müxtəlif bölgələrindən göndərilən nümunələrin laborator analizlərindən məlum olur. Kənd təsərrüfatı nazirliyinin Respublika Layihə-Axtarış Kimyalaşdırma Stansiyasında aparılan sınaq-təcrübə işlərinin yekununa görə, əksər bölgələrdən gətirilən nümunələrdə fosfor zəif, bəzi yerlərdə isə çox zəifdir. Aparılan analizlər göstərir ki, respublikada olan bütün torpaqlar fosforla təmin olunmalarına görə – fosfor ən zəif dərəcədədir. Hər 1 kiloqram torpaqda 15 milliqram fosforun olması, çox zəif göstərici sayılır, 15 milliqramdan 30 milliqrama qədər zəif, 30 milliqramdan 45 milliqrama qədər orta, 45 milliqramdan yuxarı yüksək sayılır.

-Əksər fermerlərin kimyəvi analizə etinasız yanaşmalarının nəticəsi nə ilə qurtara bilər?

-Kənd təsərrüfatı bir-birinə zəncirvari şəkildə bağlı olan sahələrdən ibarətdir. Bir sahəyə etinasız yanaşılması digər sahədə problemlər yaradır. Hər bir fermer bilməlidir ki, torpağının tərkibindəki fosfor, azot və kalium çatışmazlığı məhsuldarlığa birbaşa təsir göstərir. Azərbaycanda adambaşına 0,18 hektar əkin sahəsi düşür ki, bu da dünyada orta göstəricidən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları və sənayeni xammalla təmin etmək lazımdır. Bu da əkinçiliyin intensivləşməsini, əkin sahəsindən məhsuldarlığın yüksəldilməsini tələb edir. Mikroelement baxımından torpaqda balans yaranmasa, normadan artıq yüklənmə baş versə, bu, əvvəlcə məhsuldarlığın azalmasına, son nəticədə yararsız hala düşməsi ilə nəticələnəcək. Ölkəyə kifayət qədər fosfor tərkibli gübrələr- amofast, nitroamofostka və seperfosfat gətirilib. Çox təəssüf ki, əksər əkinçilərin “elmi yanaşmaları” həmin gübrələrin aylarla anbarlarda qalması ilə nəticələnir. Fosfor və kaliumu isə əsasən iri təsərrüfat sahibləri alır. Çünki həmin təsərrüfatlarda ali təhsilli aqronomlar, mütəxəssislər çalışır. Xırda təsərrüfatları əkib-becərənlərin əksəriyyəti isə qeyri-ixtisas sahibləridir və bəzilərinin aqrar elmdən ümumiyyətlə xəbərləri yoxdur.

-Və sonda. Azər müəllim, siz bu illərdə bölgələrdə apardığınız çəkilişlərdə ən çox nəyə təəssüflənmisiniz?

-Əksər əkinçilərin yüksək məhsuldarlıq əldə etməyə çalışmamalarına. Mümkündür, amma istəmirlər.

-Müsahibəyə görə təşəkkür edirəm.

-Çox sağ olun.

Economic.Az

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top