ATB BƏƏ-nin aparıcı səyahət platforması ilə əməkdaşlığa start verib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ATB BƏƏ-nin aparıcı səyahət platforması ilə əməkdaşlığa start verib

Azərbaycan Turizm Bürosu (ATB) Birləşmiş Ərəb Əmirliklərinin aparıcı səyahət platforması olan “DnataTravel” ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində platformanın əsasə səhifəsində payız fəslində Azərbaycana səyahət, görməli yerlər, şəhər həyatı və s. haqqında məlumatları əks etdirən informasiya yerləşdirilib.

Bununla yanaşı, ölkəyə səfər etməyə hazırlaşan səyahətçilər üçün mövcud olan qonaqlama təkliflərinin və pandemiya qaydalarının əks etdirildiyi taktiki veb səhifə də təqdim edilib.

Destinasiya haqqında ətraflı məlumatın əks etdirildiyi səhifədə isə Bakı ilə birgə Qəbələ, Şəki, Gəncə və Quba kimi digər regionlar haqqında informasiya öz əksini tapıb.

Təklif edilən təcrübələr arasında Bakıda İçərişəhər gəzintisi, Qobustan qayalıqları, Bakının neft bumu dövrünə təsadüf edən arxitekturası, Qubada paxlava masterklası və qolf, o cümlədən Şəkidə sənətkarlıq nümunələri ilə tanışlıq diqqətə çatdırılıb.

Bundan əlavə, səhifədə Azərbaycana mövcud olan reyslər, viza proseduru, səyahət etmək üçün ən yaxşı vaxt və digər maraqlı faktlar yer alıb.

Əməkdaşlıq çərçivəsində, həmçinin Azərbaycana sayəhətə dair bütün məlumatların əks etdirildiyi, ingilis və ərəb dillərində rəqəmsal flayerlər “DnataTravel”in bütün müştəri bazası ilə paylaşılıb.

BƏƏ-nin radio və televiziya kanallarında ərəb və ingilis dillərində Azərbaycana səyahətə çağırış edilən çarxlar yerləşdirilib.

“DnataTravel” Yaxın Şərq və Hindistanın səyahət planlaşdırılması və idarəetməsi sahəsində ixtisaslaşmış ən böyük turoperatoru hesab edilir. İl ərzində 800 mindən çox səyahət planlamasını həyata keçirən platforma ilə əməkdaşlıq qeyd edilən regionlardan səyahətçilərin axınını artırmaq istiqamətində atılmış əsas addımlardan biridir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu bundan əvvəl Rusiyanın ən iri səyahət platformalarından biri olan “Travelask.ru”, eləcə də beynəlxalq platformalar olan “Wego”, “Expedia” və “Aviasales” ilə əməkdaşlığa başlamışdı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top