Azərbaycan ilə Avstriyanın dəmir yolu qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan ilə Avstriyanın dəmir yolu qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Avstriyada səfərdə olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 2-də Vyanada “Avstriya Federal Dəmir Yolları” konserninin idarə heyətinin sədri Andreas Matte ilə görüşüb.

Görüşdə hər iki ölkənin yerləşdiyi regiondakı özünəməxsus mövqeyi, Avropa və Asiya arasında sərnişin və yükdaşımalarında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

C.Qurbanov qeyd edib ki, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yüklərin nəql edilməsi üçün unikal mövqeyə malikdir. Ənənəvi marşrutlarla yanaşı, Azərbaycanın təşəbbüsü ilə meydana gələn “Cənub-Qərb dəhlizi“ layihəsi isə gələcəkdə Asiyadan yüklərin Avropaya daşınmasında ən qısa, sərfəli və səmərəli marşruta çevrilə bilər. Hər iki ölkənin əlverişli coğrafi mövqeyi və eləcə də tranzit imkanlarından yararlanaraq, Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmiryol şəbəkəsinin inkişaf etdirilməsində iki ölkənin müvafiq qurumları arasında geniş əməkdaşlıq imkanları mövcuddur.

Andreas Matte tarixi ənənələrə söykənərək, Avstriyanın Mərkəzi və Şərqi Avropa ölkələrində yük və sərnişin daşımalarında öncül mövqedə olduğunu diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, Avropanın mərkəzində yerləşən Avstriyanın tranzit yük axınının digər Avropa ölkələrinə yönləndirilməsində geniş və uğurlu təcrübəsi var.

A. Matte “Cənub-Qərb dəhlizi“ layihəsinin böyük maraq doğurduğunu və gələcəkdə bu mövzuda müzakirələrin aparılmasının vacibliyini qeyd edib.

Görüşdə gələcək əməkdaşlığı dərinləşdirmək və müvafiq layihələri müzakirə etmək üçün “Avstriya Federal Dəmir Yolları” ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Avstriya nümayəndəliyi arasında əlaqələrin qurulması üçün razılıq əldə olunub.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top