Yasamal rayonunda çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenilənir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

su təchizatı sistemləri

Yasamal rayonunda çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenilənir

Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonunda çoxmənzilli yaşayış binalarının su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir. Hazırda Yeni Yasamal 1 yaşayış massivində və Şərifzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının  məhəllədaxili su təchizatı sistemləri yenilənir.

2022-ci ilin may-iyun aylarında bu ünvalarda binaların daxili su təchizatı sistemləri yenidən qurulub, şaxtalarından keçən dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılıb, 990 mənzilə  yeni ev birləşmələri verilərək yeni sayğaclar quraşdırılıb. Bundan sonra məhəllədaxili paylayıcı şəbəkələrin yenilənməsi işlərinə başlanıb. Yeni layihəyə əsasən, binaların həyətlərində müxtəlif diametrli polietilen borularla  2,6 km metr uzunluğunda su xətləri çəkilərək binaların giriş xətlərinə birləşmə verilir. Şərifzadə küçəsində icra olunan layihə çərçivəsində mövcud nasos stansiyasında yeni nasoslar quraşdırılacaq.

Qeyd edək ki, Sovet dövründə tikilmiş həmin çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb. Dik dayaqlar uzun müddətdir istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verirdi. Bu da mənzillərə və zirzəmilərə su sızmalarına səbəb olurdu. Sayğacların mənzillərin daxilində olması bəzi hallarda onların vaxtında oxunmasını çətinləşdirməklə uçotun düzgün aparılmasına problemlər yaradırdı.

Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması və məhəllədaxili şəbəkənin yenidən qurulması binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Hər bir mənzildə sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, xidmət haqqının vaxtında yığılmasına  və debitor borcların yaranmamasına kömək edəcək.

Qeyd edək ki, binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu” ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top