Xaricdə təhsil alanların peşə tanınması imtahanının nəticələri üzrə statistika açıqlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xaricdə təhsil alanların peşə tanınması imtahanının nəticələri üzrə statistika açıqlanıb

Bakı, 31 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı keçirilmiş imtahanların nəticələrinə dair statistikanı açıqlayıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, mayın 4-də DİM tərəfindən təşkil edilmiş imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçib, onlardan 426 nəfəri imtahanda iştirak edib. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3 faiz təşkil edib.

İmtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış üç ixtisasın ölkələr üzrə təhlili aparılıb.

Peşə tanınması imtahanında ibtidai sinif müəllimliyi ixtisası üzrə 11 nəfər iştirak edib, onlardan yalnız 1-i uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri Rusiyada fəaliyyət göstərən ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyaların payına düşür. Belə ki, ibtidai sinif müəllimliyi ixtisası üzrə adı keçən ölkənin ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90 faizi müvafiq imtahanda uğursuz olub. Tümen Dövlət Universiteti və Moskva Dövlət Pedaqoji Universiteti qeyd edilən ixtisas sahəsi üzrə ən çox imtina alıb.

Peşə tanınması imtahanında həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 73 nəfər iştirak edib, onlardan 24-ü uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri iki ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə Belarusun ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 65 faizi, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 100 faizi müvafiq imtahanda uğursuz olub. Belarus üzrə ən çox imtinanı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti və bu nazirliyin “Komanda-Mühəndis İnstitutu”, Ukrayna üzrə ən çox imtinanı isə Ukrayna Milli Mülki Müdafiə Universiteti alıb.

Peşə tanınması imtahanında hüquqşünaslıq ixtisası üzrə 173 nəfər iştirak edib, onlardan yalnız 59-u uğur qazanıb. Uğursuz nəticə əldə etmiş diplom sahibləri iki ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, hüquqşünaslıq ixtisası üzrə Rusiyanın ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 70 faizi, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 69 faizi müvafiq imtahanda uğursuz olub. Rusiya üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti alıb.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top