Vorvik Universitetinin azərbaycanlı tələbəsi: Məqsədim ölkəmizdə startaplara və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vorvik Universitetinin azərbaycanlı tələbəsi: Məqsədim ölkəmizdə startaplara və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir

Bakı, 24 avqust, Pərvanə Qafarova, AZƏRTAC

Hazırda Azərbaycanda fəaliyyətin bütün sahələrində rəqəmsallaşma sürətlə tətbiq edilir. Qeyri-neft sektorunun əhəmiyyətini anlayaraq istərdim ki, Azərbaycanda yeni startaplar yaransın, bu startaplara xaricdən və yerli şirkətlərdən böyük investisiyalar cəlb edək və ölkəmizdə fərqli maliyyələşdirmə mənbələri yaradaq. Xaricdə təhsilimi bitirdikdən sonra Azərbaycanda çoxsaylı vençur kapital fondlarının yaradılmasını istərdim. Bu istiqamətdə ekspert olmaq istəyirəm. Məqsədim ölkəmizdə həyata keçirilən inkişaf strategiyasında yaxından iştirak etməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Vorvik Universitetində magistratura təhsili alacaq Günel Qasımlı deyib. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunudur.

2001-ci ildə Bakıda anadan olan Günel Qasımlı həm orta məktəbi, həm də universiteti fərqlənmə ilə bitirdiyini qeyd edib: “Bakıdakı 147 nömrəli Texniki-Humanitar Liseyi fərqlənmə ilə bitirmişəm. 2018-ci ildə 609 balla UNEC-ə dövlət sifarişi əsasında qəbul olmuşam. Maliyyə və mühasibat uçotu fakültəsində mühasibat uçotu və audit ixtisası üzrə təhsil almışam. Təhsil müddətində universitet tərəfindən təqaüdlə təmin olunmuşam. Universiteti də fərqlənmə diplomu ilə bitirmişəm. Bu 4 ildə fərqli sahələrdə – banklar və şirkətlərdə hüquq, audit üzrə təcrübə proqramlarında iştirak etmişəm. Həmçinin startaplar və investisiyalar üzrə məhsulların yaradılması ilə bağlı işlərdə çalışmışam. Hazırda SABAH.HUB İnnovasiya Mərkəzində çalışıram, eləcə də regionun ən böyük investisiya tədbiri “Baku ID”nin təşkilati işlərində yer almışam”, – deyə müsahibimiz bildirib.

Uşaq yaşlarından xaricdə təhsilə marağı olan Günel Qasımlı bu il arzusuna çatdığı üçün çox sevinir: “İki il fasilədən sonra məhz bu il xaricdə təhsilimi davam etdirmək istədim. Son iki il ərzində investisiyalarla, startaplarla maraqlandığım üçün düşündüm ki, bu istiqamət üzrə özümü inkişaf etdirməliyəm. Məqsədim Azərbaycandakı startaplara və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir. Bu mövzu ilə əlaqədar bir sıra araşdırma məqalələri hazırlamışam. Bu məqalələri yazarkən gördüm ki, Azərbaycana gələn xarici investorlar daha çox İngiltərə bazarı üçün uyğun olan startapa investisiya qoymağa maraq göstərirlər. Mən də düşündüm ki, bu sahə üzrə irəliləmək istəyirəmsə, təcrübənin əsas mənbəyi olan İngiltərədə təhsili davam etdirim. İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetinə maliyyə və iqtisadiyyat ixtisası üzrə təhsil üçün müraciət etdim. Çox qısa müddət ərzində oradan müsbət cavab aldım. Sonra Azərbaycanda xaricdə təhsil üzrə Dövlət Proqramını İdarəetmə Qrupuna müraciət etdim. Bu il həddindən artıq rəqabətcil mühit olduğu üçün bu proses mənə çətin gəlirdi. Bizim universitetimizdən də 50-dən çox tələbə Dövlət Proqramı çərçivəsində təhsil alacaq. Uşaq yaşlarımdan valideynlərimə deyirdim ki, əgər mən xaricdə təhsil alsam, bu yalnız dövlət xətti ilə olacaq. Çünki əsas məqsədim xaricdə təhsili yekunlaşdırdıqdan sonra Azərbaycanda biliklərimi paylaşmaq və burada çalışmaqdır. Düşünürəm ki, bu halda daha yaxşı uğur əldə edə bilərəm”, – deyə gənc xanım vurğulayıb.

Sentyabrın sonundan Britaniyada təhsilini davam etdirəcək Günel Qasımlı Azərbaycana xarici investisiyaların cəlb olunması istiqamətində araşdırma yazıları hazırlayacağını bildirdi: “Bu yaxınlarda ölkəmizdə mentorluq proqramını bitirmişəm, sonda araşdırma yazısı hazırlamışdım. Bu yazıda Azərbaycanda xarici investisiya ilə bağlı məsələlərə toxunmuşdum. Həmçinin Vətənə qayıtdıqdan sonra akademik fəaliyyətimi davam etdirmək fikrindəyəm. Fikrimcə, biliklərimizi və təcrübələrimizi bölüşməliyik. Eyni zamanda, düşünürəm ki, Azərbaycanda innovasiya ekosistemi var, maliyyələşmə mənbələri üçün şərait var, bu məlumatları xaricilərə çatdırmaq üçün araşdırma yazıları hazırlamaq lazımdır. Təkcə startaplar deyil, həmçinin Qarabağda çoxlu maliyyələşmə mənbələrinə ehtiyac var, xarici şirkətlərin və investorların burada fərqli layihələr reallaşdırılmasına çox açıq bir ölkəyik. Fəaliyyətimi bu istiqamətdə qurmaq istəyirəm”, – deyə Günel Qasımlı əlavə edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top