Vaqif Kərimov: “Bu, ilk növbədə, doğma Azərbaycanımız üçün qürur, düşmənlərimiz üçün isə göz dağıdır” – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vaqif Kərimov: “Bu, ilk növbədə, doğma Azərbaycanımız üçün qürur, düşmənlərimiz üçün isə göz dağıdır” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmyerlimiz Vaqif Kərimov karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) akademiki, Rusiya Federasiyasının əməkdar geoloqudur.

Həmsöhbətimiz noyabrın 15-də “Neft-qaz sənayesinin formalaşması və inkişafı – Rusiya və azərbaycanlı alim və mütəxəssislərinin töhfəsi” mövzusunda beynəlxalq elmi konfransda iştirak edəcək.

Media.Az onunla qarşıdan gələn konfrans, ölkəmizin texnoloji suverenliyi, Azərbaycanın neft-qaz ehtiyatları və digər məsələlər barədə danışıb.

– Vaqif müəllim, siz beynəlxalq elmi konfransda iştirak edəcəksiniz. Bu tədbirin təşkilatçısı kimdir və konfrans nəyə həsr olunub?

– “Neft və qaz sənayesinin formalaşması və inkişafı – Rusiya və azərbaycanlı alim və mütəxəssislərinin töhfəsi” mövzusunda beynəlxalq konfrans neft-qaz sənayesinin texnoloji inkişafına həsr edilib və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun, Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutunun və “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının təşəbbüsü ilə təşkil edilib. Bu gün texnoloji suverenlik məsələsi həmişəkindən daha çox aktualdır və dövlətin rifah və rəqabət qabiliyyətini təmin etmək üçün kritik hesab edilən əsas texnologiyalara malik olmaq qabiliyyəti deməkdir.

Azərbaycanın texnoloji suverenliyinin əsas təşəbbüskarı Azərbaycanın neft strategiyasını müəyyən edən ümummilli lider Heydər Əliyev olmuşdur. Bu təşəbbüs müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək məqsədi ilə gələcək siyasi və iqtisadi islahatların köklü transformasiyası üçün əsas oldu. Bu strategiya Azərbaycanın neft yataqlarının işlənməsinə xarici investorların və texnologiyaların cəlb edilməsini, xam neftin nəqli marşrutlarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.

“Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın neft-qaz sənayesində əsl texnoloji sıçrayış oldu. Xəzərin statusu məsələsinin həllində sabiq Prezident Heydər Əliyevin mövqeyi və nüfuzu qiymətəgəlməz rol oynadı. Hazırda Azərbaycanın texnoloji suverenlik ideyaları Azərbaycan dövlətinin başçısı İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir.

Məlumdur ki, Azərbaycanın geologiyasının, karbohidrogen ehtiyatlarının geniş şəkildə öyrənilməsində, Abşeron və Xəzər neftinin emalında rusiyalı alim və geoloqların, neft mühəndislərinin – D.Qolubyatnikovun, D.Mendeleevin, A.Butlerovun, F.Beylşteynin, K.Rayxenbaxın, K.Şorlemmeranın, K.Enqlerin, V.Markovnikovun, V.Oqloblinin, A.Nikiforovun, V.Şuxovun, S.Kvitkonun, V.Bartonun, L.Qurviçin və başqalarının parlaq tədqiqatlarının böyük rolu olmuşdur. 19-cu əsrin sonlarında rus alim və mühəndisləri qazma sahələrindən istifadə edərək dənizin dayaz yerlərindən neft çıxarmaq üçün layihələndirmə işləri aparıblar. Xəzər dənizinin Qum adasında kəşfiyyat işləri apardıqdan sonra V. Zqleniskiy “Neft biznesi” jurnalında məqalə dərc etdirərək Bakının neft yataqları ilə zəngin ərazilərini göstərmişdir: Suraxanı, Qala, Bozdağ, Lökbatan, Qum, Şıx, Qaraçuxur və sair. V. Zqleniskiy  əlavə edirdi ki, zəngin neft yataqlarının mövcudluğuna dair əlamətlər həmçinin Xəzər dənizinin adalarında və dibində mövcuddur.

– Məlum olduğu kimi, Bakının neft mədənləri yeni elmi və mühəndislik kəşflərinin tətbiqi mərkəzinə çevrildi.

– 1846-cı ildə dünyada ilk dəfə olaraq, Pensilvaniyadan (ABŞ) 10-11 il əvvəl, N.İ.Voskoboynikovun təşəbbüsü ilə Bibi-Heybətdə neft quyusu qazılmağa başladı. Belə ki, iyulun 14-də dünyada ilk dəfə olaraq zərbə-ştanq üsulu ilə (dərinliyi 21 metrə qədər) ilk neft quyusu qazılıb. Bu, Rusiya neft sənayesinin başlanğıcı hesab olunur. 1875-ci ildə Nobel ailəsi geniş Balaxanı yataqlarını satın aldı və öz neft emalı zavodunu tikdi. 1877-ci ildə Rusiyada “Zoroastr” (“Zərdüşt”) adını daşıyan ilk neft tankeri suya buraxıldı. Məşhur kimyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı. D.Mendeleyev isə Bakıdan Batumiyə “kerosin kəməri” çəkməyi təklif etdi. Öz növbəsində V.Şuxov neft məhsullarını isitmə yolu ilə vurulması üsulunun ilk ixtiraçısı oldu və bununla da amerikalı mütəxəssisləri xeyli qabaqladı. Azərbaycanda neft-qaz sənayesi inkişaf etdikcə Rusiyanın və SSRİ-nin texnoloji inkişafına, o cümlədən neft-qaz sənayesinə böyük töhfə vermiş görkəmli dövlət xadimləri, tanınmış alimlər yetişdi.

Bakıdan SSRİ-nin tanınmış ictimai-siyasi xadimi – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev kimi böyük dövlət xadim, həmçinin SSRİ Dövlət Plan Komitəsinin sədri N.K.Baybakov, SSRİ sənaye rəhbərləri, general-polkovnik, Xalq Silah Komissarı (1939-1941), Xalq Sursat Komissarı (1941-1946) B.L.Vannikov, neft sənayesi naziri V.D.Şaşin, qaz sənayesi naziri S.A. Orucev, SSRİ geologiya nazirinin birinci müavini F.K.Salmanov,  su təsərrüfatı naziri P.A.Poladzadə ,  dünyanın ən böyük neft şirkətlərindən biri olan “LUKOIL” rəhbəri V. Y. Ələkbərov kimi şəxslər çıxdılar.

Həmçinin Azərbaycandan rus və dünya elminə böyük töhfələr vermiş Lütfi Zadə, L.Landau, Y.Məmmədəliyev, M.Əliyev, E.Tağıyev, A.Mirzəcanzadə kimi görkəmli alimlər çıxdılar.

– İyulun 5-də siz Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif olundunuz. Bu mükafat sizin üçün nə deməkdir? Hansı uğurunuzu ən vacib hesab edirsiniz?

– Özünüz haqqında danışmaq korrekt olmazdı. Siz məndən əsas nailiyyətimi soruşursunuz… Yəqin ki, bu, mənim üçün son dərəcə vacib bir iş olan – geologiya, neft-qaz sənayesi üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlamağımdır. Qeyd edim ki, 45 elmlər namizədi hazırlamışam, 400-dən çox elmi əsərin, o cümlədən 35 monoqrafiyanın və dərsliyin müəllifi və həmmüəllifiyəm. Xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərin hər dəfə mükafat alması, ilk növbədə, doğma Azərbaycanımız üçün qürur yerinə çevrilir, düşmənlərimizin isə paxıllığına səbəb olur.

– Gəlin bütövlükdə neft-qaz sənayesindən danışaq. Son zamanlar neft və qazın tezliklə tükənəcəyi ilə bağlı daha çox danışılır. Bu doğrudurmu və hansı alternativ resurslar var?

– Azərbaycan iqtisadiyyatının strateji sahələrindən biri də neft-qaz sənayesidir. Milli istehsalın tempi, miqyası və iqtisadi göstəriciləri, ölkənin elmi-texniki inkişaf səviyyəsi, dövlətin büdcə gəlirlərinin əhəmiyyətli hissəsi onun inkişafından asılıdır.

Azərbaycan dünya bazarında karbohidrogenlərin ən böyük istehsalçılarından və tədarükçülərindən biridir.  Ölkəmizin neft-qaz sənayesinin qlobal enerji sistemində mövqeyinin möhkəmləndirilməsi yeni texnologiya və avadanlıqların tətbiqi, bu kompleksin müəssisələrinin fəaliyyətinin bütün aspektlərinə təsir göstərir. “Neft tükənəcəkmi” sualına gəlincə. Mən bu fikirlə razılaşmazdım: aparılan araşdırmalar göstərir ki, Azərbaycanda neft yaxın 40-50 il ərzində, qaz isə 100 ildən sonra da tükənməyəcək. Bu, ilk növbədə, karbohidrogen ehtiyatlarının işlənilməsinin yeni istiqamətlərinin kəşfi və neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi üçün müasir innovativ texnologiyaların tətbiqi ilə bağlıdır. Mövcud problemlərin təhlili Azərbaycanın neft-qaz sənayesinin texnoloji inkişafının əsas istiqamətlərini müəyyən etməyə imkan verir ki, bu istiqamətlər ilk növbədə neft və qaz hasilatının xammal bazasının inkişaf etdirilməsi problemlərinin həllinə əsaslanır. Kontinental ərazilərə tətbiq olunduqda, onlar intensiv neft və qaz hasilatının uzun tarixi ilə xarakterizə olunur.

Bununla əlaqədar olaraq, aşağıdakı problemlər vurğulanır:

1. İşlənən yataqların çox yüksək, bəzi yerlərdə tükənmə həddində olan istismarı, onların strukturlarının pisləşməsi və çox zaman qalıq ehtiyatların böyük hissəsinin aşağı həcm-filtrasiya xüsusiyyətli laylara məxsus olması səbəbindən çətin filizçıxarma kateqoriyaya keçməsi; işlənən yataqların sululuq həddinin yüksək səviyyədə olması (88%-dək).

2. Regionun ilkin ümumi karbohidrogen ehtiyatları üçün sənaye baxımından ən böyük potensiala malik olan ərazilərdə ehtiyatların yüksək orta səviyyədə kəşfiyyatı. Bu hal uzun müddət xammal istehsalının maksimum həcmini təmin edən ənənəvi neft və qaz hasilatının (məhsuldar təbəqələrinin) stratiqrafik intervalında ehtiyatların tükənməsi və ehtiyatların bölüşdürülməsində təbii geoloji məhdudiyyətlərlə birləşərək, yeni böyük və unikal karbohidrogen yığımlarının aşkarlanması ehtimalına arxalanmağa imkan vermir.

Vəziyyətin yaxşılaşmasına çox dərin sahələrdə (7-12 km) karbohidrat mənbələrinin axtarışı, perspektivli litoloji formasiya komlekslərinin və onlarla əlaqəli olan çökmə və kombinəolunmuş tələlərin müəyyən edilməsi, həmçinin ümumregional şəkildə izlənilməsi (burğu materiallarında istifadə ilə) üçün vacib olan regional axtarış miqyasında seysmik durumun öyrənilməsinin aktuallaşmasının böyük köməyi ola bilər.

3. Ənənəvi neft-qazçıxarmanın stratiqrafik intervalından aşağıda yerləşən regional və lokal obyektlərin kifayət qədər öyrənilməməsi. Bu obyektlərin müasir kəşfiyyat üsul və texnologiyaları əsasında tam öyrənilməsi və potensialının dəqiqləşdirilməsi, ərazinin neft-qaz perspektivinin proqnozunun modelləşdirilməsi Azərbaycanın neft-qazçıxarmada xammal bazasının genişlənməsinə imkan yarada bilərdi.

4. Ərazilərdə bir tərəfdən neft-qaz hasilatı komplekslərinin, digər tərəfdən isə bu gün təkcə regional deyil, həm də ümummilli əhəmiyyətə malik kənd təsərrüfatı və rekreasiya (kurort-sağlamlıq) komplekslərinin inkişafı arasında tarazlığın yaradılması zərurəti ilə bağlı ekoloji problemlərin olması.

İstismar olunan yataqların ehtiyatlarının orta işlənməsi və rayonun dəniz ərazilərində karbohidrogen ehtiyatlarının kəşfiyyatı quruda olan yataqlardan fərqli olaraq, əksinə, aşağı səviyyədədir. Bu, burada müxtəlif həcmli (kiçikdən unikala qədər) yeni dəniz yataqlarının aşkar edilməsi perspektivini müəyyən edir ki, bunu Xəzər dənizində son kəşflər də təsdiqləyir. Lakin burada da perspektivli obyektlərin seçilməsi və səmərəli axtarış-kəşfiyyat modellərinin qurulması ilə bağlı bir sıra problemlər mövcuddur.

Xəzər dənizində əsas problem potensialı az olan tələlərin (nəzəri cəhətdən neft və qaz yığılmasının əmələ gəlməsinin mümkün olduğu təbii rezervuarın bir hissəsi – red) üstünlük təşkil etməsi və inkişaf üçün sərfəli olan rentabelli həcmdə xammal ehtiyatlarını saxlaya bilən məhdud sayda tələlər, eləcə də iri tələlərin rezervuarlarının strukturunun həm daxili tektonikası, həm də litoloji tərkibi ilə bağlı mürəkkəbliyidir. Əsas problem çöküntülərin strukturu və tərkibi haqqında kifayət qədər məlumatın olmamasıdır.

Müəyyən problem həmçinin flüidin tərkibi və onun xarakteristikasının proqnozu ilə bağlıdır. Məlum sayda “quru” quyularının olması akvatoriyanın müəyyən ərazilərində geoloji kəşfiyyat işləri apararkən həm regional, həm də yerli miqyaslı ümumi geoloji və neft-qaz geoloji modellərindən kifayət qədər düzgün istifadə olunmadığını göstərir və nəticə etibarilə, məqsədyönlü seysmik tədqiqatların, xüsusi tematik və elmi tədqiqatların, o cümlədən hövzənin çoxmiqyaslı 3D modelləşdirilməsinin aparılmasının zəruriliyindən xəbər verir.

Bu gün Azərbaycanın neft-qaz sənayesi yeni texnoloji mərhələnin (altıncı texnoloji mərhələ) astanasında dayanıb ki, bu mərhələdə qeyd edilən sənayenin inkişafı aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

– İstehsalın intensifikasiyası və qabaqcıl həll yollarının tətbiqi. Qabaqcıl həll texnologiyalarının üstünlüyü ondan ibarətdir ki, onlar həm standart, həm də qeyri-standart məsələlərin həllində yüksək məhsuldarlıq təmin edir. Standart seysmik interpretasiya texnologiyaları öz texnoloji hədlərinə çatıb və hazırda tələb olunan effektivlik səviyyəsini qarşılaya bilmir. Layihənin idarə edilməsinin optimallaşdırılması və qərarların vaxtında qəbul edilməsi məqsədilə neft şirkətləri  kameral işlər üçün qoyulan tarixləri ikiqat azaltmalıdırlar. Eyni zamanda əldə edilən geoloji modellərin keyfiyyətinin eyni vaxtda artması ehtimal edilir;

– Süni intellekt (AI) texnologiyalarının tətbiqi. Yüksək səviyyədə avtomatlaşdırma, insansız mədən kompleksləri, texnoloji, enerji, nəqliyyat və istehsal prosesləri üçün intellektual idarəetmə sistemləri ilə xarakterizə olunan neft və qaz yataqlarının yüksək rentabelli işlənməsi üçün “ağıllı neft-qaz kompleksləri”nin yaradılması (“ağıllı yataq”, “ağıllı quyu”, “ağıllı nəqliyyat və enerji şəbəkələri” və s.).

“Ağıllı yataq” (Smart Field) proqram və texniki vasitələr kompleksidir ki, bu da karbohidrogen hasilatını artırmaq üçün neft layını idarə etməyə imkan verir.

– İstehsalın rəqəmsal modernləşdirilməsi neft-qaz biznesinin intellektuallaşdırma, superkompüterləşdirmə, optikləşdirmə və robotlaşdırma yolu ilə transformasiyası prosesidir ki, bu da neft-qaz biznesində və hasilat modellərində kütləvi və genişmiqyaslı dəyişikliyə gətirib çıxaracaq, onlardan ən yaxşısı bütün neft və qaz ekosisteminə ötürüləcək.

İnformasiya texnologiyalarının tətbiqi avtomatlaşdırmaya (su, neft və qazda quyuların debitinin ölçülməsi) yönəlmiş yataqların işlənməsi texnologiyalarının (smart texnologiyalar) işlənib hazırlanması, diaqnostika, real vaxt rejimində müxtəlif sistemlərin idarə edilməsi və tətbiqi yolu ilə neft və qaz hasilatı xərclərinin minimum səviyyəsinə endirilməsindən ibarətdir.

Geoloji kəşfiyyat prosesinə, neft və qaz yataqlarının işlənməsi və istismarına informasiya texnologiyalarının tətbiqi böyük bir problem kompleksinin həllini tələb edir: nəhəng məlumatların şərhi və mühafizəsi, onların əsasında idarəetmə qərarlarının qəbulu və onların icrasına nəzarət. “Big Data” istiqamətinin əsas rolunu xüsusi qeyd etmək lazımdır;

– Aşağı karbonlu enerjiyə keçid – qeyri-ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə. Dünyada qeyri-ənənəvi və bərpa olunan enerji mənbələrinin potensialı çox böyükdür və milyardlarla ton standart yanacağa bərabərdir. Əhəmiyyətli bir istiqamət hidrogen enerjisinə keçiddir. “Hidrogen iqtisadiyyatı/hidrogen sivilizasiyasına” nail olmağın açarı onun istehsalı üçün ucuz, ekoloji cəhətdən məqbul və məqsədəuyğun üsulların mövcudluğu olacaqdır.

Bizim arayış: Kərimov Vaqif Yunus oğlu 5 iyul 1949-cu ildə Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini “dağ mühəndisi-geoloq” ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov “Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı” mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda “Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top