Uri Oron: “İnsanların həyatını yaxşılaşdırmaq üçün Azərbaycanın kosmosda aktivləri olmalıdır” - MÜSAHİBƏ - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Uri Oron: “İnsanların həyatını yaxşılaşdırmaq üçün Azərbaycanın kosmosda aktivləri olmalıdır” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin oktyabr ayında Azərbaycan 50 il sonra yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.

Azərbaycanla İsrail arasındakı əməkdaşlıq imkanları barədə bu ölkənin Kosmik Agentliyinin (ISA) direktoru Uri Oron “Report” İnformasiya Agentliyinə müsahibəsində danışıb. O, müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) ilə İsrailin “İsrail Aerokosmik Sənayesi” (IAI – “Israel Aerospace Industries”) şirkəti arasında Azərbaycanın dördüncü peykinin orbitə buraxılması ilə bağlı imzalanan müqavilə və kosmik sənayenin gələcəyi ilə bağlı məsələlərə toxunub.

Həmin müsahibəni təqdim edirik:

– Cənab Uri Oron, siz Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etdiniz və öncə bu konqres və ölkəmizlə bağlı təəssüratınızı öyrənmək istərdik.

– İlk növbədə, hesab edirəm ki, bu, çoxlu insanın qatıldığı, çoxlu görüşlərin keçirildiyi yaxşı təşkil olunmuş konqresdir. Bu baxımdan Bakıdan, Azərbaycandan, konfransdan mənim təəssüratım çox yaxşıdır.

Görüş və müzakirələrin sayı çox olduğu üçün Bakını çox gəzmək imkanım olmadı.

Gördüklərimdən deyə bilərəm ki, Bakı heyrətamiz şəhərdir. Bakı küçələrində belə modernləşməni görəcəyimi gözləmirdim. Hər yer çox təmizdir və insanlar kömək etməyə can atırlar. Bu isə buranın əla yer olduğunu deməyə əsas verir.

– Bu konqres çərçivəsində “Azərkosmos”la IAI arasında yeni peykin orbitə buraxılması ilə bağlı yeni müqavilə imzalanıb. Bu müqavilə tərəflərə nə qazandıracaq?

– Bu gün kosmosda aktivlər olmadan müasir bir ölkəni idarə etmək mümkün deyil. O da faktdır ki, yerin üstündə olmağınıza baxmayaraq, orada baş verənləri çox təfərrüatlı şəkildə görə bilməyiniz üçün kosmosdan əldə edilən məlumatlara ehtiyacınız var.

Deməli, Azərbaycan kimi müasir ölkənin, buradakı insanların həyatını yaxşılaşdırmaq üçün kosmosda müəyyən aktivləri olmalıdır.

Bu iki peyk Yer haqqında məlumat və müəyyən ərazilərin müşahidəsi üzrə məlumatların əldə edilməsinə şərait yaradacaq, bu isə qərar verən insanlara araşdırma aparmağa və fəaliyyətlərini daha da səmərəli etməyə imkan yaradacaq.

Müasir dövrdə peyklər olmadan insanlar kor kimidir, onlarla daha yaxşı görmək imkanı əldə edilir. Daha yaxşı gördükdə isə hər şeyi daha yaxşı etmək mümkündür. Əsas ideya bundan ibarətdir. Azərbaycanın əsas qazancı bu biliyə sahib olmaqdır.

İsrailin qazancı gücdür, bu isə ölkə və sahə arasında yaradılmış tərəfdaşlıq əsasında mümkündür. Təbii ki, bir də pul qazanmaq da buraya daxildir.

– Bu müqavilənin digər bir əhəmiyyəti kimi peykin Azərbaycanda hazırlanması göstərilir. Əgər peyk Azərbaycanda hazırlanacaqsa, İsrailin bu prosesə töhfəsi nə olacaq?

– İsrailin peyklərin yaradılması, planlaşdırılması, buraxılması və istismarında böyük təcrübəsi var. Bu təcrübə və bilik illərin təcrübəsinə əsaslanır. Biz çalışırıq ki, birlikdə Azərbaycanda bu təcrübəni sınaqdan keçirək.

Belə bir təcrübə olmadan siz sərbəst şəkildə onu qura bilməyəcəksiniz. Beləliklə, əsas ideya təkcə həmin peykləri satmaq deyil, bilik toplamaqdır.

Təcrübə, bilik əldə etmək gələcəkdə belə peykləri sərbəst yaratmağa şərait yaradacaq. Yenə təkrar olaraq deyirəm, mənim fikrimcə, kosmos hər bir xalqın həyatının vacib komponentidir. Əlinizdə bu imkanlar olduqdan sonra özünüz sərbəst işləyə biləcəksiniz.

Siz iqtisadiyyatı inkişaf etdirməyə çalışırsınız və bunu dünyanın başqa yerlərində də görürsünüz. Amma bir yerdən başlamaq lazımdır. İsraillə əməkdaşlıq Azərbaycanı daha sürətlə daha yüksək səviyyəyə çıxaracaq.

– Son illər biz tez-tez “kosmik biznes”, “kosmik sahibkarlıq” və bu kimi ifadələrlə qarşılaşırıq. Sizin fikriniz maraqlıdır, bunun anlamı nədir, biznes sektoru proseslərdə necə iştirak edə bilər, həmçinin, onların qazancı nə olacaq?

– Deməli, bunu izah etməyin ən asan yolu sizi əvvəlki əsrin 90-cı illərinin ortalarına qaytarmaqdır. Həmin dövr internetsiz vaxt olub.

İnternetin potensialını anlamaq üçün dünya, şirkətlər, sahibkarlara on ildən çox vaxt lazım oldu. Bu gün də həmin məsələ kosmosla bağlı keçərlidir, çünki biz tamamilə fərqli bir dövrdə yaşayırıq. Kosmos daha əlçatandır, kosmosla əlaqə daha ucuzdur.

Beləliklə, yeni imkanlar yaranır və eynilə 1990-cı illərin ortalarında internetin yaranması ilə yeni imkanlar açıldığı kimi.

Siz 2000-ci və 2010-cu illərdə internetlə bağlı hansı dəyişikliklərin baş verdiyini təsəvvür etsəniz, inkişafı görə bilərsiniz. Bu gün də kosmosda bu baş verir.

Bu, normal qəbul edilməlidir: biz infrastruktur qururuq, bazarda maarifləndirmə işləri aparırıq. Yekun olaraq, bu sahədə sahibkarlar və sahibkarlıq inkişaf edəcəklər.

Hazırda biz, sahibkarları və startapları kosmosa aparmaq mərhələsindəyik. Kosmos getdikcə böyüyür və yaxın gələcəkdə həyatınızın vacib komponenti olacaq. Orada imkanlar daha genişdir.

Bunu etmək üçün bazarı maarifləndirmək lazımdır, infrastrukturla təmin etmək, onlara kömək etmək lazımdır.

İsraildə belədir, dünyanın başqa yerlərində də belədir və Azərbaycanda da belə ola bilər.

– Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində spikerlər maraqlı fikir səsləndirdilər ki, hazırda kosmik tədqiqatların əsas maliyyə mənbəyi dövlətlərdir. Sizcə, nə etmək lazımdır ki, bu tipli tədqiqatlarda biznes sektoru ön plana çıxsın və əsas investora çevrilsin?

– Əslində, artıq bu proses başlayıb. İllər ərzində özəl sektorda kosmik sektorun payının təsirinin dəyişməsini göstərən rəqəmlərə nəzər saldıqda görmək olur ki, özəl sektor kosmosa böyük sərmayələr yatırır və bu, ildən-ilə artmağa davam edəcək.

Biz görürük ki, əvvəl ABŞ-də, sonra başqa yerlərdə bu proseslər baş verir. Deməli, bu bazar böyüdükcə, risk azaldıqca başqaları da buraya girə biləcəklər.

Əgər risklər azaldıla bilsə, pul qazanma prosesi daha səmərəli olacaq. Başqa sözlə, siz kosmosdan necə pul qazanacağınızı biləcəksiniz. Bir daha qeyd edim ki, “Space X” kimi şirkətlər artıq oradadır. İndi yalnız böyüklər kosmosdadır. Ona görə də hökumətin bu an üçün əsas investor olması çox vacibdir.

Amma güman edirəm ki, bizim bu gün Bakıda sizinlə söhbət etdiyimizdən 10 il sonra dövlətlər bu proseslərə daha az investisiya qoyacaqlar və getdikcə özəl sektorun sərmayələri artacaq, çünki onlar daha çox qazanmaq imkanı əldə edəcəklər.

İlk olaraq ölkələr, daha sonra böyük şirkətlər bundan pul qazanmağa başlayacaq və sonra digər sahibkarlar və investorlar bu bazara daxil olacaqlar. Deməli, bu bir prosesdir, bir az vaxt aparacaq, amma mütləq baş verəcək.

– Bu gün İsrailin kosmik sahədə uzun illərə söykənən təcrübəsi var. Hazırda, demək olar ki, hamı kosmosa getməyi arzulayır. Bunun üçün nə etməlidirlər, sizin təklifiniz, tövsiyəniz nədir?

– Hazırda mən sizə yalnız bir şeyi təklif edə bilərəm. Aya çatmaq üçün mütləq arzulayın və bundan ilhamlanın. Belə olan halda işlərin daha çox yolunda getdiyini görəcəksiniz. Artıq kosmik təşəbbüslərin inkişaf etdiyi bir dövrdə Aya çatmaq heç də xəyal deyil.

İrəli getmək üçün düzgün xəyalları olan, düzgün idarə olunan gücə malik doğru insanları tapmalısınız.

Mən bir daha təklif edərdim ki, insanlar nəyəsə nail olmaq üçün arzu etməlidirlər. Bir yerə gedib çatmaq istəyirsinizsə, siz mütləq hərəkətə başlamalısınız. Bu hədəfə çatmaq üçün fəaliyyətə başlayın.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top