Türkiyə Prezidenti: Sammiti İstanbulda keçirib NATO ilə birlikdə dünyanı salamlayacağıq
İstanbul, 12 iyul, Günel Karatepe, AZƏRTAC
NATO-nun müəyyən etdiyi iki əsas təhlükədən biri olan terrorla mübarizədə müttəfiqlərimizdən həmrəylik gözləyirik. Alyans qanunları da bunu tələb edir. Bəzi müttəfiqlərimizin hərəkətlərini, xüsusilə PKK terror təşkilatının Suriyadakı qolu PYD/YPG ilə qurduğu müəmmalı əlaqələri qəbul etməyimiz mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammitindən sonra mətbuata açıqlamasında bildirib.
Türkiyənin 2026-cı ildə NATO Zirvə görüşünə ev sahibliyinə dair açıqlama verən Prezident Ərdoğan tədbirin hansı şəhərdə təşkilinə dair qərarın hələ dəqiqləşmədiyini, lakin böyük ehtimalla İstanbulda keçiriləcəyini deyib: “Bu tədbir İstanbula yaraşır. Sammiti İstanbulda keçirib NATO ilə birlikdə dünyanı salamlayacağıq”.
Bölgədə baş verən qarşıdurmalara diqqət çəkən Türkiyə Prezidenti bu münaqişələrin təkcə tərəflərin deyil, bütün regionun təhlükəsizliyinə xələl yetirdiyini, əhatəli və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıb. “NATO-nun Rusiya-Ukrayna qarşıdurmasında tərəf olmasına əsla yol verilməməsinin vacibliyinə dair fikirlərimi açıq şəkildə bildirdim. İsrail-Fələstin münaqişəsində beynəlxalq ictimaiyyətin məsul üzvlərinin 1967-ci il sərhədlərinə əsaslanan iki dövlətli həll üçün birləşməsi vacibdir”-deyə Prezident Ərdoğan bildirib.
Amerika Prezidenti Co Baydenlə ABŞ-dan Türkiyəyə tədarükü gözlənilən “F-16” qırıcıları ilə bağlı danışdıqlarını deyən Ərdoğan bildirib ki, gedişat danışığa uyğun davam edəcəyi təqdirdə bu məsələnin 3-4 həftə ərzində həll olunması gözlənilir.
Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü haqqında danışan Prezident Ərdoğan deyib ki, Türkiyənin məqsədi bu təşkilata müşahidəçi deyil, daimi üzv olmaqdır: “Türkiyə artıq Şanxay beşliyinə daimi üzv kimi qoşulmalıdır”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]