MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tahir Mirkişili: “Xarici valyutada kredit götürənlərə yardım edilməlidir”- MÜSAHİBƏ

Tahir müəllim, Almaniyadan yeni qayıtmısınız, Berlində olduğunuz müddətdə Almaniya Bundestaqı qondarma erməni soyqırımının tanınması barədə qətnamə qəbul elədi. 5 günlük səfər zamanı alman cəmiyyətinin bu qətnamə ilə bağlı mövqeyini müşahidə etmək imkanınız oldumu?

– Mən ATƏT-in Berlində 30-dan çox ölkənin 100-dən artıq nümayəndəsinin iştirakı ilə “Davranış Kodeksi” üzrə ATƏT-in geniş konfransı: Təhlükəsizlik sektoruna Parlament nəzarəti və təftişi” mövzusunda təşkil etdiyi geniş tədbirdə iştirak edirdim. Bu ərəfədə Almaniya Bundestaqı qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etdi. Həmin gün tədbirdə iştirak edən alman deputatları ilə söhbət zamanı bəlli oldu ki, “erməni soyqırımı” ifadəsindən başqa heç nədən xəbərləri yoxdur… Belə bir təəsürat yarandı ki, həmin ədalətsiz və haqsız qətnamənin qəbul edilməsi siyasi sifarişin nəticəsi olub. Ümumən isə alman deputatlarının əksəriyyəti bölgədəki reallıqları, erməni uydurmalarını və onların işğqlçı siyasətinin mahiyyətini əsasən anlayırlar.

* Almaniyada qəbul edilən məlum qətnamədə kilsənin rolundan danışılırdı. Siz bu rolu necə dəyərləndirirsiniz?

– Mən bu məsələnin dinlər arasındakı mübarizə elementi kimi qələmə verilməsinin tam əleyhinəyəm. Bu mövqe sırf erməni mövqeyidir. Bütün dünyaya öz işğalçı siyasətlərini ört-basdır etmək üçün baş verənlərə dini don geydirməyə çalışırlar. Ama hər kəs bunu anlayır ki, bu sırf siyasi bir addımdır, daha gələcəyə hesablanıb. Təbii olaraq Türkiyə üçün heç bir hüquqi və mənəvi dəyəri olmayan bir qətnamə hesab edilməlidir.

* Tez-tez Azərbaycan cəmiyyətində Almaniyanın ATƏT-in Minsk Qrupuna daxil edilməsi istiqamətində fikirlər səslənir. Belə yanaşmalar var ki, bu qətnamənin qəbulu Türkiyə ilə münasibətləri gərginləşdirməklə yanaşı, bizim Qarabağ münaqişəsinin həllində Almaniyadan gözləntlərimizə də kölgə saldı. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

– Bilirsiz ki, bu il ATƏT-ə Almaniya sədrlik edir. Mənim müşahidələrim bundan ibarətdir ki, bütün instansiyalarda almanlar aktivlik edərək məsələləri daha fəal müzakirə etməyə çalışırlar. Əsasən də bütün tədbir və görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur. Deyə bilərəm ki, Almaniya əsasən Azərbaycanın haqlı və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini dəstəkləyir. Həm hökumət, həm də parlament sahəsində konstruktiv mövqe daha çox sezilir. Əslində bizim bütün dövlətlərdən gözləntilərimiz odur ki, onlar özlərinin yaratdığı və qəbul etdikləri beynəlxalq hüquq norma və prinsiplərinə hörmət etsinlər, işğalçıya təzyiq göstərsinlər. Bunu etməzlərlərsə, beynəlxaq təhlükəsizlik sistemi ciddi şəkildə pozulacaq (bunu artıq müşahidə edirik) və nəticələr bütün dünyanı təhdid edəcək.

* İyulda Tiflisdə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək. Azərbaycanın ATƏT PA-da nümayəndə heyəti Ermənistanın son zamanlar cəbhə xəttində təxribatları ilə bağlı xüsusi məsələ qaldırmağı düşünürmü?

– Nümayəndə heyətimiz bu sessiyaya üçün ciddi hazırlıqlar içərisindədir. Ermənistanın son zamanlar həm parlament, həm də hökumət üzvləri səviyyəsində Azərbaycanın atom bombası, çirkli bombalar ilə hədələməsi, artıq belə bir bombanın Tərtər rayonu ərazisinə atılması, beynəlxalq təşkilatlara yalan informasiya yayması və digər məsələləri hər bir müzakirədə qaldıracağıq. Bunların qarşısının alınması üçün müvafiq mexanizmlərin işlənib-hazırlanmasını tələb etməyi planlaşdırırıq. Bütün bunların səbəbini biz hər zaman işğal faktında görürük və bu faktın aradan qaldırılmasına nail olmaq üçün bütün qüvvələrimizi səfərbər edəcəyik.

* Təmsil olunduğunuz İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sahibkarlığın inkişafı, eləcə də problemli kreditlərlə bağlı təşəbbüslərlə çıxış edir. Sizin şəxsi qənaətinizi bilmək istərdik, bu istiqamətlərdə hansı addımlar problemlərin həllini sürətəndirə bilər?

– Problemli kreditlərlə bağlı zaman-zaman parlamendə millət vəkilləri müxtəlif məsələlər qaldırıblar, təşəbbüslərlə çıxış ediblər. Hesab edirəm bu məsələ hər kəsin diqqətindədir. Problemin həcmi də getdikcə böyüməkdədir. Bunu obyektiv və subyektiv səbəbləri var. Hesab edirəm ki, məsələnin həlli üçün müəyyən həddə qədər xarici valyutada istehlak krediti götürən əhaliyə yardım edilməlidir. Ancaq fikir ayrılığı bu yardımın mənbəyi ilə bağlıdır. Mən düşünürəm ki, ilk addım olaraq yardım bankların özləri tərəfindən edilməlidir. Uzun vədədə, məsələ uzandıqca ən çox itirən də məhz banklardır. Bəlkə də bu məsələ ilin əvvəlində banklar tərəfindən kompromis əsasında həll olunsaydı banklar öz kredit portfellərini daha da sağlamlaşdıra bilərdilər. Digər tərəfdən hesab edirəm ki, növbəti addım kimi banklara bu məsələdə müxtəlif formada (vergi güzəşləri, ucuz maliyyə vəsaitləri və s) dövlət dəstəyi də göstərilə bilər.

Tahir Mirkişili: "Xarici valyutada kredit götürənlərə yardım edilməlidir"- MÜSAHİBƏ

* Uzun müddət İKT sahəsində fəaliyyət göstərmisiniz. Sosial şəbəkələrdə zaman-zaman bu sahə ilə bağlı fikirlərinizi bölüşürsünüz. Azərbaycanda İKT-nin inkişafı üçün hansı işlərin görülməsini vacib sayırsınız?

– Hazırda ölkəmizdə Prezidentin iradəsi ilə ciddi iqtisadi və struktur islahatları aparılır. Əsas məqsəd dayanıqlı iqtisadi inkişafa nail olmaq, qeyri-neft sektorunun xüsusi payını artırmaq və inkluziv iqtisadi artıma nail olmaqdır. Məhz bu məqsədlərə nail olmaq üçün ən effektiv vasitələrdən biri bütün sahələrdə İKT-nin tətbiqi ola bilər. Həm nəzarət sistemini yaradılması, həm məhsulların texnoloji tərkibinin artırılması sonda rəqabətdə qalib gəlməyə imkan verəcək.

Azərbaycanda İKT-nin inkişafı və tətbiq dairələri də müasir dünyanın çağırışlarına uzlaşmalıdır. İnnovativ sahibkarlığın, start-apların, yenilikçi fikirlərin geniş yayılmasına böyük ehtiyac var. Onlayn xidmətlərin, elektron ticarətin, kiber-təhlükəsizliyin, elektron bürokratiyanın genişləndirilməsi prioritet sahələrdəndir. Azərbaycan artıq dünya iqtisadiyyatının inkluziv inkişafında öz yeri olan ölkələrdəndir və İKT- nin də inkişaf istiqamətləri buna uyğunlaşdırılmalıdır.

* Sizcə, süni zəka insanlığın gələcəyinini necə şəkilləndirəcək?

– Süni zəka layihələrin 1980-ci illərin sonundan başlayaraq aktiv olaraq işlənməyə başlanıb. Sosial şəbəkərin inkişafı ilə süni zəkanın formalaşmasının final mərhələsinə qədəm qoymaqdayıq. Bu özü tamamilə yeni reallıqlar və çağırışlar yaradacaq. İlkin olaraq orta sinfin məhv edilməsinə yönələcək hadisələr insanları inkişafda və fiziki işlərdə rol dəyişdirməyə məcbur edəcək. Fikrimcə, süni zəkanın inkişafı xidmət, nəqliyyat, istehsal sahələrində insan əməyini sıxışdırmaqla insanları daha intellektual işlərlə məşğul olmağa sövq edəcək. Buna görə yeni dünyanın əsas tələbat sahələri sürətli təkrar təhsil, intellktual inkişaf, yeni idarəetmə modeli olacaq.

* Tahir müəllim, yeni yaşınızı deputat statusunda qeyd edirsiniz. Əvvəlki ad günləri ilə müqayisədə hansı fərqlər hiss edirsiniz? Parlamentə nə qədəruyğunlaşa bilmisiniz?

– Əslində, fikrimcə, yaş bir bioloji hissdir, bunun statusla bağlılığı yoxdur. Hər bir yaşın öz gözəlliyi və öz vəzifələri var. Təbii ki, deputat statusu həm də daha çox məsuliyyətin və iş həcminin artması ilə xarakterizə olunur. Hansı sahədə çalışmaqdan asılı olmayaraq işə məsuliyyətlə, çalışqanlıqla və sevgi ilə yanaşmaq uğurlu nəticəyə çatmağın tək yoludur. Mən parlamentin bir çox üzvlərini əvvəlcədən tanıyırdım, birgə müzakirələrdə iştirak etmişdim, dostluq münasibətlərinə sahib olmuşuq. Ona görə ilk gündən parlamentin, üzv olduğumuz komitələrin iclaslarında aktiv iştirak edərək öz bilik və təcrübələrimizi qanun layihələrinə gətirməyə çalışır və eyni zamanda daha təcrübəli həmkarlarımızdan öyrənməyə çalışırıq. Bu ənənə, məncə, çox faydalıdır. tezis.az

 

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: