Sumqayıtda Ümummilli Liderin 100 illiyinə həsr olunan kross yarışına yekun vurulub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıtda Ümummilli Liderin 100 illiyinə həsr olunan kross yarışına yekun vurulub

Sumqayıt, 8 may, Ətrabə Rzayeva, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sumqayıt bulvarı ərazisində təşkil olunan üç günlük kross yarışına yekun vurulub. SOCAR “Azərikimya” İstehsalat Birliyinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışın qalibləri mayın 8-də mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, yarışa Sumqayıtda yerləşən idarə, müəssisə və təşkilatların əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak qatılıb.

Mükafatlandırma tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, “Etilen-polietilen” zavodunun direktoru Oqtay Niftəliyev və “Azərikimya” İB Həmkarlar İttifaqı Komitəsinin sədri Aydın Xəlilov qalibləri təbrik edərək, Ulu Öndərin nəsillərə örnək ömür yolundan bəhs edib, Azərbaycan dövləti və dövlətçiliyi üçün gördüyü işləri, göstərdiyi misilsiz xidmətləri dilə gətiriblər.

Sonra qaliblər təltif edilib. Bildirilib ki, böyük ruh yüksəkliyi ilə keçən və təxminən 200 nəfərin iştirak etdiyi idman yarışında kişilər arasında yüksək əzmkarlıq nümayiş etdirən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin əməkdaşı Şahin Səfixanov finişə birinci çatıb. “SOCAR-Polymer” MMC-nin işçisi Samir Cavadov və Sumqayıt Dövlət Universitetinin tələbəsi İsmət Əzimzadə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Qadınlar arasında isə YAP Sumqayıt şəhər təşkilatının nümayəndəsi Tünzalə Süleymanova turnirin birincisi olub. Sumqayıt Dövlət Universitetinin tələbələri Zeynəb Quliyeva və Nəzrin Həsənova isə ikinci və üçüncü yerlərlə kifayətləniblər.

Qaliblərə “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom, mükafatlar və medallar təqdim olunub.

Turnirin qalibləri ilə bərabər fərqlənən digər iştirakçılar da diplomlarla təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top