Srebrenitsa soyqırımına görə indiyədək 4-ü ömürlük, 45 nəfər isə 699 il müddətinə həbs cəzasına məhkum olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Srebrenitsa soyqırımına görə indiyədək 4-ü ömürlük, 45 nəfər isə 699 il müddətinə həbs cəzasına məhkum olunub

Sarayevo, 9 iyul, AZƏRTAC

Bosniya və Herseqovinanın qərbindəki Srebrenitsa şəhərində və ətraf bölgələrdə 1995-ci ildə törədilmiş soyqırımında minlərlə dinc bosniyalının ölümünə görə məsuliyyət daşıyan serb millətçilərinin bu vaxtadək 4-ü ömürlük, 45-i isə müxtəlif illər üzrə həbs cəzasına məhkum edilib.

AZƏRTAC xəbər verir ki, bu günə qədər müxtəlif məhkəmələrdə baxılan Srebrenitsa ilə bağlı məhkəmə işlərində 45 serb ümumilikdə 699 il həbs cəzasına məhkum olunub.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçi soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib və o, soyqırımı və müharibə cinayətlərinə görə 2017-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. “Bosniya qəssabı” ləqəbli Mladiçin ömürlük həbs cəzası 2021-ci il iyunun 8-də keçirilən apellyasiya məhkəməsində təsdiqlənib.

Bosniya serbləri ordusunun lideri olan Radovan Karadziç isə Srebrenitsa soyqırımı da daxil olmaqla bir çox cinayətlərə görə 40 il, daha sonra keçirilən apellyasiya şikayətində ömürlük həbs cəzasına məhkum edilib. Keçmiş serb məmurları Lyubişa Beara və Vujadin Popoviç də ömürlük həbs cəzasına məhkum olunub.

Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç Srebrenitsadakı soyqırımına görə günahlandırılsa da, məhkəmə prosesi davam edərkən həbsxanada vəfat edib.

1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8372 bosniyalı vəhşicəsinə qətlə yetirilib, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib. BMT Baş Assambleyası isə cari il mayın 23-də keçirilən sessiyada iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.

Soyqırımı zamanı mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Daha 250 soyqırımı qurbanının nəşi isə ailələrinin istəyi ilə yerli qəbiristanlıqlarda basdırılıb.

Srebrenitsa soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb. Soyqırımı qurbanlarının sümükləri tapılan və şəxsiyyəti müəyyən edilənlərin cəsədləri 77-si kütləvi məzarlıq olmaqla 150 müxtəlif yerdən çıxarılıb.

Bu il keçiriləcək soyqırımının 29-cu ildönümündə kimliyi müəyyən edilən və ailələri tərəfindən təsdiqlənən daha 14 nəfər Potoçari Memorial Qəbiristanlığında dəfn ediləcək. Artıq həmin soyqırımı qurbanları üçün məzar yerləri hazırlanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top