
SOCAR-da Çin nümayəndə heyəti ilə görüş keçirilmişdir
Mayın 31-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Milli Neft Korporasiyasının (CNPC) İdarə Heyətinin üzvü Vang Şi Honqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.Qonaqları səmimi salamlayan SOCAR prezidenti Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bir çox sahələrdə faydalı əməkdaşlığın qurulduğunu vurğulamış, Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında, xüsusilə də enerji sektorunda iştirakının dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə olduğunu bildirmişdir. Rövnəq Abdullayev SOCAR və CNPC arasında uzunmüddətli əməkdaşlığın mövcudluğunu nəzərə çatdıraraq, Çin şirkətinin ilk dəfə belə böyük nümayəndə heyəti ilə SOCAR-da olmasını yüksək qiymətləndirmişdir. O, SOCAR və CNPC-nin birgə layihələrinin uğurla həyata keçirildiyini, iki şirkət arasında yaradılmış birgə müəssisənin səmərəli fəaliyyət göstərdiyini qeyd etmişdir.
Azərbaycana səfərlərindən məmnun olduğunu bildirən Çin nümayəndə heyətinin başçısı səmimi qəbul üçün SOCAR prezidentinə təşəkkür etmiş, bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əmin olduğunu söyləmişdir. Qonaq SOCAR-la münasibətlərin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə çalışdıqlarını bildirmiş, SOCAR-ın həyata keçirdiyi geniş spektrli layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulamışdır. O, Çində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının yaxından izlənildiyini söyləmiş, fondların və ixrac-idxal bankının ölkəmizə, xüsusilə enerji sektoruna böyük maraq göstərdiklərini diqqətə çatdırmışdır.
Azərbaycanda əlverişli və təhlükəsiz investisiya mühitinin olduğunu qeyd edən Rövnəq Abdullayev CNPC şirkətinin nümayəndələrinə hazırda SOCAR tərəfindən reallaşdırılan regional və qlobal əhəmiyyətli enerji layihələrinin uğurları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin perspektivləri barədə ətraflı məlumat vermişdir. Görüşdə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi ilə bağlı qısa təqdimat keçirilmişdir. Sonda qonaq CNPC şirkətinin prezidentinin məktubunu Rövnəq Abdullayevə çatdırmış, onu təmsil etdiyi şirkətin rəhbərliyi adından Çin Xalq Respublikasına səfərə dəvət etmişdir.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]