Seymur Adıgözəlov: “Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Seymur Adıgözəlov: “Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir”

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir”. 

Bunu Oxu.Az-a müsahibəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov deyib.

Onunla müsahibəni təqdim edirik:

Seymur müəllim, məlum olduğu kimi bu gün “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasından 2 il ötür. Bu 2 il ərzində Sənaye Parkında hansı işlər görülüb?

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infrastrukturun yaradılması sürətlə davam etdirilir.

Məlumat üçün bildirim ki, Dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunun Soltanlı kəndində 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının da müəyyən edilmiş prioritet istiqamətləri var. Belə ki, Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Qeyd edim ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılarkən işlərin icrası mərhələli şəkildə yerinə yetirilir və ilk olaraq Minatəmizləmə Agentliyi tərəfindən operativ şəkildə ərazinin minalardan, hərbi sursatlardan təmizlənməsi işləri həyata keçirildi, parkın ərazisi tam olaraq təmizləndi. Daha sonra ərazidə topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırıldı. İşçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə Sənaye Parkında mobil şəhərciyin salınması işlərinə başlanıldı və işlər artıq sona çatıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, camaşırxana, bərbərxana, nəzarət-buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Sənaye parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Bundan başqa “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda rezidentlər üçün infrastrukturun qurulması istiqamətində işlər aparılır. İnzibati binanın tikintisi davam etdirilir.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarların cəlbi üçün hansı investisiya imkanları təklif edilir?

Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və əks istiqamətə, eləcə də, Rusiyaya yüklərin daşınmasına imkan verəcək.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da ölkədə mövcud digər sənaye parklarında olduğu kimi sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, sənaye parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Eyni zamanda qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Həmçinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün car ilin bir yanvar tarixindən etibarən əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il beş gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur.

Eyni zamanda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.

Hazırda Sənaye Parkının neçə rezidenti var, nə qədər investisiyanın yatırılması və iş yerinin yaradılması nəzərdə tutulur?

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda beş rezidenti və bir qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq sənaye parkına 32,6 milyon manat investisiyanın yatırılması, 420-dən çox iş yerinin yaradılması planlaşdırılır.

Sənaye parkında hazırda bir müəssisə fəaliyyət göstərir. Belə ki, cari ilin iyun ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər. Digər rezidentlər tərəfindən hazırda Sənaye Parkında tikinti-quraşdırma işləri aparılır. Bir neçə müəssisənin də 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır. Rezidentlər tərəfindən indiyədək sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ilə bağlı gələcək planlar nələrdən ibarətdir?

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarların marağı böyükdür. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən beş layihəyə baxılır.

Göründüyü kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında reallaşdırılacaq layihələr işğaldan azad edilmiş ərazilərin sənaye potensialının inkişaf etdirilməsinə, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, yerli istehsalın inkişafına böyük təkan verəcək.

Bir daha iş adamlarını “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mövcud investisiya imkanlarından yararlanmağa və öz layihələrini reallaşdırmağa dəvət edirəm.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top