“Şagirdə zəng edirsən, atası deyir, qızıma elçi gələcək, nömrəni sil” - “KASPİ”nin MÜSAHİBƏSİ + FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Şagirdə zəng edirsən, atası deyir, qızıma elçi gələcək, nömrəni sil” – “KASPİ”nin MÜSAHİBƏSİ + FOTO

Niderlandda müəllim işləyən azərbaycanlı Rasim Mollayev: “Dərs keçən vaxt özümü konsertdə müğənni kimi hiss edirəm. Təsəvvür edin, sinifdə qarşında ən az 20 nəfər tələbə səni dinləyir və çıxış edirsən. Elə performans göstərməliyəm ki, o şagirdlərin yadından uzun müddət çıxmasın”.

Əzmkarlığı, iddiası, özünəgüvəni onu daim irəli aparıb. İşə qəbul üçün göndərdiyi elanlardan 191 dəfə rədd cavabı alsa da, yolundan dönməyib. Nəhayət, tələbə vaxtı qarşısına qoyduğu məqsədinə çatıb və karyerasını arzuladığı mühitdə davam etdirib. Hətta 191 dəfə rədd cavabı aldığı ölkədə rəhbər vəzifəyə qədər yüksəlib.

Kaspi” qəzetinin müsahibi Niderlandda Haaqa Tətbiqi Elmlər Universitetində Beynəlxalq biznes proqramında müəllim işləyən azərbaycanlı Rasim Mollayevdir. Həmsöhbətimiz həm də Beynəlxalq biznes fakültəsinin birinci kurslarının və həmin universitetdə İnformasiyanın idarə olunması fənninin elmi metodik rəhbəridir. 

Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini ADA Universitetində İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi ixtisası üzrə davam etdirib. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi üzrə magistr təhsili alıb. Daha sonra təhsil aldığı universitetlərdə və özəl kurslarda müəllim kimi çalışıb. 

“Uşaqların həyatlarını dəyişdiyimi fərq etdim”

– Rasim bəy, ilk müəllimlik təcrübəniz 1-ci kursda olub. Müəllim olmağa o zaman qərar verdiniz, yoxsa əvvəldən planınızda var idi?

–  Əvvəldən planlaşdırmamışdım. Hətta uşaq vaxtı deyirdim ki, yaxşı ki, 3-cü qrupu seçməmişəm, yoxsa müəllim olardım. Birinci kursda oxuyanda ADA ilə Təhsil Nazirliyinin layihəsi var idi. Professor Fuad Hacıyev İT üzrə bilikləri artırmaq və şagirdlərdə İT-yə maraq yaratmaq üçün bizi məktəblərə göndərirdi. Öyrəndiklərimizi şagirdlərə öyrədirdik. Yadımdadır, ilk dərsdə sinifdə 3-4 şagird var idi. İkinci dərsdə isə artıq 20 şagirdə müəllimlik edirdim. Bu peşəyə maraq da məhz o zaman yarandı. Çünki orada bir neçə şagird var idi ki, dərslərimdən sonra informatika olimpiadalarında yer tutdu. Digər şagirdim isə dedi ki, “Tam başqa sahədə təhsil almağı planlaşdırırdım, indi İT təhsili almaq istəyirəm”. Uşaqların həyatlarını dəyişdiyimi fərq etdim. Bu, müəllim sənətini sevməyə kifayət edirdi.

– Bu peşə ilə insanların həyatına toxuna bilmək cəlbedici idi?

– Bəli. Şagirdin yadında qalmaq, gələcək həyatında ona müsbət mənada təsir edə bilmək cəlbedicidir. Bəlkə də eqoist səslənir, amma bu, mənə motivasiya verirdi. Mən dərs keçən vaxt özümü konsertdə müğənni kimi hiss edirəm. Təsəvvür edin, sinifdə qarşında ən az 20 nəfər tələbə səni dinləyir və çıxış edirsən. Elə performans göstərməliyəm ki, o şagirdlərin yadından uzun müddət çıxmasın. Hər detala fikir verirəm ki, tələbələr dərsi “vao” hissi ilə bitirsinlər.

“Bu ixtisasa sevərək gələnlər azdır”

– Sənətinizin vurğunusunuz. Bir neçə il bundan öncəyə qədər müəllimlik sənətinin əhəmiyyəti dərk edilmir, daha az bal topladıqları, yaxud “qız sənəti” kimi düşündükləri üçün bu sahəyə üz tuturdular. Nə üçün bu peşəyə sevərək yiyələnənlər azdır?

– Təəssüf ki, müəllimliklə bağlı belə fikirlər mövcuddur. Amma hazırda bu peşənin prestijini artırmaq üçün modellər tətbiq edilir. Məsələn, Pedaqoji Universitetlə Amerikanın Corc Vaşinqton Universitetinin birlikdə layihəsi var. Yəni orada təhsil alan müəllimlər iki diploma sahib ola bilirlər. Qazaxda Müəllimlər Seminariyası açıldı. Dövlət müəllimliyin prestijini qaldırmaq üçün maksimum dərəcədə çalışır. Lakin insanların düşüncəsində bunu dəyişmək vaxt aparır. “Qadınsansa, müəllim olmalısan” kimi stereotiplərimiz hələ də var. Bu ixtisasa sevərək gələnlər azdır, çünki orta məktəblərdə gördükləri bu sənətə dırnaqarası baxdırır. Səbəb odur ki, məktəblərin də əksəriyyətində sevərək, sənətini layiqincə təmsil edənlər azdır. Mən məktəbdən universitetə gələndə, sanki başqa dünyaya düşmüşdüm. Müəllimlər tam fərqli idi. Düzdür, orta məktəbdə də çox yaxşı müəllimlərim olub, amma bu rəqəm az idi. Belə müəllimlər çox olsa, bu peşəyə də sevgi, maraq çoxalacaq. Əgər şagird 9-cu sinifdən sonra repetitor yanına gedir, məktəbə gəlmək istəmirsə, bu peşənin əhəmiyyətini necə dərk etsin?

“Müəllimi menecer kimi düşünə bilərik”

– Bəs sizcə, əsl müəllimlik nədir? Müəllimdə hansı keyfiyyətlər mütləq olmalıdır? 

– Məncə, müəllimi menecer kimi düşünə bilərik. Sinfində olan tələbələri isə onun işçiləridir. Müəllim şagirdlərin qarşısına “Bu gün bunları etməlisən” kimi şərtlər qoysa, bu, müdirlikdir. Bu işi görmək üçün motivasiya verib, onda inam yaratsa, bu, liderlikdir. Müəllim müdir yox, lider olmalıdır. Müəllimdə olan keyfiyyətlərə gəldikdə isə, ən əsası həssas olmalıdır. Yəni siz şagirdin nə düşündüyünü anlamalısınız. Həssas olmayan insan müəllim ola bilməz. Həmçinin, empatiya hissin olmalıdır. Türk professor deyir ki, tələbənin, yaxud şagirdin ürəyinə girmədən beyninə girmək mümkün deyil. Əgər o, sizi sevmirsə, dərsdə oturacaq və sizi dinləməyəcək. Fənni sevsə belə, sizi sevmirsə, öyrənə bilməyəcək. Əsl müəllim tələbələrə özünü sevdirməyi bacarmalıdır. Dərs demək üçün lazım olan digər nüansları öyrənmək mümkündür. Çox adam deyir ki, müəllim mütləq tədris etdiyi sahənin alimi olmalıdır. Xeyr. Həssaslıq və empatiya müəllimin alim olmasından önəmlidir. Həmin ilin proqramını bilməsi kifayətdir. Məktəb müəllimi professor deyil. Professor universitetdə olur. Anatomiya dərsi deyirsə, o demək deyil ki, bu adam həyatını Tibb Universitetində laboratoriyalarda keçirib. O, sadəcə universitetdə biologiyanı öyrənib. Amma sənə fənni sevdirməklə araşdırmağa həvəs yarada bilər. Yəni, müəllim də nəyisə bilməyə, öyrənə bilər. Amma bəzi xüsusiyyətlər var ki, onlar çox vacibdir və üzərində işlənilməlidir.

“Heç bir müəllimin buna haqqı yoxdur”

– Şagird olduğunuz dövrlərdə müəllimlərinizin hansı xüsusiyyəti var ki, onu bu gün tətbiq edirsiniz, yaxud hansını heç vaxt tətbiq etməzsiniz?

– Yuxarıda saydığım nüanslar həyat tərzimə çevrilib. Dərsə başlayanda düşünürəm ki, ən azından tələbələrin 80 faizi məni sevməlidir. Heç vaxt etməyəcəyim məsələyə gəldikdə isə, son vaxtlar sosial mediada qarşıma müəllim-şagird konfliktləri çıxır. Söyüş, şiddət – videolarda hər şey var. Sözsüz ki, bunu da araşdırsaq, görərik ki, tələbə müəllimi sevmir və dərsi pozmaq üçün əlindən gələn edir. Digər tərəfdən, Azərbaycanda müəllimlər və valideynlər arasında sovet dövründən qalan bəzi xüsusiyyətlər var. Onlardan ən çox yayılanı “Müəllim şagirdi döyə bilər” kimi fikirlərdir. Bununla razı deyiləm. Tələbənin, yaxud şagirdin yoldaşlarının yanında istər dərslə, istərsə də davranışla bağlı ayağa qaldırılıb, utanc obyektinə çevrilməsini heç vaxt etmərəm. Xoşbəxtlikdən şagird olanda başıma gəlməyib, amma sinif yoldaşlarımda görmüşəm. Təbii ki, şagirdlərlə problemi həll etmənin alternativ yolları var. Dərsdən sonra həmin uşaqla tək qalırsınız və fərdi olaraq danışırsınız. Problemin nə olduğu, ona necə kömək edəcəyinizlə maraqlanırsınız. Camaatın içində uşağı çıxarıb alçaltmaq düzgün deyil. Sizin qarşınızdakı böyüyən şəxsiyyətdir. Heç bir müəllimin şagirdin psixologiyasını korlamağa haqqı yoxdur. Əminəm ki, Azərbaycanda dövlət məktəblərində təhsil alanların 99 faizi bununla rastlaşıb.  

– Rasim bəy, nə üçün Niderlanda getməyə qərar verdiniz?

– Müəllimlərimin əksəriyyətinin Niderlandda ya magistr, ya doktorantura təhsili var idi. Buranın universitetləri dünyanın top universitetləri sırasındadır. Çalışdığım yer reputasiyasına görə ən ideal universitetlərdən biridir. Tələbə vaxtı Niderlandı görüb, sevmişdim. O zaman qərar verdim ki, buraya mütləq gələcəyəm. Azərbaycanda müəllim üçün nə lazımdırsa, bütün pillələrdə işlədim. Növbəti pillə Niderland idi. Hazırda buradakı təcrübəni öyrənirəm. 

“Problemimiz özümüzü kəşf etməməkdir”

– Bəzi insanlar düşünürlər ki, inkişaf etmiş ölkələrdə olan tələbələr öyrənməyə daha çox meyillidirlər. Niderland tələbələri ilə azərbaycanlı tələbələrin fərqi nədir?

– Bizim tələbələr çalışqanlıq baxımından buradakı tələbələrlə eyni, hətta bir çox hallarda üstündürlər. Tək fərq odur ki, burada olan tələbələr seçimlərini istəyərək və sevərək ediblər. Burada davamiyyət anlayışı yoxdur. Siz Azərbaycanda universitetdə bunun olmamağını təsəvvür edirsiniz? Heç kim dərsə gəlməyəcək. Burada isə, əksinə, sinfimdə oturmağa yer olmur, əlavə stul gətirirlər. Çünki tələbələr nəyi nə üçün seçdiklərini bilirlər. Bunun üçün də öz peşələrində uğurlu olurlar. Nə bacarığımızda problem var, nə ağlımızda, nə də dünyagörüşümüzdə. ABŞ-də ölkələrini xəritədə göstərə bilməyən tələbələr var. Bizim tələbələr, hətta bağçada uşaqlar belə, ABŞ-ni də göstərir, ətrafındakı adaları da. Bizim problemimiz özümüzü kəşf etməməkdir. Gələcəyi arzulamaq anlayışımız da yoxdur. Əksəriyyətinin məqsədi hansı ixtisasın olmasından fərqli olmayaraq diplom almaqdır.

– Nə üçün belədir? 

– Biz peşə seçimini 17 yaşında edirik. Düşünürəm ki, bu yaşda düzgün qərar vermək mümkün deyil. Çünki insan hələ özünü tanımır. Problem odur ki, biz dəyişiklik etməkdə də çətinlik çəkirik. Məsələn, özümüzü burada tapmırıqsa, dəyişmir, qismət deyib razılaşırıq. Öyrənməyin yaşı yoxdur. Niderlandda elə vaxt olub ki, müəllim olaraq auditoriyada ən gənci mən olmuşam. Onlar bakalavr oxumağa 35 yaşda gəliblər. İkinci məsələ, valideyn müdaxiləsidir. Mən kursda işləyəndə, şagirdlərə bacarıqlar, imtahanlarla bağlı zəng edir, onları seminarlara dəvət edirdik. Ana olurdu ki, telefonda mənə deyirdi ki, “Qızım keydir, o heç nə öyrənə bilməz, məni yormayın”. Valideynin öz övladına inamı yoxdursa, bunu dəyişmək çətindir. Ata olub ki, sınaq nəticələrini bildirmək üçün zəng etmişik, deyib ki, “Sən kimsən qızıma zəng edirsən, nömrəsini sil, qızıma sabah-biri gün elçi gələcək, nə kurs?” Savadlılıq cəhətdən qonşuluqdakı bütün ölkələrdən üstünük, amma stereotiplər bizə inkişaf etməyə imkan vermir. Ailələr uşaqlarının yerinə qərar verir, onlara inanmır və başqa istiqamətlərə yönəldirlər. Bəzi uşaqlar isə şanslı ailələrdə doğulublar və nəticələri də göz qabağındadır. 

“Tələbə də müəllimi öyrənməyə məcbur edir”

– Rasim bəy, müəllimlik fəaliyyətinizdə daim öyrətmisiniz. Bəs tələbələrinizdən nə öyrənmisiniz? 

– Zaman keçdikcə, müəllimlik anlayışı dəyişir. Bəzi insanlar düşünür ki, bir semestrdə 15 mövzu var, müəllim əzbərləyir, öyrədir və bu, çox asandır. İndi tələbəyə 15 mövzu verməyə ehtiyac yoxdur. Çünki artıq o mövzuların hər növünü internetdə tapmaq mümkündür. Müəllimin əsas vəzifəsi bunu tələbəyə çatdırmaqdır. Hər tələbə yeni təcrübədir. Siz kiməsə 2+2-nin 4 etdiyini izah edirsiniz, amma digəri anlamır. Ona da fərqli yolla izah etməlisiniz. Yaxud başqa tələbə deyir ki, mən 4 olması ilə razı deyiləm, sübut et. Bunun üçün daha çox araşdırırsan ki, isbat edəsən. Tələbə də müəllimi öyrənməyə məcbur edir. Mən bütün tələbələrimdən öyrənmişəm. Dəfələrlə olub ki, verdikləri suala cavab vermək üçün çox uzun araşdırmalar etmişəm. Elə tələbə olub ki, ailəsi ilə bağlı çətin anlardan keçib, həmin vaxt psixoloqluq etməyə çalışmışam. Bəzilərinə öyrətməyin fərqli yolunu kəşf etmişəm. Bu müddətdə daim özüm də öyrənmişəm.

– Sizin haqqınızda həmişə iddialı uşaq olub deyirlər. Bu xarakteriniz karyeranızda tramplin olubmu?

– Əgər nəyisə istəyirəmsə, onu əldə etmək üçün çox çalışıram. Alınmasa belə, vicdanım rahat olur ki, çalışdım, alınmadı. Valideynlərim deyir ki, 3 yaşımda Füzulinin “məni candan usandırdı” qəzəlini əvvəldən axıra kimi deyirdim. Tez danışmaq, öyrənməyə çalışmaq, özümü sübut etmək iddialı olmaqdan irəli gəlib. Məsələn, 1-ci kursda dedim ki, Niderlanda köçməliyəm və müəllim olmalıyam. Bura gəlməyi o qədər beynimə qoymuşdum ki, indi maillərimə baxıram, 1 il ərzində 191 dəfə rədd cavabı almışam. Bu, məni yolumdan döndərmədi. İndi isə burada tək müəllim deyiləm. 1 il ərzində beynəlxalq biznes fakültəsinin birinci kurslarının rəhbəri, informasiyanın idarə olunması dərsinin də elmi, metodik rəhbəri olmağa nail oldum. Ona görə deyirəm ki, Azərbaycan insanı çox fərqlidir. Gördüyümüz çətinliklər bizi əzmkar olmağa öyrədib. Bizim insanımız daha çox uğur qazanmağa meyillidir. Yəni bizə bir qapı açıldısa, digərlərini özümüz aça-aça gedirik. Niderlandda və demək olar dünyanın bütün inkişaf etmiş ölkələrində hər universitetdə, hər top şirkətdə ən azı bir azərbaycanlı işləyir. Bu, bizim xalqın necə savadlı, hər yerdə uğur qazanan olmasının sübutudur. 

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top